Slimfit
  1. AZƏRBAYCAN

İçərişəhər necə dəyişib? Köhnə və yeni fotoların müqayisəsində

İçərişəhər necə dəyişib? Köhnə və yeni fotoların müqayisəsində
Sakura

İçərişəhər necə dəyişib? Köhnə və yeni fotoların müqayisəsində

UNESCO İçərişəhəri hələ 2000-ci ildə dünya irsinin memarlıq abidəsi elan edib.

Oradakı orta əsr divarlarının önünü kəsən restoranların durmadan artması ölkə hakimiyyətinin ünvanına çoxsaylı tənqidlərlə nəticələnib.

Qala divarlarının arasında yerləşən İşərişəhər hələ 2000-ci ildə memarlıq abidəsi olaraq UNESCO dünya irsi siyahısına daxil edilib. O vaxtdan etibarən həmin ərazidəki Şirvanşahlar sarayına, məscidlərə və onlarla qədim evə "əl gəzdirilib".

Görülən işlərin bəziləri yerli əhali tərəfindən narazılıqla qarşılanıb.

Orta əsr qala divarlarını tamamilə görünməz edən restoranların tikilməsi isə hakimiyyətə qarşı tənqid selinə səbəb olub.

İçərişəhərin bu illərdə necə dəyişdiyini arxiv fotolarından görmək olar.

Cilalanmış divarlar

Bu, Sabir adına bağın yanındakı qala girişidir. Alaqapı və pilləkənlər indi təptəzə görünür.

İçərişəhərdəki Şirvanşahlar sarayı XV əsrdə tikilib, amma XXI əsr dəbiylə təmir olunub.

Bu isə kompleksdəki məscidlərdən birinin minarəsidir.

Slayderi hərəkət etdirməklə əvvəlki və indiki vəziyyətlər arasındakı fərqi görmək olar.

Köhnənin üstündən təzəsi

Yenə həmin sarayda köhnə pilətələrin üstünə yeniləri düzülüb, təzə üzlüklər çəkilib.

Və nəhayət, restoranlar

İçərişəhərin Qoşa Qala qapısı və "İçərişəhər" metro stansiyası aralığında divar boyu restoranlar tikilib. Arxitektor Elçin Əliyev deyir ki, qala divarlarına çox yaxın olan bu tikililərin konstruksiyaları divara ziyan vura bilər.

Əvvəllər burda kiçik bağça olub, 2010-cu ildə aparılan qazıntı işlərindən sonra isə ərazidə üç restoran tikilib, həm də birini arxeoloqların aşkar etdiyi qədim tikilinin düz üstündə inşa ediblər.

Bu tapıntılar dövlətin qoruması altındadır:

Qazıntılardan bir neçə metr aralıda restoran yerləşir.

Potyomkin bannerlərinin arxasında

İşəriçəhər ərazisindəki rekonstruksiya və təmir işlərini, adətən, rəngarəng bannerlə çəpərləyirlər. Məsələn, Qoşa Qala qapısındakı tikintinin ətrafında da bannerlər var.

Onlardan birini aralayanda bu mənzərəylə qarşılaşırsan.

Bannerlər yeni restoran tikintilərinin ətrafına da qoyulub.

Sosial şəbəkələr, hakimiyyət və birinci ledi

Daha bir restoranın ikinci mərtəbəsinin tikintisindən çəkilən şəkillər sosial şəbəkələrdə virus kimi yayılıb.

"Bu, keşmiş və indiki tariximizə qarşı hamımıza aydın olan bir cinayətdir. Heç bir məhkəmə lazım deyil, bu şəxsləri vandalizmə görə həbs etmək lazımdır" - sosial şəbəkə istifadəçisi Səidə belə yazıb.

Bu, xalqımızın mədəni və tarixi irsinə qarşı düşmənçilikdir" - sosial şəbəkədə 223 min izləyicisi olan müxalifət lideri Əli Kərimli belə yazıb.

Hakimiyyəti ictimai fəallar da tənqid edib.

"İçərişəhərin divarlarının yanındakı obyektlər hansı hündürlükdədirlərsə, o şəkildə də qalmalıdırlar", - BBC Azərbaycan xidmətinə müsahibəsində birinci vitse-prezident və prezident İlham Əliyevin xanımı Mehriban Əliyeva belə deyib.

O qeyd edib ki, "hər bir daş, hər bir qala və divar" dövlətin nəzarəti altındadır. Bu şərhdən bir həftə sonra BBC əməkdaşları konstruksiyanın söküldüyünü müşahidə ediblər.

"İçərişəhər" tarixi-arxitektura qoruğu idarəsindən BBC-yə bildiriblər ki, o ərazidə bütün konstruksiyaların birmərtəbəli olmasını onlara məhz Mehriban Əliyeva tapşırıb.

Arxitektorlar nə deyirlər

Mütəxəssislər deyirlər ki, İçərişəhərdəki evlərin divarlarını cilalamaq olmaz.

"Binanı tamamilə təzə hala gətirmək olmaz, çünki belədə onun tarixiliyi itir. Binanın tarixini silirsənsə, ona yaxınlaşanda bilmirsən təzə tikilib, yoxsa həqiqətən qədimdir - bax, bu sərhəddi götürüblər" - İçərişəhərdə yaşayan arxitektor Elçin Quliyev belə deyir.

O hesab edir ki, yeni səkilərin salınması və onlara müasir materiallardan üzlük çəkilməsi də eyni effekti yaradır.

Arxeoloq İdris Əliyev deyir ki, daşları cilalamaq olmaz, çünki bu, üst qatı yonur və eroziyaya yol açır. Küləkli iqlim və dənizkənarı şəhərin yüksək yod tərkibli havası isə bu prosesi sürətləndirir: "Ümumiyyətlə, köhnə daşları heç yerdə cilalamırlar. Bizdə bu iş əvvəllər əllə görülürdü, ona görə də indikindən fərqliydi".

Restoranlarla bağlı İdris Əliyev belə düşünür:

"Qala divarlarını örtən daş konstruksiyalar əvəzinə orda istənilən vaxt sökülməsi mümkün olan yüngül külafirəngilər quraşdırmaq olardı. Əvvəllər həmin yerlərə divar boyu qamış və ya taxta külafirəngilər qoyulardı".

Onun həmkarı Kamil İbrahimov hesab edir ki, standartlara görə, restoranlar və divar arasındakı məsafə iki metrdən az olmamalıdır.

Qazıntıların üstündə restoran tikilməsini Elçin Əliyev absurd adlandırır: "Restoranı kənarda tikmək, arxeoloji tapıntıları interyerin bir hissəsinə çevirmək olardı. Amma bu cür işlər çox səliqəylə görülməlidir, tarixi irsə diqqətlə yanaşaraq. Halbuki bu gün insanlar o daşların üstünə qədəh qoyurlar".

Arxeoloqlar Kamil İbrahimov və İdris Əliyev deyirlər ki, Qoşa Qala qapısının yanındakı plastik bannerlərin arxasında köhnə hamamım bərpası prosesi gedir və orda istifadə edilən yeni daşlar orijinallarla eyni növdən olduğu üçün bunu normal qəbul etmək olar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əyləncə, 1928-ci il.

Redaktor seçimi

SON XƏBƏRLƏR