İş dünyası iş axtaranlardan və əməkdaşlardan nə gözləyir?
2 may tarixində Sahibkarlar və İş adamları klubları ilə ümumi aylıq görüş keçirildi. Müzakirə mövzularından biri həm iş axtaranları, həm də işə götürənləri, şirkət və sahibkarları maraqlandıran məsələ haqda idi - “iş dünyası iş axtaran insanlardan və əməkdaşlarından nə gözləyir?”
Məsələ budur ki, Azərbaycan əmək bazarında maraqlı və paradoksal bir vəziyyət var - bir tərəfdən iş axtaran və tapa bilməyən insanlar, digər tərəfdən işçi və idarəçilər axtaran və tapa bilməyən firmalar. İş axtaranların işə götürənlərlə bir-birindən olan gözləntiləri üst-üstə düşmür. İş axtaranlar üçün məsələni aydınlatmaq və rahatlatmaq üçün qərar verdik ki, əsas xüsusiyyətləri yazaq və məqalə şəklində paylaşaq.
Ümid edirəm ki, yazdıqlarım oxuyanlar üçün faydalı və maraqlı olacaq.
Zəhmətkeşlik
İnsan bilikli, məlumatlı və təcrübəli olmaya bilər - bütün bunların olmamasını kompensasiya edən xüsusiyyəti məhz zəhmətkeşliyidir. Zəhmətkeş insanla zəhməti sevməyən insan arasında ən kiçik məqamlarda belə fərq hiss edilir - bədən dili, davranışları, hərəkət etmə sürəti və hətta müsahibədə verdiyi suallara görə.
Zəhmət çəkmədən heç bir sahədə uğur əldə etmək mümkün deyil və zəhmətkeşlik, peşəkar irəliləyişin ayrılmaz parçasıdır. Tanıdığım bütün sahələrdə uğurlu insanlar - istər texniki sahə olsun, istər taksi sürücüsü, müəllim, idmançı - hamısının ortaq xüsusiyyətlərindən biri məhz elə zəhmətkeşlikdir.
Daimi inkişaf
Ali təhsil vacibdir, amma yetərli deyil. Diploma çox da güvənmək olmaz - universitetdə alınan məlumatların köhnəlməsi ilə bərabər bir digər vacib məqam da budur ki, ali təhsil düşünənləri deyil, yaddaşı güclü olanları yetişdirir. İş həyatında isə daim yeni biliklərlə bərabər həm də daim aktiv düşünən insanlara ehtiyac var.
Təcrübəmiz göstərir ki, ancaq ali təhsilinə və diplomuna güvənən və özünü daim inkişaf etdirməyən insan maksimum 10 il sonra peşəkar həyatın kənarına atılma riskini artırmış olacaq.
Seçdiyiniz ixtisas və peşə nə olur olsun, “bu sahədə ali təhsilim var” deyərək məsələyə baxmayın, şüurlu ömrünüzün sonuna qədər bu sahədə inkişafa hazır olun. Daimi inkişaf sizin həyat tərziniz və ən sadə vərdişiniz olmalıdır.
Təşəbbüskar və aktiv
Rəhbər əməkdaşı və ya idarəçini niyə işə alır? Üstündən yükü götürmək və öz işləri ilə məşğul olmaq üçün. Rəhbəriniz sizdən problemlərin ona gətirilib elan edilməsini gözləmir - bunun üçün ayrıca bir insana ehtiyac belə yoxdur - rəhbərin əməkdaşdan gözlədiyi odur ki, ya işçi problemi yerində həll edir və daha sonra rəhbərə bunu məruzə edir və ya problemi həll etmək üçün resursları yoxdursa, məsələni rəhbərə deyir və eyni anda çıxış və həlli yollarını da təklif edir ki, rəhbər əməkdaşın yerinə düşünməsin - əsl funksiyası olan qərar verməni etsin.
Müsbət olmaq
İş həyatı daim qeyri-müəyyənliklərlə dolu fəaliyyətdir. Fərqli insanlarla qarşılaşırıq - iş yoldaşlarımız, müştərilər və s.
Pozitivlik özünü hər şeydə biruzə verir - gülümsəmədən və əl sıxmadan öz fikirlərini ifadəetmə tərzinə qədər. Bu xüsusiyyətli işçilər daha az şikayət edir, daha çox işləyir. Mənfi münasibətli həmkarları isə daim şikayətlənir və bəhanələr gətirir. Bu insanların eyni məsələ ilə bağlı fərqli fikirləri ola bilər. “Bu layihə mənim çox xoşuma gəldi, bir çox şeylər öyrəndim və maraqlı insanlarla tanış oldum”, - biri söyləyədiyi halda, “Bax, bu yeni layihə nəyimə lazım idi?! Ona görə axşamları işdə qalmalı olurdum”, - digəri şikayətlənəcək.
İnsanın əhvalı onun işinin səmərəliyinə, uğur qazanmaqda israrlı və daha çox enerji sərf etməyə hazır olmağına bir başa təsir edir. Pozitiv insan əvvəldən artıq uduşlu vəziyyətdədir və psixoloji olaraq öndədir. Real belə bir vəziyyəti təsəvvür edin. Şirkətdə yeni müştəri xidmətləri qurulur. Pozitiv düşüncəli insanın islahatlar haqda düşüncəsi: “Əla! Bu, bizim biznesin inkişafına kömək edəcək və yeni fəaliyyətlə tanış olmaq mənim üçün faydalı olar”. Mənfi düşüncəli isə “Bunlar mənim nəyimə lazımdır?! Bu günə qədər işlədiyimiz sistem də yaxşı idi”. Eyni zamanda, bu insan mənfi münasibətini vücudu, hərəkətləri və intonasiyası ilə nümayiş edərək digərlərinə də də neqativ təsir edir. Birincisi isə əksinə, öz optimistliyini paylaşır. İndi isə sual: bu insanlardan hansının şirkətdə karyera yüksəlişi olacaq?
Məsuliyyət hissi və disiplin
Hər kəsin bildiyi ən bəsit və biznesi biznes edən və ayaqda tutan qaydalar var - müştərilərlə ünsiyyətdə qayğıkeş olmaq, səbirlə dinləmək, onlara dəstək olmaq, şirkətin mülkiyyətinə və maddi vəsaitlərinə, xərclərinə qarşı diqqətli və həssas yanaşmaq və s. Hər insana bunlara riayət edib-etməməsini kontrol etmək üçün kameralar taxmaq olmaz və buna görə də hər insanın daxilində bir kamera olmalıdır - onun öz məsuliyyət hissi.
Müvəffəqiyyətli işçilər hər bir məsələdə disiplinlidirlər - işə gecikməməkdən başlayaraq rəhbər tərəfindən verilmiş tapşırığı vaxtında, hətta bunun üçün gecə belə yatmamaq lazım olarsa belə, təhvil verməyə qədər. Müvəffəqiyyətsiz işçilər isə hər bir şeyə “uyğun və münasib” bəhanə tapa bilirlər. Disiplin, uzun müddətli uğurun formalaşması üçün çox mühim bünövrədir. Disiplinsiz insan təsadüfən uğurlu ola bilər, lakin elə ilk silkələnmə baş verdikdə bir daha qalxmayacaq formada düşəcək. Sadəcə şəxsi effektivlik texnikaları haqda bilmək yetərli deyil. Gündən günə, hər həftə, hər ay onlar artıq vərdişə çevrilməyənə qədər onları israrla və ardıcıl istifadə etmək lazımdır.
İradlardan nəticə çıxaran
İş həyatında rəhbərlər bəzən insanlara bir mövzunu dəfələrlə demək məcburiyyətində qalır. Bir biznesin-işin-prosesin inkişaf etməsi üçün edilən səhvlərlə əlaqəli riayət ediləcək çox sadə alqoritm var: səhv edilir və aşkar olunur - qısa təhlil -bir daha olmaması üçün tədbir - tapşırıq verilir. Və artıq hər kəs yeni və fərqli mövzulara konsentrasiya olmalıdır. Eyni məsələ eyni tərzdə, amma fərqli bəhanələrlə olursa, bu, artıq problemdir və şirkət eyni səhvlər dairəsində döndüyünə görə, heç bir inkişaf və irəliləyişdən söz belə ola bilməz.
Dürüstlük
Dürüstlük həyat tərzi olmalıdır. Dürüstlüyü özünüzə həyat tərzi olaraq seçin. Azərbaycanın bütün sahələrdə bilikli və savadlı insanlara ehtiyacı var, amma DÜRÜST savadlı insanlara.
Diqqət etsəniz, iş dünyası insanlardan əslində qeyri-adi heç nə istəmir. Bəzən düşünürəm ki, bilik, savad və təcrübə çox da lazım deyil - yuxarıda yazılı olan şəxsi xüsusiyyətlər olsa, insan hər şeyi öyrənər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət