Yeni şöbələrin istifadəsi ilə xəstələrin ehtiyaclarının dövlət hesabına ödənilməsinə imkan veriləcək
Nazirlər Kabinetinin 2016-2020-ci illər üçün "Xroniki Böyrək Çatışmazlığı" Dövlət Proqramına uyğun olaraq Sabirabad və Zərdab MRX-da Hemodializ şöbələri əhalinin istifadəsinə verilib.
Sputnik Azərbaycan-a Səhiyyə Nazirliyindən məlumat verilib ki, Sabirabadda istifadəyə verilən 8, Zərdab Mərkəzi rayon xəstəxanasında isə 5 süni böyrək aparatları bu xəstəlikdən əziyyət çəkən hər iki rayon sakinlərinin ehtiyaclarını dövlət hesabına ödəməyə imkan verəcək.
"Bu gün Azərbaycanda dövlət hesabına hemodializlə müalicə üçün demək olar ki, növbədə olan xəstə yoxdur. Xəstələr 71 adda dərman və tibbi ləvazimatlarla Səhiyyə Nazirliyinin tərəfindən tam təmin olunurlar" - deyə nazirlikdən verilən məlumatda bildirilib.
Qeyd edək ki, xroniki böyrək çatışmazlığı (XBÇ) və ya böyrəklərin xroniki xəstəliyi müxtəlif səbəblərdən böyrəklərin funksiyasının tədricən itməsi və təkrar bərpa olunmaması ilə nəticələnən patoloji haldır.
Böyrəklərin xroniki iltihabi xəstəlikləri, sidik yollarının infeksiyaları, anadangəlmə böyrək anomaliyaları, bir sıra uroloji patologiyalar və böyrək daşı xəstəliyi, şəkərli diabet, hipertoniya xəstəliyi və s. böyrək çatışmazlığı ilə fəsadlaşa bilər.
Xəstəliyin ilk mərhələlərində dərman müalicəsi ilə böyrək çatışmazlığının sonrakı inkişafının və gözlənilən ağırlaşmaların qarşını almaq mümkün olur. Lakin konservativ müalicə effektsiz olduğu hallarda böyrəklərin artıq itirilmiş funksiyalarını əvəz edə biləcək müalicə üsulları tətbiq olunur ki, bunlara hemodializ, periton dializi və böyrəkköçürmə aiddir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət