İmtahan üçün seçilmiş binaların sayı artırıldı
Dövlət İmtahan Mərkəzi (DİM) Nazirlər Kabineti yanında operativ qərargahın tələb və tövsiyələrini nəzərə almaqla, koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması üçün görülən tədbirlərə uyğun olaraq, imtahanları xüsusi sosial izolyasiya qaydalarına riayət etməklə keçirəcək.
Mərkəzdən verilən məlumata görə, DİM Təhsil Nazirliyi və yerli icra orqanları ilə birgə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) imtahan müddətində əməkdaşların və iştirakçıların sağlamlığının qorunmasına dair hazırladığı metodiki göstərişləri nəzərə alaraq, təcili və təxirəsalınmaz tədbirlər görür.
DİM əməkdaşları Təhsil Nazirliyinin tabeliyində olan binalara yerində baxış keçirib. Həmçinin, imtahan üçün seçilən təhsil müəssisələrinin binalarının sayı 2,5 dəfə artırılaraq, imtahanın keçirilməsi üçün yararlılıq vəziyyəti yoxlanılıb.
Hazırda imtahan iştirakçılarının sosial məsafə gözlənilməklə zallarda yerləşdirilməsi, mərkəzlərdə sanitar qovşaqların, mexaniki və təbii havalandırma, işıqlandırma və su-kanalizasiya sistemlərinin təmizlik və dezinfeksiyası, həmçinin, işçi heyətin şəxsi gigiyenası ilə bağlı ümumi qaydalara əməl olunması istiqamətində işlər görülür.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət