Slimfit
  1. AZƏRBAYCAN

İlham Əliyev Saleh Məmmədovu qəbul etdi

İlham Əliyev Saleh Məmmədovu qəbul etdi
Sakura

İlham Əliyev Saleh Məmmədovu qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 17-də Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədovu qəbul edib.

Ölkəmizdə yol tikintisinin geniş vüsət aldığını bildirən Prezident İlham Əliyev dedi:

- Yol tikintisi Azərbaycanda geniş vüsət alıb. Hər il bizdə min kilometr yeni yol çəkilir. Bu il də istisna deyil. Şadam ki, Davos Ümumdünya İqtisadi Forumunun son hesabatında bu sahədə də irəliləyiş var. Keçən dəfə yolların keyfiyyətinə görə biz 34-cü yerdə olmuşuqsa, bu il 27-ci yerdəyik və MDB məkanında birinci yerdəyik. Bu, onu göstərir ki, yol infrastrukturuna qoyulan sərmayə öz səmərəsini verir. Yol tikintisi geniş vüsət alıb və yollar yüksək keyfiyyətlə tikilir. Belə də davam edin. Azərbaycanın bütün yolları bundan sonra da ən yüksək standartlara cavab verməlidir.

Bu ilin investisiya proqramında yolların tikintisi üçün kifayət qədər vəsait ayrılıb. Həm magistral yolların, şəhərlərarası, kəndlərarası və kənd yollarının çəkilişi üçün. Magistral yollara gəldikdə, biz əsas qonşularımızla - üç qonşu ölkə ilə yollarımızın çəkilişini demək olar ki, başa çatdırmışıq. İndi Rusiya sərhədinə qədər yeni yol çəkilir. Bu barədə məlumat verərsiniz. Eyni zamanda, Gürcüstan istiqamətinə - Gəncədən sərhədə qədər ikizolaqlı yolu biz dördzolağa genişləndiririk. Bu layihə haqqında da məlumat verərsiniz. İran sərhədinə qədər yolun bir hissəsinin çəkilişi hələ qalıb, əsas yol çəkilib, məsafə də qısalıb. Bu da çox önəmli layihədir.

Bu il, eyni zamanda, şəhərlərarası yolların çəkilişinə və kənd yollarının tikintisinə vəsait nəzərdə tutulub. O cümlədən son dəfə mən sizə tapşırıq verdim ki, Bakı qəsəbələrinin yollarına da diqqət yetirilsin. Bakının həm qəsəbələrarası, həm də qəsəbədaxili yolları təmir olunmalıdır, yeni yollar çəkilməlidir. Bəzi yerlərdə hələ torpaq yollar mövcuddur. Torpaq yollar olmamalıdır. Qəsəbədaxili yollara asfalt vurulmalıdır.

İndi isə məruzə edin, bu günə qədər nə işlər görülüb və ilin sonuna qədər hansı addımlar atılacaq?

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov dedi:

- Möhtərəm cənab Prezident.

Sizin 2019-cu il yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd etdiyiniz kimi, bu ilin investisiya proqramında yol tikintisi üçün kifayət qədər vəsait nəzərdə tutulmuşdur. Bu vəsait hesabına 2019-cu ildə Azərbaycanda min kilometrə qədər yeni avtomobil yollarının salınması, təmir olunması, körpülər tikilməsi nəzərdə tutulurdu. Bu gün mən Sizə məruzə edirəm ki, cari ilin doqquz ayı ərzində ölkədə artıq 903,5 kilometr uzunluğunda avtomobil yolları çəkilib və istismara tam hazırdır.

Prezident İlham Əliyev: Yəni, ilin sonuna qədər min kilometrə çatdırılacaq.

Saleh Məmmədov: İlin sonuna qədər 1122 kilometr olacaq. Çünki Sizin bölgələrə səfərləriniz zamanı orada əhalinin xahişini nəzərə alaraq, əlavə yolların tikintisinə sərəncamlar vermisiniz. Biz artıq bu ilin sonunadək həmin yolların da tikintisini başa çatdıracağıq. Bu yollardan biri Qaxda səfərdə olduğunuz zaman verdiyiniz tapşırığa əsasən M-5 magistral yolundan İlisu kəndinə qədər uzunluğu 33,5 kilometr olan avtomobil yolunun tikintisi artıq başa çatıb, yüksək keyfiyyətlə təhvil veriləcək.

Prezident İlham Əliyev: Xınalığa yeni yolun çəkilişi nə yerdədir?

Saleh Məmmədov: Xınalığa çəkilən 31 kilometrlik yeni yolun artıq 10 kilometrlik hissəsinin torpaq yatağı tam hazırdır. Bundan əlavə, Xınalığa gedən yolun başlanğıcı olan, Quba-Qusar yolundan ayrılan asfalt-beton örtüklü 24 kilometrlik Alpan-Susay yolu istismara tam hazırdır. O yol üzərində iki körpü tikilib və tam hazır vəziyyətdədir.

Prezident İlham Əliyev: Bir də Qonaqkəndə yolun çəkilişi nəzərdə tutulmuşdu. O kənddən də müraciətlər daxil olmuşdu. Mən Sizə uzunluğu 50 kilometrdən çox olan Qonaqkənd yolunun tikintisini də tapşırmışdım.

Saleh Məmmədov: Bəli, uzunluğu 50,3 kilometrdir.

Prezident İlham Əliyev: O nə vaxt təhvil veriləcək?

Saleh Məmmədov: Möhtərəm cənab Prezident, yolun ikiqat asfalt-beton örtüklü 40 kilometrlik hissəsi tam hazırdır. O yolun üzərində artıq 7 körpü tikilmişdir. Sonuncu körpü Vəlvələçay çayının üzərində salınıb. İllər boyu orada körpü olmamışdır. Çay daşanda insanlar günlərlə, həftələrlə gözləməli olurdular. Bu gün 120 metr uzunluğunda, 11 metr enində altı aşırımlı körpü tikilib, istismara tam hazır vəziyyətdədir. Sizin tapşırığınıza əsasən növbəti ilin investisiya proqramında vəsait nəzərdə tutulub. Bu vəsait hesabına yola aşınma qatı da vurulacaq və həmin 50,3 kilometrlik yol istismara tam hazır olacaq.

Prezident İlham Əliyev: Magistral yollarla bağlı vəziyyət necədir? Xüsusilə Rusiya sərhədinə gedən yeni yolun çəkilişi nə yerdədir?

Saleh Məmmədov: Möhtərəm cənab Prezident, Sizin tövsiyə və tapşırığınıza əsasən, hələ 2018-ci ildə Bakıdan Rusiya sərhədinə qədər yeni bir yolun çəkilişi qərara alındı. Biz ilkin layihələndirməyə uyğun olaraq, Bakı-Rusiya sərhədi avtomobil yolunun 45-ci kilometrliyindən, yəni, Zeynalabdin Tağıyev qəsəbəsinin yaxınlığından Rusiya sərhədinə qədər yeni bir yolun çəkilişinə başladıq. Bu gün yeni yolun 45-ci kilometrdən Giləziyədək - 75-ci kilometrə qədər olan hissəsinin asfalt-beton örtüyü ikiqat olmaqla tikinti işləri yerinə yetirilmişdir. Həmin yolun üzərində bir yol qovşağı tikilmişdir. Ümumi götürəndə, Rusiya sərhədindən isə Bakıya tərəfə olan istiqamətdə 38 kilometr yol asfaltlanmışdır. Yol yatağı 92 kilometr hissədə tam tikilmişdir. Nəzərə alınmışdır ki, 2020-ci ilin sonuna qədər biz bu yolu istismara təhvil verəcəyik. Sizin tapşırığınıza əsasən o yolda eyni səviyyədə kəsişən heç bir yol qovşağı olmayacaq. Yəni, beş yerdə müxtəlif səviyyəli yol qovşağı olacaq ki, yeni yolu rayon mərkəzləri ilə birləşdirsin.

Prezident İlham Əliyev: Aydındır. Bəs, Gəncə-Gürcüstan sərhədi yolunun dörd zolağa genişləndirilməsi nə yerdədir?

Saleh Məmmədov: Gəncə-Gürcüstan yolunun Qırmızı Körpüyə qədər olan 131 kilometrlik hissəsində işlər davam etdirilir. Bu ilin sonunadək yolun 34 kilometrlik hissəsinə aşınma qatı da daxil olmaqla asfalt-beton örtüyü vurulacaq. Torpaq yatağı üzrə işlərin 72 faizi artıq yerinə yetirilmişdir. Yolun tikintisi altına düşən pay torpaqları bu məqsəd üçün ayrılmış vəsaitdən kompensasiya ödənilməklə alınmışdır. Heç bir maneəmiz yoxdur. Bu yolun başa çatdırılması 2022-ci ilə nəzərdə tutulub. Amma biz Sizə söz veririk ki, həmin yolu 2021-ci ilin sonunadək yüksək keyfiyyətlə təhvil verəcəyik.

Prezident İlham Əliyev: Bir də ki, magistral yolların arasında İran sərhədinədək uzanan yol da bizim diqqətimizdədir. Hazırda İran sərhədinə yol Astara şəhərinin içərisindən keçir ki, bu da narahatlıq yaradır. Ona görə mən göstəriş vermişəm ki, Astara rayonunun ərazisindən İran sərhədinə qədər yeni marşrut üzrə yol çəkilsin. Bu istiqamətdə hansı işlər görülür?

Saleh Məmmədov: Cənab Prezident, 2018-ci ildə Astaraya səfəriniz zamanı əhalinin bu məsələ ilə bağlı müraciətindən sonra Siz ilkin olaraq 2 milyon manat vəsait ayırdınız. Hazırda İran sərhədinə qədər yol çəkilmişdir. Astara çayı üzərindəki körpünün tikintisi məsələsi həll olunur. Bu ilin noyabrında İranın yol işçiləri ilə görüş keçiriləcək. Həmin görüşdə memoranduma qol çəkiləcək. Körpü hazır olan kimi biz artıq yolu istifadəyə verəcəyik. Beləliklə, o yol Astara şəhərinin daxilindən çıxarılacaq.

Prezident İlham Əliyev: Çox yaxşı. Həmçinin qəsəbədaxili yollara da mütləq fikir vermək lazımdır. Bu yaxınlarda Kürdəxanı qəsəbəsinin yolları demək olar ki, tam həcmdə təmir olunub. Bu gözəl nümunə bütün qəsəbələrdə öz əksini tapmalıdır.

Saleh Məmmədov: Möhtərəm cənab Prezident, Sizin birbaşa göstərişiniz və qayğınız nəticəsində bu il Bakının qəsəbələrində 242 kilometr daxili yollar asfaltlanaraq tam istifadəyə verilib. İndi həmin qəsəbələrin əhalisi çox rahat yollardan istifadə edirlər. Bundan əlavə, ilin sonunadək qəsəbələrdə daha 57 kilometr yolun çəkilişi başa çatdırılacaq. Yəni, biz Sizin tövsiyənizlə qəsəbədaxili müasir yolların uzunluğunu bu il təqribən 300 kilometrə çatdıracağıq. Buna da Sizin tərəfinizdən vəsait ayrılmışdır. Biz çalışırıq ki, ayrılmış vəsait hesabına həmin yolların çəkilişini yüksək səviyyədə başa çatdıraq.

Prezident İlham Əliyev: İndi gələn ilin investisiya proqramının müzakirəsi gedir. Əlbəttə ki, yol çəkilişi dövlət investisiya proqramında əhəmiyyətli yer tutacaqdır.

Mənbə: publika.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xurşidbanu Natəvan və Qasım bəy Zakirin də qohumluq əlaqələri vardır. Hər ikisi Cavanşirlər sülaləsindəndir.

Redaktor seçimi

SON XƏBƏRLƏR