Türkiyə Prezidentinin Sözçüsü İbrahim Qalın Azərbaycana təşəkkür əlaməti olan post paylaşıb.
Ens.az-ın APA-nın yerli bürosuna istinadən xəbərinə görə, İ.Qalın bu barədə şəxsi "Twitter" səhifəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Biz heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyirik və bütün hallarda dəstəkləyəcəyik” cümləsini paylaşıb və “Bir millət, iki dövlət, bütün dünyaya örnək” fikrini əlavə edib, həmçinin Azərbaycanla Türkiyə bayraqlarının birgə dalğalanan şəklini səhifəsində yerləşdirib.
Qeyd edək ki, dünən Prezident İlham Əliyev Yunanıstanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Nikolaos Piperiqkosu qəbul edərkən Türkiyə və Yunanıstan arasında Şərqi Aralıq dənizi regionunda baş verən gərginliyə də toxunub.
İ.Əliyev bu məsələdə Yunanıstana sərt mövqeyini bildirərək deyib ki, Türkiyə Azərbaycana təkcə dost və tərəfdaş deyil, həm də qardaş ölkədir. Prezident, həmçinin vurğulayıb ki, Azərbaycan heç bir tərəddüd etmədən Türkiyəni dəstəkləyir və bütün hallarda dəstəkləyəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət