İndoneziya hakimiyyəti sosial şəbəkələrə girişi məhdudlaşdırıb
İndoneziya hökuməti seçkilərin nəticələri elan olunduqdan sonra Cakartada başlayan iğtişaşlar səbəbindən sosial şəbəkələrdə və messencerlərdəki fotoşəkilləri və videoları müvəqqəti olaraq məhdudlaşdırıb.
AZƏRTAC “Jakarta Post” qəzetinə istinadla xəbər verir ki, məhdudiyyətlərin nə vaxt aradan qaldırılacağı barədə məlumat yoxdur.
“Yalan məlumatların və təhrikedici xəbərlərin yayılmasının qarşısını almaq məqsədilə sosial şəbəkələrdə müəyyən funksiyalara məhdudiyyətlər qoymuşuq”, - deyə İndoneziyanın siyasət, hüquq və təhlükəsizlik məsələləri üzrə əlaqələndirici-naziri Viranto bildirib.
Məhdudiyyətlər sosial şəbəkələrdə və messencerlərdə fotoşəkillərin və videoların yüklənməsinə aiddir.
İndoneziya Mərkəzi Seçki Komissiyası mayın 20-si axşam saatlarında bir ay öncə keçirilən ümumi seçkilərdə səslərin hesablanması prosesini başa çatdırıb. Ölkənin hazırkı prezidenti Coko Vidodo seçicilərin 55,5 faiz səsini qazanaraq qalib gəlib. Onun opponenti Prabovo Subiantonu seçicilərin 44,5 faizi dəstəkləyib.
Seçkinin nəticələri elan olunduqdan sonra, mayın 21-də Subiantonun tərəfdarları aksiyalara başlayıb. Paytaxtı Cakartanın qubernatoru Anisa Basvedant iğtişaşlar nəticəsində azı 6 nəfərin həlak olduğunu, təxminən 200 nəfərin isə xəsarət aldığını bildirib. Təhlükəsizliyin təmin olunması, həmçinin Seçki Komissiyasının, Prezident Sarayının, parlament binalarının və xarici ölkə səfirliklərinin mühafizəsi üçün paytaxta güc strukturlarının 40 min əməkdaşı göndərilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət