İldırımdan necə qorunmalı?
Hər il dünyada üç minə yaxın insan ildırımvurma nəticəsində dünyasını dəyişir. Hər saniyədə dünyanın müxtəlif nöqtələrində təxminən 100 ildırım qeydə alınır.
Oxu.Az-ın məlumatına görə, fırtına, qasırğa, tufan kimi təbiət hadisələri ilə müqayisədə, ildırımvurmadan ölən insanların sayı daha çoxdur.
Əksər hallarda ildırım uca ağaclara, dəmir yollarında olan transformator qurğularına, müxtəlif çoxmərtəbəli bina və obyektlərə düşərək yanğınlara səbəb olur. İldırım meşələrdə ağacsız yerlər, yəni talalar istisna olmaqla, heç vaxt torpağı vurmur, çünki ağaclar təbii ildırım ötürücü rolunu oynayır.
Yağışlı-şimşəkli havada ildırımdan qorunmaq üçün nə etmək lazımdır?
İldırım çaxırsa, mənzilin pəncərələrini bağlayın, elektrik avadanlıqlarını cərəyan mənbəyindən ayırın, təhlükə vaxtı onlara toxunmayın, telefonla danışmayın. Radiator və digər qızdırıcı sistemlərin borularına əl vurmayın.
Bu müddət ərzində duş qəbul etməyin, qab-qacaq və paltar yumayın, çünki su yaxşı elektrik keçiricisidir. Təhlükə vaxtı mənzilləri tərk etmək lazım deyil. Çünki belə hallarda ən təhlükəsiz yer qapalı yerlərdir.
Şimşək çaxması zamanı avtomobil və qatarda olmaq təhlükəsizdir. İldırım çaxdığı zaman avtomobildən çıxmaq olmaz, çünki avtomobilin təkərləri cərəyanı torpağa ötürür. Qatarda da təhlükə yoxdur.
Açıq sahədə şiddətli şimşək və yağış altında saçların qalxdığı hiss edilirsə, bu ildırım düşmə riskinin olması (ildırımın baş verəcəyindən xəbər verir) deməkdir. Belə hallarda ayaqlar birləşmiş vəziyyətdə dərhal diz üstə yerə çökmək, əlləri dizlərin üstünə qoymaq və önə doğru əyilmək tövsiyə olunur. Bu “embrion vəziyyəti” adlanır.
Su yaxşı elektrik ötürücüdür. Buna görə də ildırım çaxanda suda çimmək və ya qayıqla üzmək olmaz. Sürətlə hərəkət etdikdə ildırım kürəsi üçün əlverişli hava kanalı əmələ gəlir. İldırım çaxanda qaçmaq və ya velosiped sürmək məsləhət görülmür.
Təbiət qoynunda istirahət edənlərə şimşək zamanı tonqalları söndürmək məsləhət görülür, çünki tüstü ildırımı sudan da tez keçirir.
Yağışlı və göy gurultulu havada küçədə olarkən ildırımdan qorunmaq üçün bayraq, telefon, işıq və buna bənzər digər metal dirəklərdən uzaqda dayanın, çünki bu cür dirəklərə ildırımın düşmə riski daha çoxdur.
İslanmış bədən və paltarlar ildırım vurma təhlükəsini artırır. Şimşəkli-ildırımlı havada yaş paltar və yaş ayaqqabı ilə gəzməyin. Açıq ərazilərdə çətir açmayın, çünki çətirin üst hissəsindəki metal çubuq ildırım zamanı çox təhlükəlidir.
Traktor, kombayn, otbiçən maşın, motosiklet, velosiped və bu kimi vasitələrdən 30 metr aralı dayanın. Qrup halındasınızsa, toplu halda qalmayın, bir-birinizdən ən azı 1,5 metr məsafədə dayanın.
İldırımvurma nəticəsində insan bədənində patoloji dəyişikliklər baş verir. Tənəffüs və ürək qan-damar sisteminin fəaliyyəti pozulur, eşitmə, görmə qabiliyyəti, şüur və yaddaş itə bilər. Eyni zamanda, bədəndə yanıqların əmələ gəlmısi istismna edilmir. İldırım vurması nəticəsində zərərçəkmişin bədənində ildırımın izi - giriş və çıxış nöqtələri görünür.
İldırımvurma zamanı ürək və tənəffüs fəaliyyəti pozulduğu üçün həkim gələnə qədər zərərçəkmişin ürəyini masaj edin və süni tənəffüs verin. Ranimasiya tədbirləri görülməlidir. İldırımvurma zamanı ölümün səbəbi ürək qan-damar sisteminin və tənəffüs mərkəzinin fəaliyyətinin dayanmasıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət