İlanların kütləvi məhvi nələrə səbəb ola bilər?
“Azərbaycanda ilanların sayının artması müşahidə olunmur”.
Hurriyyet.org xəbər verir ki, bunu apa-ya açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Zoologiya İnstitutunun direktoru Elman Yusifov deyib. Onun sözlərinə görə, Azərbaycanda təxminən 54 ilan növü var və onların təxminən 7-si zəhərlidir: “Hazırda kənd təsərrüfatında çox inkişaf gedir. Əvvəllər örüş kimi istifadə olunan ərazilər indi becərilir. Həmin becərilmiş ərazilərin canlıları da başqa yerlərə köçürlər. Ona görə insanlarda belə bir təsəvvür yaranır ki, ilanların sayı artır”.
E.Yusifov qeyd edib ki, zəhərli ilanlar əsasən Kür-Araz ovalığı, yarımsəhra və çöl ərazilərdə yayılırlar: “İndi əkin sahələrində, fermer təsərrüfatlarında işlərin pik dövrüdür. Ona görə ehtiyatlı olmaq, təhlükəsizlik qaydalarına riayət etmək lazımdır. İlk olaraq, sahəyə gedərkən möhkəm rezin çəkmə geyinməli, şalvarın ətəyi mütləq çəkmənin içində olmalıdır. Bundan başqa çəpərlərdə olan çatları, xüsusən zirzəmilərə girişi bağlamaq lazımdır. İlanlar kölgəliyə və ya su ardınca gəlirlər. Yaxşı olardı ki, insanlar ekologiya idarələri, müxtəlif qurumlar tərəfindən məlumatlandırılsınlar. Bizə şikayət olunan ilanların təxminən 80-85%-i tam zəhərsiz ilanlardır”.
Direktorun sözlərinə görə, insanların bu sahədə maarifləndirilməsi kifayət qədər olmadığından həmin ilanları müxtəlif fantastik adlarla adlandırır və onları məhv edirlər: “İlanları kütləvi məhv etmək böyük təhlükədir. İlanlar xırda gəmiricilərlə qidalanırlar. Onların belə kütləvi məhvi xırda gəmiricilərin sayının anormal sürətdə artmasına səbəb olacaq. Bu issə ilk növbədə dənli bitkilərə, tarlalara böyük ziyan vuracaq. Xırda gəmiricilər eyni zamanda təhlükəli xəstəliklərin daşıyıcılarıdırlar”.
E.Yusifov bildirib ki, hazırda gəmiricilərin sayında artım yoxdur. Direktor əlavə edib ki, Kür-Araz ovalığı, Ceyrançöl, Şirvan düzü, Abşerondan tutmuş yarımsəhra ərazilər hamısı zəhərli ilanların təbii məskənləridir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət