İran gəmi heyətini xilas etməyimizin rəmzi mənası
Ötən gün Xəzər dənizində İrana məxsus yük gəmisinin 9 nəfərlik heyətinin Azərbaycanın sərhədçiləri və fövqəladə qoşunların təmsilçiləri tərəfindən xilas edilməsi özlüyündə ciddi bir rəmzi mənaya gətirib çıxarır.
Axar.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa İranla Azərbaycan münasibətləri haqqında danışarkən qeyd edib. O bildirib ki, İran tərəfi iki məsələdə mövqeyində düzəliş etsə, münasibətlərin daha da etibarlı olması qaçılmazdır:
“Azərbaycanın İranın batan gəmisini xilas etməsi Tehrana onu göstərir ki, biz sizinlə qonşuyuq və əgər batsanız, yenə də birinci imdadınıza biz gələcəyik. Lakin bizdə də əminlik olmalıdır ki, Allah eləməsin, batmış olsaq, imdadımıza qonşu kimi siz yetişəcəksiniz”.
Millət vəkili İran tərəfinin səmimiyyətinə şübhə etmədiyini bildirib:
“Mən İran tərəfinin minnətdarlığında da səmimiyyətinə şübhə etmirəm. Azərbaycan tərəfinin atdığı insani addıma insani bir cavabdır. Sadəcə, İran tərəfi iki məsələdə mövqeyində düzəliş etsə, münasibətlərin daha da etibarlı olması qaçılmazdır. Bunlardan birincisi, əgər ermənilərə dirsək göstərə bilsə, ikincisi də bizim ölkəmizdəki agenturasını dini xurafatı, geriçiliyi təbliğ etməkdən çəkindirsə, o zaman iki ölkə arasında olan münasibətlər çox inkişaf edər. Hətta aramızda vizanı da tezliklə götürmək mümkündür”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət