İlham Əliyev: “Əsas məqsədimiz iqtisadiyyatımızın şaxələndirilməsini davam etdirməkdir”
Sizinlə gələcək planlarımız barədə söhbət etmək imkanına görə şadam. Əlbəttə, bilirsiniz ki, pandemiya səbəbindən biz videokonfrans vasitəsilə görüşmək imkanından istifadə etməli oluruq. İlk növbədə, mən Bankın Azərbaycana göstərdiyi bu diqqətə görə minnətdarlığımı ifadə etmək istərdim. Düşünürəm ki, demək olar son 30 ildə biz çox güclü tərəfdaşlıq əlaqələri qurmuşuq.
Ens.az Oxu.az-a istinadən xəbər verir ki,bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidenti xanım Odil Reno-Bassonu və bankın rəhbərliyinin digər nümayəndələrini videoformatda qəbul edərkən deyib.
“Bank ölkənin transformasiyasında, iqtisadiyyatımızın şaxələndirilməsində bizi dəstəkləyib. Bizim 3 milyard avrodan çox məbləğdə layihələrimizin maliyyələşdirilməsi faktı bunu açıq-aşkar nümayiş etdirir. Hazırda bu portfelin yarısının özəl sektora yönəlmiş vəsait olması da mühüm əhəmiyyət kəsb edir. Bu da əməkdaşlığımızın yaxşı göstəricisidir.
Bizim dövlət şirkətləri tərəfindən həyata keçirilən infrastruktur layihələrinə gəlincə, onların demək olar ki, hamısı tamamlanıb. Mənə məlumat verilib ki, bizdə 13 layihə var, onların 12-si uğurla tamamlanıb və sonuncusu tamamlanma prosesindədir. Mən, həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankının bizim enerji layihələrinə, xüsusilə Cənub Qaz Dəhlizinə, onun Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən 1 milyard avro məbləğində maliyyələşdirilmiş sonuncu hissəsi olan TAP-a verdiyi dəstəyə görə minnətdaram.
Bildiyiniz kimi, ötən ilin son günündə biz TAP və Cənub Qaz Dəhlizinin açılışını qeyd etdik. Bu, həqiqətən də Avrasiyanın enerji xəritəsini dəyişən tarixi nailiyyət idi. Bildiyiniz kimi, hazırda bizim əsas məqsədimiz iqtisadiyyatımızın şaxələndirilməsini davam etdirməkdir. Düşünürəm ki, xüsusilə bu il və ötən il, pandemiyaya baxmayaraq, nəticələr çox ümidvericidir. Ümumi daxili məhsulda müəyyən azalmaya baxmayaraq, bizdə qeyri-enerji sənayesi istehsalında artım var. Bu iki ayda bizdə artım 12 faizdən çox olub.
Beləliklə, bu, bizim sənayemizin şaxələndirilməsinin yaxşı göstəricisidir. Biz neft satışlarından topladığımız vəsaiti özəl sektoru, sənaye potensialımızı dəstəkləməyə yönəltməyə nail olduq və qeyri-enerji sənayesində 12 faiz artım həqiqətən də əlamətdar hadisədir”, - dövlət başçısı bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət