Slimfit
  1. AZƏRBAYCANLI

Hüseynbala Mirələmovun 74 yaşına

Hüseynbala Mirələmovun 74 yaşına
Sakura

Hüseynbala Mirələmovun 74 yaşına

Haqqında söhbət açmaq istədiyim Hüseynbala Mirələmov ikinci dünya müharibəsində zəfər çalan sovet hökumətinin ilk dəfə qeyd etdiyi 9 may Qələbə bayramından qırx yeddi gün sonra dünyaya gəlib. Ucqar Lerik rayonunun Nuravud kəndində zəhmətkeş ailəsində, halal süfrənin ətrafında böyüyüb boya-başa çatıb. Bütün kənd uşaqları kimi meşədən odun da gətirib, mal-heyvan da otarıb. Amma necə deyərlər, kitab əlindən düşməyib, mütaliə etməkdən yorulmayıb. Orta məktəbi gümüş medalla bitirib. Azərbaycan Politexnik İnstitutuna iki “5”-lə qəbul olunub və əla qiymətlərlə də başa vurub. Altı il "Azərbaycan pioneri" qəzeti redaksiyasında baş ədəbi işçi vəzifəsində çalışsa da, 1971-ci ildən öz ixtisası üzrə işləməyə başlayıb. Azərbaycan Qazlaşdırma Komitəsinin 4 saylı Qaz tikinti-quraşdırma idarəsində iş icraçısı, baş mühəndis vəzifələrində çalışıb. İşgüzarlığını, bacarığını nəzərə alıb, 35 yaşı olanda onu həmin idarəyə rəis təyin ediblər. Sovet dönəmində vəzifədə olanların orden alması elə də asan məsələ deyildi. Onun təltif olunduğu “Qırmızı Əmək Bayrağı” ordeni o vaxt “Lenin” ordenindən sonra ən nüfuzlu ordenlərdən biri sayılırdı…

Şübhəsiz ki, insanın nailiyyət qazanmasında onun bacarıq və əzmkarlığından başqa İlahinin uğuru vacib məsələdir. Bu uğur qismətində olmadıqda insanın bacarıq və əzmkarlığı da nəticəsiz qalır. Yəqin ki, hansısa əməllərinə görə Yaradan bu uğuru ondan əsirgəməyib və onun vəzifə pillələrində irəliləməsinə yol açıb. Bəli, Tanrının izni olmasaydı ucqar dağ rayonunda, əlçatmaz, ünyetməz kənddə doğulub böyüyən bir insan "Azərqaztəmirtikinti" trestinin rəisi vəzifəsindən Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini, Azərbaycan Qaz Emalı Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifələrinədək yüksələ bilməzdi…

Deyir ki,- “İnstitutun birinci kursunda oxuyanda yazılarımı “Azərbaycan pioneri” qəzetinə aparırdım. Allah rəhmət eləsin, bir baş redaktor var idi, Əmrah müəllim, mənə dedi ki, sən gəl bizdə ştatda işlə. Gündüz növbəsində oxusam da, dərsdən çıxan kimi ora gedirdim. Qəzetin ədəbiyyat şöbəsinin işlərini mən aparırdım. Düzdür, rəhmətlik Hikmət Ziya şöbənin rəhbəri idi, amma xəstə olduğu üçün işə nadir hallarda gəlirdi. İnstitutu bitirənə kimi o şöbəyə mən rəhbərlik etdim. Sonradan qırmızı xətti keçmək istəyən bəzi tanınmış jurnalistlərə, baş redaktorlara yarızarafat-yarıciddi deyirdim ki, sizə o qəzetdə xəbər, oçerk, məqalə yazmağı mən öyrətmişəm. İnstitutu bitirəndən sonra əsgər getdim, qayıdandan sonra isə qəzetdə deyil, öz ixtisasım üzrə çalışdım”...

O vaxtdan bu vaxta bədii yaradıcılıqla da məşğul olur. İndiyədək iyirmiyə yaxın kitabı işıq üzü görüb. Bir sıra əsərləri müxtəlif dram teatrlarında səhnələşdirilərək tamaşaçılara təqdim olunub. "Qızıl qələm", "Qızıl dərviş", "Qızıl buta", "Abdulla Şaiq" və "Rəsul Rza" mükafatları laureatıdır…

Bir siyasətçi kimi də qismətinə İlahi uğurdan pay düşüb, artıq bir neçə ildir ki, Milli Məclisin deputatıdır. Bu gün, iyunun 25-i Onun doğum günüdür. Dünya malından hər nə desən varıdır. Ona möhkəm can sağlığı, firəvan həyat, ağrı-acısız günlər arzulayıram.
74 yaşınız mübarək, Hüseynbala müəllim!

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Səməd Vurğun və Nazim Hikmət, Moskva, 1949-cu il

Redaktor seçimi

SON XƏBƏRLƏR