İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə Qaydası təsdiq edilib
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin vəsaitindən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında fərman imzalayıb.
Fərmanda qeyd edilir ki, “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu haqqında Əsasnamə”nin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 2 aprel tarixli 853 nömrəli Fərmanı ləğv edilsin.
Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Ədliyyə Nazirliyinə mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat vermək tapşırılır.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş Qaydadan irəli gələn məsələlərin həlli ilə bağlı tədbirlər görəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət