Slimfit
  1. MEDİA

İlqar Rəhimov: 42 ölkənin nümayəndəsinin Bakıya gələcəyi dəqiqdir

İlqar Rəhimov: 42 ölkənin nümayəndəsinin Bakıya gələcəyi dəqiqdir
Sakura

İlqar Rəhimov: 42 ölkənin nümayəndəsinin Bakıya gələcəyi dəqiqdir

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimovun Oxu.Az saytına müsahibəsi:

– Hazırda Azərbaycanda Paralimpiya Hərəkatının durumu nə yerdədir?

– Səmimi desəm, Paralimpiya Hərəkatı ayaq üstdədir. 1996-cı ildən bu quruma rəhbərlik edirəm. İlk illərdə bu qədər sayda idmançılarımız, məşqçilərimiz olmadığından çətinlik çəkirdik. İndi isə böyük bir hərəkat yarada bilmişik. Hazırda biz peşəkar idmanla yanaşı, böyük bir hərəkata çevrilməyi bacarmışıq. Çünki bu idmançılar həm də Azərbaycanın ictimai həyatında fəal rol oynayırlar.

– Bəzən paralimpiyanı Xüsusi Olimpiya Hərəkatı ilə də qarışdırırlar. Bu fərqi sizin dilinizdən eşidək...

– Xüsusi Olimpiya Komitəsi uşaq idmançıları özündə birləşdirir. Bu hərəkatda əqli cəhətdən qüsurlu uşaqlar iştirak edir. Bizim hərəkatda isə əqli cəhətdən zəif idmançılar yox, sağlamlıq imkanları zəif olan atletlər mübarizə aparır. Paralimpiya Hərəkatında görmə, yerimə qabiliyyəti məhdud olan idmançılar iştirak edir.

– Sizin rəhbərlik etdiyiniz qurumun maliyyələşməsi nə yöndədir?

– Bizim bəxtimiz onda gətirib ki, ölkə başçısı Milli Olimpiya Komitəsinin prezidentidir, idmana yaxın olan adamdır. Ona görə də bizə xüsusi qayğı var. Ona görə də cənab prezidentin qərarı ilə hər il Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi vasitəsilə dövlət büdcəsindən maliyyələşirik. Eyni zamanda, ölkə başçısının xüsusi sərəncamları ilə bizə dövlətin ehtiyat fondundan maliyyə ayrılır.

Özümüz də daha çox maliyyə tərəfdaşları tapmağa çalışırıq. Son zamanlar Olimpiya idman növləri ilə məşğul olan federasiyalarla sıx əməkdaşlıq edirik. Məsələn, Cüdo və ya Voleybol Federasiyasından müəyyən dəstək alırıq. Ona görə də hər il qarşımıza qoyduğumuz hədəflərə çatmaqda maliyyə problemləri ilə üzləşmirik. Problemlə üzləşdikdə isə tərəfdaşlarımız vasitəsilə bunu aradan qaldırırıq.

– Bizdə paralimpiya üzrə xüsusi klublar fəaliyyət göstərirmi?

– Milli Paralimpiya Komitəsi özündə 14 idman növünü əks etdirir. Ümumiyyətlə, Beynəlxalq Paralimpiya Hərəkatına 22 idman növü daxildir. Əslində, biz qarşımıza hədəf qoymuşuq ki, bizim komitənin nəzdində hansısa bir idman növü ilə məşğul olan federasiyalar və ya siz dediyiniz kimi klublar yaransın. Belə olsa, həmin federasiyalar milli komanda üçün idmançılar yetişdirər və biz də hər dörd ildən bir onların Paralimpiya Yay Oyunlarında iştirakına şərait yaratmış olarıq.

Bu gün isə biz həm də federasiyaların işini görürük. Ona görə də istəyirik ki, bizim komitəyə daxil olan 14 idman növü üzrə federasiyalar yaransın. Artıq bizdə Leyla Əliyevanın təşəbbüsü ilə Boççia Federasiyası fəaliyyət göstərir. Yeni yaradılmasına baxmayaraq, bu idman növünə Azərbaycanda axın yüksəkdir. Ona görə də milli komandanı asanlıqla seçə bilirik.

Millimizin üzvü İtaliya Açıq Çempionatında ilk dəfə qızıl medal qazanıb. Hesab edirik ki, Paralimpiya Oyunlarında bu növdə təmsil olunacağıq. Bundan başqa, Paraqılıncoynatma və Paravelosiped Federasiyaları artıq yaradılıb. Parataekvondo artıq Paralimpiya Oyunlarına daxil edilib. Bu idman növü Taekvondo Federasiyasının daxilində fəaliyyət göstərir. Parataekvondoda güclü idmançılarımız çoxdur.

– Deyəsən, paracüdoçularımız da Cüdo Federasiyasının maddi dəstəyi ilə yarışlara gedir...

– Doğrudur. Bəlkə də, ayrıca Paracüdo Federasiyasının yaradılmasındansa, belə olması yaxşıdır. Bu, həm pərakəndəliyə səbəb olmaz, həm də əlil idmançıların sağlamlarla birgə məşq edib cəmiyyətə inteqrasiya olmasına, onların psixoloji durumunun düzəlməsinə kömək edər. Ona görə bayaq qeyd etdim ki, biz bu Paralimpiya hərəkatına tək idman nöqteyi-nəzərdən yox, əlil atletlərin ictimai həyatda yer tutması baxımından da yanaşırıq.

Stolüstü Tennis Federasiyası da bizim idmançılarımızın təmənnasız inventarlarla təmin olunmasına dair razılığını verib. Qış Paralimpiya Oyunlarında da fəaliyyət göstərmək istəyirik. Bildiyiniz kimi, bu qış idman növləri Azərbaycanda bugünədək o qədər də inkişaf etmədiyindən, legionerlərə ehtiyac duyulur.

Bu ildən etibarən Qış İdman Növləri Federasiyası ilə əməkdaşlığa başlamışıq və dörd yerli idmançımızın yanvarda “Şahdağ” Qış İdman Kompleksində təlim-məşq toplanışı keçməsinə şərait yaradılıb. 2022-ci ildə Pekində keçiriləcək Qış Paralimpiya Oyunlarında ilk dəfə idmançımız iştirak edə bilər.

– Yaxınlarda paracüdo millimiz dünya çempionatında çıxış etdi. Çıxışımızı necə qiymətləndirirsiniz?

– Bu, Paralimpiya Oyunlarına ilk lisenziya balları verən turnir idi. Hesab edirəm ki, idmançılarımızın nəticələri yüksək qiymətləndirilməlidir. Onlar Azərbaycanda və Qoridə təlim-məşq toplanışı keçmişdilər. 42 ölkə arasında III yeri tutmaq yüksək nəticədir. Həmçinin iştirak edən 14 idmançımızdan 12-si ilk “yeddilik”də qərarlaşdı. Düşünürəm ki, bu, təhlil üçün ciddi əsasdır.

– Bildiyimə görə, ora gedən paracüdoçularımızdan görmə qabiliyyətinə görə testdən keçə bilməyənlər olub. Çünki saytınızda ora 17 idmançı ilə yollandığınız bildirilmişdi...

– Yox, bizdə tibbi təsnifatdan keçə bilməyən olmayıb. Sadəcə olaraq, komitənin saytında müəyyən səhvə yol verilmişdi. Portuqaliyaya 17 yox, 15 idmançımız yola düşməli idi. Bunlardan yalnız Dürsədəf Kərimova Şengen vizası məsələsində problemlə üzləşdiyindən, yarışa gedə bilmədi. O, Zülfiyyə Hüseynova ilə eyni - 70 kq çəki dərəcəsində çıxış etməli idi. Amma təəssüf ki, onun əvvəldən viza ilə bağlı problemi olduğundan, bunu həll edə bilmədik.

– Zülfiyyə Hüseynovadan söz düşmüşkən, məşhur cüdoçumuzun 48 yaşında paracüdo adından çıxış etməsi maraqla qarşılandı...

– O, bizə müraciət etdi. Dedi ki, görmə qabiliyyətində problemi var. Paracüdoda yaş məhdudiyyəti yoxdur. Onu oftalmologiya mərkəzində yoxladıq. Həkimlər dedi ki, bəli, onun görmə qabiliyyətində zəiflik var. Bundan sonra o, millimizlə məşqlərə başladı. Portuqaliyada da tibbi təsnifatdan keçəndə onun görmə qabiliyyətindəki zəiflik təsdiqləndi və yarışlarda iştirakına icazə verildi.

Paracüdo ilə cüdonun başlanması, qaydaları, texnikasında fərqliliklər var. Bu, onun paracüdoda ilk yarışı olduğundan və bu qaydaları tam mənimsəmədiyindən, fərdi yarışlarda medalsız qaldı. Amma komanda yarışlarında bürünc medal qazandı. Yəqin ki, növbəti yarışlarda təcrübəli şəxs kimi daha da uğurlu çıxış edəcək. 

– Yəni biz onu Paralimpiya Oyunlarında görə bilərik?

– Əlbəttə. Yaşı və sağlamlığı imkan versə, millimizdə yer alacaq. Bizim növbəti yarışımız mayda Bakıda olacaq. Bu, Dünya Kubokudur. Əvvəl cüdo, daha sonra paracüdo millilərimiz çıxış edəcək. Bu, Tokio Olimpiya və Paralimpiya Oyunları üçün reytinq balı verən yarış olacaq deyə, artıq azı 42 ölkənin nümayəndəsinin Bakıya gələcəyi dəqiqdir.

Paracüdoda növbəti tibbi təsnifat məhz Bakıdakı bu yarışda olacaq. Ona görə də burda ən azı 250 idmançının yarışacağı gözlənilir... Ümumiyyyətlə, cüdo çox dramatik idman növüdür. Fəndlər zamanı idmançıların başları tatamiyə dəyir. Sonradan bu idmançıların gözlərində gec-tez problem yaranır.

Təbii ki, onlar müraciət edəndə biz də hazır idmançılara “yox” demirik. Ancaq hələ bu idmançıların çıxış etməsi o demək deyil ki, onlar yarışdan medalla qayıdacaq. Vüqar Şirinli də Zülfiyyə kimi ilk dəfə bizim adımızdan çıxış etdi. Tanınmış idmançı olmasına baxmayaraq, o da qızıl medal qazana bilmədi və “bürünc”lə kifayətləndi. Çünki paracüdo çox mürəkkəbdir, onun öz qaydaları var.

– 2019-cu ildə bizi paracüdodan başqa, paralimpiyada hansı mötəbər yarışlar gözləyir?

– Gələn il paralimpiya baxımından zəngindir. Üzgüçülük, atletika, güllə atıcılığı, kamandan oxatma və s. üzrə dünya çempionatları və Dünya Kuboku yarışları var. Reytinq balları yığmaq üçün məcburuq ki, bu yarışlarda iştirak edək. Braziliya Paralimpiya Oyunlarında 22 idmançı ilə təmsil olunmuşduq. Çalışırıq ki, Tokioda idmançılarımızın və təmsil olunacağımız idman növlərinin sayını artıraq.

– Milli Paralimpiya Komitəsinin regionlarda rolu nə yerdədir?

– Biz artıq Gəncədə regional nümayəndəliyimizi açmışıq. Bura vasitəsilə Azərbaycanın qərb bölgəsinə nəzarət edirik. İndi çalışırıq ki, cənub, şimal, Aran, Qarabağ zonasında da belə mərkəzlər açaq.

– Bildiyimə görə, Bakıdakı ünvanınızı dəyişmək fikriniz var. Ofis dəyişikliyinin səbəbi nədir?

– Çünki işimiz, heyətimiz, beynəlxalq əlaqələrimiz genişlənir. Xarici qonaqları qəbul etmək üçün geniş şəraitimiz olmalıdır. Komitəmizin öz şuraları var. Hesab edirəm ki, onlar öz iclaslarını geniş konfrans otaqlarında keçirməlidir. Əvvəl daha çox nazirlikdə otururdum. İndi daimi iş yerim buradır. İstəyirəm ki, burda işləmək üçün əlverişli şərait yaradım. Yəqin ki, yeni ili yeni ofisdə qarşılayacağıq.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR