Slimfit
  1. TARİX

İsa Həbibbəyli - Mollanəsrəddinçilik təlimi və müasirlik

İsa Həbibbəyli - Mollanəsrəddinçilik təlimi və müasirlik
Sakura

İsa Həbibbəyli - Mollanəsrəddinçilik təlimi və müasirlik

Sizi deyib gəlmişəm, ey mənim müsəlman qardaşlarım! O kəsləri deyib gəlmişəm ki, mənim söhbətimi xoşlamayıb bəzi bəhanələr ilə məndən qaçıb gedirlər məsələn fala baxdırmağa, it boğuşdurmağa, dərviş nağılına qulaq asmağa, hamamda yatmağa və qeyri bu növ vacib əməllərə.

Çünki hükamalar buyurublar: sözünü o kəslərə de ki, sənə luqa vermirlər.

Ey mənim müsəlman qardaşlarım! Zəmani ki məndən bir gülməli söz eşidib ağzımızı göyə açıb və gözlərimizi yumub o qədər xa-xa edib-güldünüz ki, az qaldı bağırsaqlarınız yırtılsın və dəsmal əvəzinə ətəkləriniz ilə üz-gözünüzü silib "lənət şeytana" dediniz, o vaxt elə güman etməyin ki, Molla Nəsrəddinə gülürsünüz.

Ey mənim müsəlman qardaşlarım! Əgər bilmək istəsəniz ki, kimin üstünə gülürsünüz, o vaxt qoyunuz qabağınıza aynanı və diqqət ilə baxınız camalınıza.

Sözümü tamam etdim, ancaq bir üzrüm var: məni gərək bağışlayasınız, ey mənim türk qardaşlarım ki mən siz ilə türkün açıq ana dili ilə danışıram. Mən onu bilirəm ki, türk dili danışmaq eybdir və şəxsin elminin azlığına dəlalət edir, amma hərdən bir keçmiş günləri yad etmək lazımdır: salınız yadınıza o günləri ki ananız sizi beşikdə yırğalaya-yırğalaya sizə türk dilində lay-lay deyirdi və qulaq ağrısı səbəbinə sakit olmurdunuz. Axırı biçarə ananız sizə deyirdi: "Bala, ağlama, xortdan gələr, səni aparar" və siz dəxi canınızın qorxusundan səsinizi kəsib ağlamaqdan sakit olurdunuz.

Hərdən bir ana dilini danışmaq ilə keçmişdə gözəl günləri yad etməyin nə eybi var?

Molla Nəsrəddin, Tiflis. 7 aprel 1906

Məlum olduğu kimi, böyük demokrat yazıçı və görkəmli ictimai xadim Cəlil Məmmədquluzadənin (1869-1932) redaktorluğu ilə iyirmi beş il ərzində fəaliyyətini Tiflisdə, Təbrizdə və Bakıda böyük uğurla davam etdirən məşhur "Molla Nəsrəddin" dərgisi ilə Azərbaycanda milli satirik mətbuatın və tənqidi-realist ədəbiyyatın əsası qoyulmuşdur. Geniş mənada türk-müsəlman dünyasının birinci satira jurnalı kimi "Molla Nəsrəddin" Şərq ölkələrində də satirik mətbuatın və ədəbiyyatın, demokratik ictimai fikrin inkişafına ciddi təkan vermişdir. Şərq aləmində ilk satirik jurnal "Molla Nəsrəddin" olmuşdur. Şərqin oyanışı, dirçəlişi və istiqlalı uğrunda geniş, sistemli və ardıcıl mübarizə "Molla Nəsrəddin" dərgisi ilə başlamışdır. Bundan başqa, "Molla Nəsrəddin" Şərqlə Qərbin sintezindən yoğrulmuş ilk Avrasiya dərgisi kimi də tarixə düşmüşdür. "Molla Nəsrəddin" jurnalı Azərbaycanda və ümumən türk-müsəlman dünyasında milli istiqlal hərəkatının önündə getmişdir. Milli demokratik mətbuatın da bayraqdarı "Molla Nəsrəddin" jurnalıdır.

Bəlli olduğu kimi, Azərbaycan mətbuatı tarixində yalnız "Molla Nəsrəddin" və "Füyuzat" jurnalları ədəbi məktəb yaratmaq vəzifəsini həyata keçirmişlər. Görkəmli Azərbaycan yazıçısı və mütəfəkkiri Əlibəy Hüseynzadənin (1864-1940) redaktorluğu ilə nəşr edilən "Füyuzat" jurnalı cəmi bir il (1906-1907) fəaliyyət göstərməsinə baxmayaraq, Azərbaycan ədəbiyyatında yenicə formalaşmaqda olan romantizm ədəbi cərəyanının əsas qərargahı funksiyasını uğurla həyata keçirmiş, ədəbiyyatımızın bir çox qüdrətli nümayəndələrinin ana qucağına çevrilmişdir. O da məlumdur ki, nəinki "Füyuzat" jurnalı, hətta Azərbaycanda müxtəlif əsrlərdə yaranmış digər ədəbi məktəblər də "Molla Nəsrəddin" ədəbi məktəbi qədər çoxsaylı yazıçını, şairi, rəssamı və publisisti öz ətrafında birləşdirə bilməmişdir. Cəlil Məmmədquluzadənin ardıcıl və böyük səyləri sayəsində XX əsrin əvvəllərində Azərbaycan yaradıcı ziyalılarının "Molla Nəsrəddin" ordusu formalaşmışdır. Bu mübariz, demokratik və milli ziyalı ordusunun Baş komandanı görkəmli Azərbaycan yazıçısı Mirzə Cəlil Məmmədquluzadə idi. Böyük mollanəsrəddinçi yazıçı Əbdürrəhim bəy Haqverdiyevin vaxtilə etiraf etdiyi kimi, bu ədəbi cəbhədə təb və istedad yaradıcı qüvvələrin özlərinə məxsus olsa da, "mövzu verən və yol göstərən" Cəlil Məmmədquluzadə və "Molla Nəsrəddin" jurnalı idi. Geniş mənada "Molla Nəsrəddin" dərgisi tənqidi-realist ədəbiyyatın möhkəm ədəbi cəbhəsi, mollanəsrəddinçi ədiblərin əsərlərinin çoxcildlik külliyyatıdır.

"Molla Nəsrəddin" ədəbi məktəbinin yaranması ilk növbədə Azərbaycandakı Qərbyönlü maarifçilik hərəkatının məntiqi nəticəsi idi. Bundan başqa, məhz "Molla Nəsrəddin" jurnalının qısa müddətdə ədəbi məktəb səviyyəsinə yüksəlməsində xalqımızın tarixində və təfəkküründə möhkəm yer tutan folklorun Molla Nəsrəddininin adı ilə bağlı xəlqi ənənələrin ədəbiyyata gətirilməsinin də özünəməxsus rolu və təsiri var idi. Heç şübhəsiz, "Molla Nəsrəddin"in ədəbi məktəb mərtəbəsinə çatdırılması bu jurnalın yaradıcısı Cəlil Məmmədquluzadənin təşkilatçılıq bacarığının və xüsusi ədəbi məharətinin nəticəsində mümkün olmuşdur. Əslində Cəlil Məmmədquluzadə Azərbaycandakı Şərq yönlü milli inkişaf meyilləri ilə Qərb maarifçiliyini sintez halında çuğlaşdırmaqla yeni tipli ədəbiyyat və mətbuat yaratmağa müvəffəq olmuş, tez bir zamanda öz ətrafına çoxlu sayda tərəfdarlar və pərəstişkarlar toplaya bilmişdi. Və həmin cəlbedici proses də öz növbəsində "Molla Nəsrəddin"i əvvəlcə güclü bir mətbuat orqanı, az sonra isə müstəqil ədəbi məktəb səviyyəsinə qaldırmışdı. Görkəmli yazıçı və alim Mir Cəlal Paşayevin dediyi kimi, "nəzəri qidasını demokratik ədəbiyyatdan alan, mənbəyini Mirzə Fətəli dramlarından, materialını isə o zamankı... köhnə həyat və məişətdən alan Mirzə Cəlil realizmi XX əsrin ibtidasında güclü bir ədəbi məktəb olaraq ədəbiyyatda üstünlük fəth etmişdi". Başçılıq etdiyi jurnalın ətrafına toplayıb vahid ədəbi cəbhədə birləşdirdiyi, eyni məfkurəyə və üsluba yönləndirdiyi yazıçı və şairlər, publisistlər və karikaturaçılarla Cəlil Məmmədquluzadə "Molla Nəsrəddin" ədəbi məktəbini formalaşdırmağa müvəffəq olmuşdu. Mollanəsrəddinçi sənətkarlardan hər biri bu ədəbi məktəbin daha da zənginləşməsinə və yetkinləşməsinə özünün layiqli əlavələrini etmişlər. Nəticədə Azərbaycan ictimai-bədii fikrinin çoxəsrlik tarixində konkret bir mətbuat orqanı əsasında yeni tipli "Molla Nəsrəddin" ədəbi məktəbi yaranmış, daha parlaq yaradıcılıq məktəbi kimi mühitin fövqünə yüksələ bilmişdir.

Beləliklə, "Molla Nəsrəddin" ədəbi məktəbi böyük Mirzə Cəlil Məmmədquluzadənin ideya-təşkilatçılıq fəaliyyətinin nəticəsi kimi meydana çıxmış, formalaşmış yeni tipli yaradıcılıq istiqamətidir. Azərbaycan tənqidi realizmi ilə "Molla Nəsrəddin" ədəbi cərəyanı bir-birini tamamlayan, təsdiqləyən anlayışlardır. "Molla Nəsrəddin" ədəbi məktəbi Azərbaycan mollanəsrəddinçilərinin konkret tarixi şəraitdə qoşulduqları mütəşəkkil yaradıcılıq məktəbidir.

Cəlil Məmmədquluzadə mollanəsrəddinçilərin ağsaqqalı, sözün geniş mənasında, görkəmli Azərbaycan Molla Nəsrəddinidir. "Molla Nəsrəddin" ədəbi məktəbi çox geniş anlayış olub, özündə bir neçə yaradıcılıq istiqamətini, çoxsaylı yaradıcı qüvvələri birləşdirən ədəbi məktəbdir. Bir çox yaradıcılıq sahələri "Molla Nəsrəddin" ədəbi məktəbi içərisində, onun hüdudları daxilində xüsusilə inkişaf edərək daha qabarıq şəkildə nəzərə çarpmışdır. Beləliklə, vahid ədəbi məktəb daxilində bir neçə məktəb, necə deyərlər, məktəb içində məktəblər yaranmışdır. "Molla Nəsrəddin" şeir məktəbi, mollanəsrəddinçi yeni nəsr, satirik publisistika və karikatura məktəbləri "Molla Nəsrəddin" ədəbi məktəbinin üzvi tərkib hissələridirlər. Doğrudur, bu məktəblərdən hər biri, xüsusən, mollanəsrəddinçi satirik şeir məktəbi həm də müstəqil ədəbi məktəb təsiri bağışlayır. Hətta "Molla Nəsrəddin" şeir məktəbinin zəminində formalaşmış və xüsusi bir Sabir satira məktəbi də nəzərə çarpmaqdadır. Yaxud "Molla Nəsrəddin" karikatura məktəbi ənənələri əsasında ayrıca Əzim Əzimzadə karikaturaçılıq məktəbinin yaranması da inkarolunmaz faktdır. Bütün bunlar nəinki "Molla Nəsrəddin" ədəbi məktəbinin əhəmiyyətini azaltmır, əksinə, bu möhtəşəm, nəhəng məktəbin geniş sənət imkanlarını nümayiş etdirir. Konket şəxsiyyətlərlə bağlı olan ədəbi məktəblərdə olduğu kimi, "Molla Nəsrəddin" ədəbi məktəbində də görkəmli məsləkdaşların, adlı-sanlı davamçıların meydana çıxması bu məktəbin sənət uğuru, nailiyyəti hesab olunmalıdır.

Hər hansı bir ədəbi məktəb, yaxud ədəbi cərəyan kimi "Molla Nəsrəddin" jurnalı da özünəməxsus konkret nəzəri-estetik prinsiplərə malikdir. Geniş mənada tənqidi-realist ədəbiyyatın və mətbuatın inkişaf istiqamətlərini və özünəməxsusluqlarını müəyyən edən həmin prinsiplər mollanəsrəddinçilik təlimindən ibarətdir. Bu, mollanəsrəddinçi təlim tənqidi-realist ədəbiyyatın poetikasını və estetik prinsiplərini özündə cəmləşdirir. "Molla Nəsrəddin" ədəbi məktəbinin banisi Cəlil Məmmədquluzadə mollanəsrəddinçilik təliminin də yaradıcısıdır. "Molla Nəsrəddin" jurnalının birinci sayında çap olunmuş "Sizi deyib gəlmişəm..." məqaləsi mollanəsrəddinçi ədəbiyyatın manifesti idi. Mübariz jurnalın ilk sayının üz qabığında Cəlil Məmmədquluzadənin sifarişi və resepti əsasında məşhur nəqqaş Oskar Şmerlinqin çəkdiyi "Müsəlman dünyasının oyanışı" karikaturası, həm "Molla Nəsrəddin" jurnalının, həm də mollanəsrəddinçi ədəbiyyatın və satirik təsviri sənətin proqramı kimi düşünülmüşdü. Jurnalın birinci sayında oxuculara çatdırılmış "Lisan bəlası" şeiri ilə sanki mollanəsrəddinçi satira üzrə şeir müsabiqənin şərtləri elan olunmuşdu. Bunların hamısı Cəlil Məmmədquluzadə tərəfindən yeni tipli ədəbiyyat və mətbuat yaratmaq üçün düşünülmüş şəkildə həyata keçirilən tədbirlər idi. Cəlil Məmmədquluzadənin ədəbi-tənqidi görüşləri "qələmin müqəddəs vəzifəsinin" ciddi və əsaslı prinsiplərinin bəyannaməsi kimi səslənirdi. Redaksiyaya daxil olan ədəbi materiallar barədə "Poçt qutusu" adı altında ardıcıl olaraq verilən məsləhətlər və qeydlər tənqidi-realist ədəbiyyatın, geniş mənada mollanəsrəddinçilik təliminin dərsləridir. Cəlil Məmmədquluzadənin nadir kiçik hekayələri, satirik publisistika örnəkləri, tragikomediyaları mollanəsrəddinçi ədəbiyyatın klassik və canlı nümunələridir. Cəlil Məmmədquluzadə həm də Azərbaycan ədəbiyyatında Molla Nəsrəddin dövrünün yaradıcısıdır. Geniş mənada mollanəsrəddinçilik təlimi "Molla Nəsrəddin" dövrü Azərbaycan ədəbiyyatının strategiyası və taktikasıdır.

Mollanəsrəddinçilik təliminin mövcudluğu və prinsipləri Cəlil Məmmədquluzadənin sağlığında onun müasirləri tərəfindən müşahidə olunmuş və dəyərləndirilmişdir. Görkəmli Azərbaycan ədəbiyyatşünası Firudinbəy Köçərlinin fikrincə "nöqsanlara gülmək yolu ilə müsəlman cəmiyyətini islah etmək" mollanəsrəddinçi təlimin baş xəttini müəyyən edir. Cəlil Məmmədquluzadənin məsləkdaşı Ömər Faiq Nemanzadə mollanəsrəddinçiliyi aşağıdakı kimi mənalandırırdı: "Molla Nəsrəddin"in gedəcəyi yol birdir ki, o da hər şeydən artıq öz qüsurlarımıza, öz üstümüzdəki ləkələrə, tərəqqiyə mane olan cahilanə adətlərimizə acı-acı gülüb, millətin səadətinə çalışmaqdır". Dövrünün görkəmli ziyalılarından Yusif Vəzir Çəmənzəminli mollanəsrəddinçilikdə "geniş kütlənin anlayacağı bir dildə" yazıb-yaratmağı zəruri faktor kimi ön mövqeyə çəkmişdi. Hətta realizmlə müqayisədə əks mövqeyi təmsil edən Əlibəy Hüseynzadə də bu qənaətdə idi ki, "Molla Nəsrəddin"in ələ aldığı balta zöhk və xəndə, istehza və rişxənddən, müstəhziyanə yazı və şəkillərdən ibarətdir". Möhtərəm Əli bəy Hüseynzadənin Cəlil Məmmədquluzadə ilə 1910-cu ildə Tiflisdəki tarixi görüşü zamanı söylədiyi "açıq yazmağı bacarmaq hünərdir" kəlamı da mollanəsrəddinçi ədəbiyyatın ən çox mübahisə doğurmuş dil siyasətinin üstünlüyünə verilmiş yüksək qiymətin ifadəsi idi.

Dövrün müxtəlif yaradıcı qüvvələrinin diqqətini çəkən, ədəbi prosesdə ön mövqeyə çıxan mollanəsrəddinçilik təlimi geniş anlayış olub, özündə ictimai mühitin ən aparıcı estetik prinsiplərini cəmləşdirmişdir. Buna baxmayaraq, müxtəlif vaxtlarda mollanəsrəddinçilik təliminə keçmiş sovet ideologiyasının güzgüsündə yanaşılması meyli üstün olmuşdur. Belə ki, XX əsr boyu uzun bir dövr ərzində keçmiş mollanəsrəddinçi ədəbiyyatşünaslıq mollanəsrəddinçilik təlimindən bəhs edərkən bu təlimi "ilk növbədə çarizmə, yerli istismarçılara, imperializmə qarşı çevrilmiş inqilabi demokratizm ideologiyası", "... fəhlə hərəkatına yaxınlaşan, ona dərin rəğbət bəsləyən ədəbi-ictimai fikir cərəyanı" kimi dəyərləndirməyi qabarıq şəkildə nəzərə çarpdırmışdır. Bu isə aşkar göründüyü kimi, məsələyə zamanın tələbinə uyğun olaraq ideoloji mövqedən yanaşılmasının nəticəsi idi. Buna görə də mollanəsrəddinçilik təliminin mahiyyətinin, ədəbi-estetik prinsiplərinin müstəqillik işığında yenidən izah və şərh edilməsinə, əsaslandırılmasına ciddi ehtiyac vardır. Çünki milli mövqedən mollanəsrəddinçilik təliminin elmi-nəzəri əsaslarının müəyyən olunması həm Cəlil Məmmədquluzadənin və onun mollanəsrəddinçi məsləkdaşlarının yaradıcılığının gerçək dərkinə, həm də tənqidi realizm ədəbi cərəyanının ana xətlərinin konkretləşdirilməsinə kömək edərdi.

Beləliklə, Mollanəsrəddinçilik təlimi "Molla Nəsrəddin" ədəbi məktəbinin anayasası, nizamnaməsi və əsasnaməsidir. Mollanəsrəddinçilik - ictimai satira vasitəsilə mövcud cəmiyyəti dəyişmək, yeniləşdirmək, məmləkəti irəli aparmaq deməkdir. Mollanəsrəddinçilik - xalqın milli-mənəvi özünüdərkinin, millətin siyasi oyanışı və ayıqlığının hərəkətverici qüvvəsidir. Milli müstəqillik və azadlıq uğrunda mübarizə mollanəsrəddinçilik təliminin baş xəttini təşkil edir. Mollanəsrəddinçilik təliminin daşıyıcısı olan "Molla Nəsrəddin" jurnalı və mollanəsrəddinçilər milli istiqlala bir ordudan ziyadə xidmət göstərmişdir. Bu mənada "Molla Nəsrəddin" jurnalı Azərbaycan xalqının ən böyük istiqlal kitabıdır. Mollanəsrəddinçilik - milli istiqlal məfkurəsinin cövhərini təşkil edir. Yaxud milli istiqlal uğrunda mübarizə dövrün digər axınları ilə müqayisədə daha çox mollanəsrəddinçilikdən keçmişdir.

Azərbaycançılıq məfkurəsi mollanəsrəddinçilik təliminin ideya əsasından ibarətdir. Bütövlükdə Cəlil Məmmədquluzadənin yaradıcılığı və "Molla Nəsrəddin" jurnalının fəaliyyəti Azərbaycançılıq məfkurəsi üstündə köklənmişdir. Azərbaycançılıq mollanəsrəddinçilik təliminin strategiyasıdır. Vaxtilə böyük millətpərvər ədib qələm əhlinə millətə və Vətənə xidmətin ünvanını, istiqamətini nişan verərək yazmışdı: "Bu gün Kərbəla meydanı - Azərbaycandakı vətənpərvərlik meydanıdır. Hər kimin ürəyində bir cüzi din, namus, Vətən hissi varsa, oranın qeydinə qalmalıdır!"

Cəlil Məmmədquluzadənin məşhur "Azərbaycan" məqaləsi (1917) ədəbiyyatda və mətbuatda Azərbaycançılıq məfkurəsinin ən mükəmməl manifestidir. "Azərbaycan" məqaləsi ən müqəddəs azərbaycançılıq andıdır: "Bəzi vaxt otururam və papağımı qabağıma qoyub fikrə gedirəm, ...özümdən soruşuram ki:

- Mənim anam kimdir? Öz-özümə də cavab verirəm ki: - Mənim anam rəhmətlik Zəhrəbanu bacı idi. - Dilim nə dilidir? - Azərbaycan dilidir. - Yəni Vətənim haradır? - Azərbaycan vilayətidir. - Demək, dilimin adı türk-Azərbaycan dilidir, belə məlum olur ki, Vətənim də Azərbaycan vilayətidir. - Haradır Azərbaycan? - Azərbaycanın çox hissəsi İrandadır ki, mərkəzi ibarət olsun Təbriz şəhərindən. Qalan hissələri də Gilandan tutub qədim Rusiya hökumətilə Osmanlı hökuməti daxilindədir".

Cəlil Məmmədquluzadənin "Azərbaycan" məqaləsi Azərbaycanın bütövlük himnidir.

"Anamın kitabı" Azərbaycanın tale kitabı, ədəbiyyatın ən möhtəşəm Azərbaycannaməsidir.

Kiçik adam - mollanəsrəddinçi ədəbiyyatın böyük qəhrəmanıdır. Kiçik adamın timsalında xalq faktorunu ədəbiyyata və mətbuata gətirmək və onu müdafiə etmək mollanəsrəddinçiliyin təməl şərtlərindədir. Məhəmmədhəsən əmi kiçik adamın böyük ədəbiyyatdakı "bir yüngülvari müqəddiməsi", Novruzəli isə yeni dövr Azərbaycan ədəbiyyatında kiçik adamın gerçək əhvalatıdır.

Mollanəsrəddinçilik - zamanın "açıq ana dilində yazmaq", "açıq yazmağı da bacarmaq" sifarişinin ən mükəmməl həlli deməkdir. Mollanəsrəddinçilik - satiranın anası, satirik əsərlər mollanəsrəddinçi ədəbiyyatın övladlarıdır. Satiranın bütün gücü və imkanları mollanəsrəddinçilik təlimində öz əksini tapır. Mollanəsrəddinçiliyi satirik ədəbiyyatın və publisistikanın siyasi-ictimai kəsəri, yüksək vətəndaşlıq ruhu, forma zənginliyi kimi də qəbul etmək olur. Bədii əsərlə təsviri sənətin, hekayə və felyetonla karikaturanın vəhdəti mollanəsrəddinçiliyin özünəməxsusluqlarından biridir. Mollanəsrəddinçilik - gerilik, nadanlıq və fanatizmin karikaturasıdır. Karikatura mollanəsrəddinçiliyin ifadə vasitələrindən biridir. "Molla Nəsrəddin" jurnalının üslubu, təhkiyəsi, janrları, tipləri mollanəsrəddinçilik təliminin danışan dilidir.

Mollanəsrəddinçilik ədəbiyyatda və ictimai fikirdə demokratik proseslərin geniş intişarı və müdafiə olunması deməkdir.

"Molla Nəsrəddin" jurnalının fəaliyyəti tarixin faktına çevrilmişdir. Mollanəsrəddinçilik isə davam edir. Nə qədər ki, Azərbaycan xalqı, dövləti və məmləkəti var, nə qədər ki, milli ədəbiyyatımız və mətbuatımız fəaliyyət göstərir, "Molla Nəsrəddin" ədəbi məktəbinin ənənələri, mollanəsrəddinçilik təlimi yaşamaqda davam edəcək, inkişafa, tərəqqiyə özünün böyük və təmənnasız köməyini göstərəcəkdir. Böyük mollanəsrəddinçi Ömər Faiq Nemanzadənin fikirləri ilə desək: "Bu gün "Molla Nəsrəddin" batar, sabah Molla Xeyrəddin çıxar... "Molla Nəsrəddin"i meydana gətirən fikirlər bağlanmayacaqdır".

Mollanəsrəddinçilik təliminin ədəbi yaşarlığını təsdiq etmək baxımından dahi Üzeyir Hacıbəyovun mülahizələri ən ümumiləşdirici, yekun qənaətdir: "Bir-iki nəfər məmmədquluzadələrin, nemanzadələrin ölümü ilə elə bilirsiniz ki, "Molla Nəsrəddin"i öldürəcəksiniz? Hərgah xalqımızın bu mücahid fədakarlarının qətlinə əl qalxıza bilən bir dəli və bir əclaf tapılsa da, bunu bilməlisiniz ki, onların xudanəkərdə ölməkləri ilə yaratdıqları fədakarlıq, ali fikirlər ölməz. Bunu biləsiniz ki, "Molla Nəsrəddin"i öldürmək mümkün olsa da, mollanəsrəddinçiliyi öldürmək olmaz".

Cəlil Məmmədquluzadənin ölməz və parlaq sənəti "Molla Nəsrəddin" jurnalının həmişəyaşar ənənələri, mübariz mollanəsrəddinçilik təlimi müstəqil Azərbaycanın tərəqqisinə etibarlı dəstək, sabaha gedən yollarına işıq salır. Deməli, Mollanəsrəddinçilik təlimi davam edir. Müasir Azərbaycan ədəbiyyatında tənqidi-realist meyillər, satira, vətəndaşlıq cəsarəti, dərin milli düşüncə, Azərbaycançılıq məfkurəsi yaşadıqca, "Molla Nəsrəddin" ənənələri də, mollanəsrəddinçilik təlimi də yaşamaqda davam edir. Azərbaycan ədəbiyyatının, mətbuatının, ictimai fikrinin və karikatura sənətinin son yüz ildən artıq dövrdəki bütün əsas inkişaf istiqamətlərinin hamısında Mirzə Cəlil irsindən və "Molla Nəsrəddin" ənənələrindən "bir duz" vardır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görkəmli yazıçı və ictimai xadim, böyük demokrat ədib Cəlil Məmmədquluzadənin anadan olmasının 140 illiyinin qeyd edilməsi haqqındakı mühüm tarixi əhəmiyyətə malik olan sərəncamı geniş mənada mollanəsrəddinçi ədəbiyyatın ölkəmizdə müstəqillik dövrünün ədəbi-ictimai fikrinin inkişafındakı, milli-mənəvi dəyərlərin daha da dərinləşməsindəki, cəmiyyət həyatının müasirləşməsindəki roluna və təsiri imkanlarına dövlət səviyyəsindəki diqqətin parlaq ifadəsidir.

Cəlil Məmmədquluzadənin irsi, mollanəsrəddinçi ədəbiyyat ənənələri həmişə aktual və müasirdir. Xalq yazıçısı Anarın yazdığı kimi, "böyük yazıçılar bütün nəsillərin övladlarıdırlar. Cəlil Məmmədquluzadə babalarımızın, atalarımızın mənəvi yaşıdı idi. Bizim nəsil də ona öz yaşıdı kimi, bizim mənəvi problemlərimizə cavab verən müdrik qardaşı kimi baxır. Mən bilirəm ki, bizim nəsil də gedəcək, ...amma o qalacaq və oğlumun yaşıdı olacaqdır. O, hər nəslin yol yoldaşıdır. Və bizdən sonra gələn nəsillər onu yenidən kəşf edəcək, öz yaşıdları, müasirləri kimi tanıyacaq və övladlarına bəxş edib gedəcəklər".

Həqiqətən də Mollanəsrəddinçilik təlimi, Mirzə Cəlil irsi müstəqillik dövrünün yeni tipli mollanəsrəddinçi yazıçıları ilə öz sıralarını daha da zənginləşdirir və möhkəmləndirir. Bu mükəmməl təlimin fəlsəfəsi ədəbiyyatın millətə və məmləkətə xidmət etməsində məna tapır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Maraqlıdır

Redaktor seçimi

SON XƏBƏRLƏR