İbtidai sinif müəllimləri üçün ixtisasartırma təlimləri keçirilir
FaktXeber.com-un məlumatına görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin ibtidai sinif müəllimləri üçün ixtisasartırma təlimləri keçirilir.
Təhsil Nazirliyi və Azərbaycan Müəllim İnkişafı Mərkəzinin təşkilatçılığı ilə keçirilən təlimlərin əsas məqsədi müəllimlərdə sinfin idarəedilməsi üzrə zəruri bilik və bacarıqlar formalaşdırmaq, müəllim-şagird-valideyn münasibətlərinin düzgün qurulması istiqamətində dəstək vermək və təhsilin keyfiyyətinin artırılmasında müəllimin rolunu vurğulamaqdan ibarətdir.
“İbtidai təhsil səviyyəsində sinfin idarəedilməsi” adlı ilk təlimlərdə Bakının 12 inzibati rayonu üzrə 480 ibtidai sinif müəllimin iştirakı nəzərdə tutulub.
Təlimlərdə sinfin idarəedilməsi, şagirdlə davranış qaydalarının təkmilləşdirilməsi, valideynlərlə səmərəli ünsiyyət qurmaq, tədris prosesinin effektiv təşkili kimi mövzulara toxunulur.
Praktik, interaktiv metod və strategiyalar əsasında keçirilən təlimlərdə ibtidai sinif müəllimlərinin bilikləri diaqnostik, summativ və formativ qiymətləndirilmə ilə yoxlanılacaq.
Təlimlərin sonunda müəllimlərin yekun qiymətləndirilməsi Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən keçiriləcək. Yekun qiymətləndirmənin nəticələrinə əsasən, ibtidai sinif müəllimlərinə ixtisasartırma təhsili haqqında sertifikat təqdim olunacaq.
Qeyd edək ki, “İbtidai təhsil səviyyəsində sinfin idarəedilməsi” üzrə ixtisasartırma təlimləri başa çatdıqdan sonra “Şagirdlərdə oxuyub-anlama bacarıqlarının inkişaf etdirilməsi metodikası” adlı ixtisasartırma təlimlərinə start veriləcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət