İcra başçısı səyyar qəbul keçirdi
Mayın 1-də Masallı Rayon İcra Hakimiyyəti başçısının növbəti səyyar görüş - qəbulu Təklə inzibati dairə nümayəndəliyinin Sığıncaq kəndində keçirilib.
“Qafqazinfo” xəbər verir ki, səyyar qəbulda 100-dən çox kənd sakini iştirak edib.
Görüşü Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov açaraq əhalini salamlayıb, Təklə ərazisində 2 yeni məktəbin tikintisini, dünya Səhiyyə Standartlarına uyğun, Viləş çayı mənbəyindən götürülmüş içməli suyun çəkilişi, ərazidə qazlaşmanın aparılması və SİP kabelləşmənin tam başa çatmasını vurğulayıb.
Qeyd olunub ki, 2019-cu il sosial inkişaf və əhalinin sosial müdafiəsi baxımından başqa illərdən fərqlənən il olacaq. Bu ilin birinci ayında qeyri-neft sektorunda sənaye istehsalının təxminən 14 faiz artırılması əlavə gəlirlər yaradıb. Nəticədə minimum əməkhaqqı və minimum pensiyaların məbləğini 38 faiz artırmaq mümkün olub.
Ərazi sakinlərindən Cavanşir Əhmədov, Əhmədağa Cəfərov, Sabir Mustafayev, Nazim Eyniyev, Fəxrəddin Tağıyev, İbadulla Ağayev, Yavər İsmayılov və başqaları çıxış edərək Xoşçobanlı kəndinin tam qazlaşdırılmasını, Sığıncaq kənd tam orta məktəbin qaz xəttinə qoşulmasını, güclü yağan yağışlar zamanı ərazinin su basmasının qarşısını almaqdan ötəri kanalların təmizlənməsini məsələsini gündəmə gətiriblər.
Əksər məsələlər yerində həll olunub.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət