Slimfit
  1. AZƏRBAYCAN

İlham Əliyev: Hər il Azərbaycanda minimum 6 min köçkün ailəsi evlərlə təmin olunacaq

İlham Əliyev: Hər il Azərbaycanda minimum 6 min köçkün ailəsi evlərlə təmin olunacaq
Sakura

İlham Əliyev: Hər il Azərbaycanda minimum 6 min köçkün ailəsi evlərlə təmin olunacaq

Hər il Azərbaycanda minimum 6 min köçkün ailəsi evlərlə təmin olunacaq.

Publika.az xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 8-də Bakının Qaradağ rayonunda məcburi köçkünlər üçün salınmış "Qobu Park-2" yaşayış kompleksinin açılışında bildirib.

Dövlət başçısı qeyd edib:

"Bu gün sizin həyatınızda çox əlamətdar bir gündür. Siz yeni mənzilə köçürsünüz. Bu münasibətlə sizi və digər bacı-qardaşlarınızı təbrik edirəm. Bu iki yaşayış kompleksinin istifadəyə verilməsi çox gözəl, əlamətdar hadisədir. Burada 1300 köçkün ailəsi ən müasir şəraitdə yaşayacaq. Burada gözəl binalar tikilib, infrastruktur yaradılıb, bütün təchizat təşkil olunub - qaz, su, işıq, istilik, gözəl həyət. Ona görə bu kompleksin istifadəyə verilməsi, əlbəttə ki, ölkəmiqyaslı bir hadisədir.

"Qobu-1" yaşayış kompleksi keçən il istifadəyə verilmişdir və biz açılışda iştirak etmişdik. Orada artıq 1000-dən çox ailə yaşayır, burada isə 1300 ailə və "Qobu-3" yaşayış kompleksində də 1300 ailə yaşayacaq. Beləliklə, 4000-ə yaxın ailə bu gözəl şəraitlə təmin olunub. Məktəblər, uşaq bağçaları, ticarət mərkəzi, tibb məntəqəsi - yaşayış üçün bütün lazımi şərait yaradılıb. Bu qəsəbəyə gözəl yollar da çəkilib, ona görə nəqliyyat problemləri də olmayacaq. Bu, bir daha onu göstərir ki, Azərbaycan dövləti ağır vəziyyətdə yaşayan vətəndaşların problemlərinin həllində çox böyük addımlar atır. Bildiyiniz kimi, yüz minlərlə köçkün ailəsi evlərlə təmin edilib, yüzdən çox şəhərcik salınıb. Çadır şəhərciklərinin ləğv edilməsi prosesi 2007-ci ildə başa çatıb və hazırda köçkünlərin yaşayışı üçün çox gözəl şərait yaradılıb. Eyni zamanda, hələ də ağır vəziyyətdə yaşayan soydaşlarımız var, - yataqxanalarda, məktəblərdə, uyğun olmayan binalarda, - onların da problemləri həll olunacaq. Hər il Azərbaycanda minimum 6 min köçkün ailəsi evlərlə təmin olunacaq. Orta hesabla hər bir ailədə 5 nəfər vardır, beləliklə, hər il 30 min insan üçün biz yeni evlər, mənzillər tikib təhvil veririk. Yəni, bu, əslində bir şəhərdir. İndi Qobu qəsəbəsində yeni bir şəhər yaradılıb. Bütün infrastruktur var. Təsadüfi deyil ki, beynəlxalq təşkilatlar, o cümlədən BMT Azərbaycanda məcburi köçkünlərə göstərilən qayğı və diqqətin səviyyəsini çox yüksək qiymətləndirir, bir çox ölkələr üçün Azərbaycanda bu sahədə aparılan siyasət bir nümunə kimi göstərilir. Eyni zamanda, bildiyiniz kimi, bu il məcburi köçkünlərə dövlət tərəfindən ayrılan müavinətin həcmi də 50 faiz artıbdır. Hər bir köçkünə bu məbləğ verilir, baxmayaraq ki, o, işlə təmin olunub, təmin olunmayıb. Bu da bizim sosial siyasətimizin nəticəsidir. Biz bundan sonra da ardıcıl olaraq bu siyasəti aparacağıq, hələ də ağır vəziyyətdə yaşayan soydaşlarımızın yaşayış problemlərini həll edəcəyik.

Ancaq əlbəttə ki, əsas məsələ bu gün hələ də işğal altında olan torpaqlar azad ediləndən sonra orada yeni binaların, kəndlərin, şəhərlərin salınmasıdır. Bunu da biz edəcəyik, necə ki, vaxtilə işğal altında olmuş Dağlıq Qarabağ Muxtar Vilayətinin inzibati ərazisində yerləşən Şıxarx qəsəbəsində bu gün gözəl bir şəhərcik salınıb. Orada da 1000-dən çox ailə məskunlaşıb. Aprel döyüşləri nəticəsində azad edilmiş torpaqlarda yeni qəsəbə salınıb - Cocuq Mərcanlı qəsəbəsi, hansı ki, bu gün Azərbaycan xalqının əyilməz ruhunun, iradəsinin təcəssümüdür. Uzun illər evlərlə təmin edilmiş soydaşlarımız, - onların bir çoxu Biləsuvarda salınmış köçkün şəhərciyində yaşayıb, - böyük həvəslə öz doğma torpaqlarına qayıdıblar. Bu gün orada həyat qaynayır, əkin-biçin prosesi gedir, abadlıq işləri aparılır, iş yerləri yaradılır.

Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Bizim ərazi bütövlüyümüz bütün dünya tərəfindən tanınır və biz ardıcıl olaraq bu istiqamətdə öz siyasətimizi aparırıq. Ərazi bütövlüyümüzlə bağlı heç bir kompromisdən söhbət gedə bilməz. Bu, danışıqlar mövzusu deyil və olmayacaq. Daha da güclü olmalıyıq və güclənirik. Həm iqtisadi gücümüz artır, eyni zamanda, vətəndaşlarımızın əyilməz iradəsi, öz yurdundan didərgin salınan soydaşlarımızın əzmi torpaqlarımızın azad olunacağı günü yaxınlaşdırır.

Bu gözəl yaşayış yerini özəl sektor inşa edib. Bu da bir yenilikdir. Çünki bu günə qədər 100-dən çox şəhərciyi Dövlət Neft Fondunun xətti ilə tikmişik. Mən çağırış etmişdim ki, Azərbaycanda böyük şirkətlər sosial məsuliyyət daşımalıdırlar. Demişdim ki, imkanlı sahibkarlar ağır vəziyyətdə yaşayanlara əl uzatmalıdırlar və şadam ki, mənim çağırışıma özəl qurumlar müsbət reaksiya verib. "Qobu-1", "Qobu-2" və bu gün tikilməkdə olan "Qobu-3" yaşayış kompleksləri 100 faiz özəl sektorun hesabına salınıbdır. Mən bu fürsətdən istifadə edərək, bütün Azərbaycan şirkətlərinə, - kimin böyük imkanı var, kimin o qədər də böyük imkanı yoxdur, - deyirəm ki, həmrəylik göstərməlidirlər, sosial məsuliyyət daşımalıdırlar. Bizim cəmiyyətimizdə qeyri-bərabərlik, təbəqələşmə, kasıblar olmamalıdır. Yoxsulluqla bağlı mübarizə indi görün, nə qədər gözəl nəticə verir. Bütün aparıcı beynəlxalq maliyyə qurumları bunu qeyd edir. Azərbaycanda yoxsulluq 5 faiz səviyyəsindədir, o da olmamalıdır. Amma biz bilirik ki, bəzi inkişaf etmiş ölkələrdə yoxsulluğun səviyyəsi 10-15 faizdir. Yəni, bu, sadəcə olaraq, necə deyərlər, müqayisə üçün səslənən rəqəmdir.

Ona görə özəl sektor daha da məsuliyyətli olmalıdır. Dövlət bu qədər kömək göstərir, kreditlər verir, şərait yaradır, infrastruktur layihələrini icra edir. Ona görə özəl sektor gərək bu işlərə qoşulsun və Dövlətqaçqınkoma müraciət etsin, desin ki, mən istəyirəm köçkünə bir, beş, yüz mənzil verim. Bu, olmalıdır. Əminəm ki, bu sözlərimdən sonra Dövlətqaçqınkoma ediləcək müraciətlərin sayı çox olacaq. Sizi bir daha təbrik edirəm".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Nizami Gəncəvi

Redaktor seçimi

SON XƏBƏRLƏR