Slimfit
  1. MEDİA

İndoneziya səfiri: "Məmnuniyyətlə Azərbaycan vətəndaşı olardım"

İndoneziya səfiri: "Məmnuniyyətlə Azərbaycan vətəndaşı olardım"
Sakura

İndoneziya səfiri: "Məmnuniyyətlə Azərbaycan vətəndaşı olardım"

Report” İnformasiya Agentliyi İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani ilə müsahibəni təqdim edir:

- Azərbaycanla İndoneziya arasında hazırkı münasibətləri necə dəyərləndirirsiniz?

- Azərbaycanla İndoneziya arasında çox yaxşı münasibətlər var. Biz Azərbaycanın bütün sahələrdə inkişafı dəstəkləyərək istər ikitərəfli formatda, istərsə də beynəlxalq aləmdə əməkdaşlıq edirik. Bunu şərtləndirən bir çox amil var, aramızda ümumi cəhət çoxdur. Məsələn, dini amilə böyük əhəmiyyət verən indoneziyalılar üçün Azərbaycanın da müsəlman ölkəsi olması çox mühümdür.

- Bəs Azərbaycanla İndoneziya arasında münasibətlərin ən mühüm cəhətləri hansılardır?

- Belə cəhətlər çoxdur. Ən mühümlər arasında enerjini önə çəkmək olar. Bildiyiniz kimi, İndoneziya Azərbaycandan böyük həcmdə neft idxal edərək bu baxımdan İtaliyadan sonra ikinci yerdədir. Həmçinin turizm sektorunu da xüsusi qeyd etmək lazımdır.

- Turizm sahəsindəki əməkdaşlığımız nə yerdədir, statistik rəqəmlər ürəkaçandırmı? İndoneziyalı turistlər Azərbaycanın hansı bölgələrinə getməyi üstün tuturlar?

- Bu sahədəki əməkdaşlığı gücləndiririk. İndoneziyadan Azərbaycana gələn turistlərin sayı getdikcə artır. 2018-ci ildə onların sayı 2500-dək olub. Təəssüf ki, bizə gələn azərbaycanlı turistlər haqqında eyni sözlər deyə bilmərəm. İndoneziyalı turistlər, təbii ki, Bakıya gedərək şəhərin qədim tarixi ilə, müasir həyatı ilə tanış olmağa çalışırlar. Bundan əlavə, bir çox indoneziyalılar məhz Azərbaycanın Nuh peyğəmbərin vətəni olduğunu bilərək Naxçıvana gedib onun qəbrini, gəmisinin toxunduğu Gəmiqayanı görməyə maraq göstərir. Azərbaycan çox maraqlı, bənzərsiz ölkədir. Təkcə Bakı qalası, Şirvanşahlar sarayı, Odlar Yurdunda zərduştliyin möhtəşəm tarixinin yadigarı olan Atəşgah kimi abidələrin adını çəkmək kifayətdir. Azərbaycana səfir gələnədək İndoneziyadakı gözəl təbiətin, mənzərələrin dünyada tayı-bərabəri olmadığı qənaətində idim. Lakin bura gələndən sonra tamam başqa təbiət gözəlliklərini kəşf etmiş oldum. İndi Azərbaycan mənim içimə nüfuz edib, mənim bir parçama çevrilib. Azərbaycanı çox sevirəm, bu ölkənin vətəndaşlığını qəbul etməyə, yaxud fəxri vətəndaşı olmağa, burada da yaşamağa çox şad olardım.

- Ölkələrimiz arasında birbaşa təyyarə reysləri təşkil etmək məsələsində irəliləyiş varmı?

- Birbaşa təyyarə reysləri istənilən vaxt açıla bilər, biz buna hazırıq. Hərçənd gündəlik reyslər üçün hər iki tərəfdən çox sayda gəliş-gedişin olması zəruridir.

- Bəs gələcəkdə inkişaf etdiriləcək hansı daha maraqlı əməkdaşlıq sahələrini qeyd edərdiniz?

- Möhkəm ticarət əlaqələrini bərqərar etməliyik. Məncə, bundan sonra məhz bu istiqamətə üstünlük verilməlidir. Belə ki, İndoneziya palma yağı, tekstil, elektron cihazlar, məişət avadanlığı kimi bir çox məhsulların mühüm ixracatçısıdır. Bizdə ağır sənaye də inkişaf edib. Ölkəmizdə təyyarə, gəmi, kənd təsərrüfatı avadanlığı, dəmir yolu vasitələri üçün parçalar istehsal olunur.

- İndoneziyanın Dağlıq Qarabağ münaqişəsində Azərbaycanı dəstəklədiyini dəfələrlə vurğulamısınız. Bu dəstək hansı təməllərə əsaslanır?

- Bildiyiniz kimi, İndoneziya dünyanın ən böyük əhalisi olan ölkələrdəndir. Əhalinin əksəriyyəti müsəlmanlardır. BMT Təhlükəsizlik Şurasına dörd dəfə seçilmişik, İƏT üzvü kimi də dünyanın nüfuzlu ölkələrindən biriyik. Dağlıq Qarabağ münaqişəsi əslində asanlıqla həll oluna bilən məsələdir. Biz bütövlüklə Azərbaycanı dəstəkləyirik. Ermənilər yenə silaha əl atsalar, biz qarışıq bütün islam dünyası Azərbaycanın yanında olacaq. Hərçənd Azərbaycan əsgəri də başqalarının köməyinə ehtiyac duymadan işğal olunan torpaqları qısa müddət ərzində qaytarmaq iqtidarındadır.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1003 Xocalı sakinini esirlikden xilas eden, Azerbaycanın Milli Qehremanı Allahverdi Bağırov.

Redaktor seçimi

SON XƏBƏRLƏR