İlkin Süleymanovun məhkəməsində Nərminin atası ifadə verdi
Bu gün Gəncə Ağır Cinayətlər Məhkəməsində 10 yaşlı Nərmin Quliyevanı qaçırıb daha sonra öldürməkdə təqsirləndirilən İlkin Süleymanovun məhkəməsi keçirilib.
Ens.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hakim Dadaş İmanovun sədrliyi ilə baxış iclası baş tutub.
Dövlət ittihamçısı çıxış edərək ittiham aktını elan edib. İ.Süleymanov özünü təqsirli bilmədiyini deyib.
Buna uyğun olaraq öncə zərərçəkənin, sonra şahidlər və sonda İlkin Süleymanovun ifadə verməsinə qərar verilib.
Mərhum Nərmin Quliyevanın hüquqi varisi, atası Şərif Quliyev ifadə verərək qızının necə itməsi və polisə məlumat vermələri barədə danışıb. Onun ifadəsi yarımçıq saxlanılıb və prosesdə fasilə elan olunub.
Məhkəmənin növbəti prosesi iyunun 16-da keçiriləcək. Həmin iclasda Ş.Quliyevin ifadəsi davam etdiriləcək.
Qeyd edək ki, 2019-cu il noyabrın 21-də itkin düşən N.Quliyevanın 47 gündən sonra, 2020-ci il yanvarın 6-da yanmış meyiti tapılıb. İttihama görə, İ.Süleymanov Nərmini küçədə görüb aldatdıqdan sonra evə aparıb və valideynləri ilə birgə qaldığı həyətdə heç kimin olmadığı evdə saxlayıb.
Rəsmi açıqlamada bildirildi ki, İlkin Süleymanovun yaşadığı evin həyətinə giriş qapısının və həyətə döşənmiş süni daş örtüyünün üzərindən, N.Quliyevanın saxlanıldığı otaqda olan çarpayının örtüyü və pərdənin üzərindən qanabənzər ləkələr, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət