Hüseyn Cavid - Topal Teymur/İkinci pərdə
özəl bir köşk... Ortada fəvvarəli bir havuz, havuz kənarında Kişmir və İsfahan səccadələrilə ipək döşəklər, qədifə (məxmər) yasdıqlar və balışlar, masa və sandaliyələr...
Bağça başdan-başa dürlü çiçəklərlə bəzənmiş, ta uzaqlarda sıra ilə ulu çinar ağacları nəzərləri oqşar. Kənardan eşidilən həzin bir kamança səsi ruhlara nəş’ə səpər. Bir tərəfdə şərabla dolu sürahi və bir qədəh, soyulmuş və soyulmamış alma və şaftalı, digər tərəfdə qələm, dəvat, bir taqım dəftər və kitablar bulunur.
Ş a i r K i r m a n i yastığa yaslanaraq yazı ilə məşğul görünür. O l q a əlində böyük bir gül dəməti gəlir. Arqa tərəfdən qədəh içərisinə bir gül bıraqıb geri çəkilir.
Ş a i r. (başını qaldırır, dolu qədəhi alıb içmək istərkən heyrətlə.) Əcəba bu gül
nerdən? (Ətrafa baqar, Olqayı görüncə qələmi bıraqır.) Ah, nə böyük səadət!.. (Ahəngiməxsus ilə.) Badə, gül, bir də gül bənizli mələk!.. (Yerindən qalqıb sandaliyəyə oturur.)
O l q a. Sizi rahatsız etdim, deyilmi?
Ş a i r. Bil’əkis, şairləri rahatsız və müztərib edən bir şey varsa, o da gözəllərdən uzaq
bulunmaqdır.
O l q a. (əlindəki dəməti təqdim ilə). Iştə şu gülləri yalnız şair için topladım.
Ş a i r. (alır). O halda şair son dərəcə bəxtiyardır. (Olqaya işarətlə.) Müsaidənizlə şu
qədəhi təbiətin ən canlı şe’ri şərəfinə içmək istərim. (İçər).
O l q a. Nuş olsun! Şu dəftərlər nə? Yoqsa yeni bir ilhammı var?
Ş a i r. Xayır, “Teymurnamə” yazıyorum.
O l q a. Pək gözəl. Böyük xaqanın tarixini yazmaq şərəfi hər kəsə nəsib olmaz.
Ş a i r. Halbuki, eşq və gözəllik tarixi yazan şairlər daha yüksəkdir.
O l q a. (gedəcək olur). Müsaidənizlə...
Ş a i r. Gediyormusunuz?
O l q a. Əvət.
Ş a i r. Nədənsə bu gün sizi pək düşüncəli görüyorum. Səbəbini sora bilərmiyim?
O l q a. Səbəbi böyük bir haqsızlıq.
Ş a i r. Nasıl haqsızlıq!?
O l q a. Allah eşqinə, söyləyin, Orxan gerçəkdənmi Yıldırım mühibbi? Sizcə o,
Teymura xəyanət edərmi?
Ş a i r. Hiç ümid etməm.
O l q a. Iştə Orxanın xəyanəti hər ağızda söyləniyor. Ah, nə qadar böyük bir iftira, nə
qadar fəna yanlış... Aman, əfəndim, Teymur sizə qarşı böyük hörmət bəslər. Lütfən
Orxanı müdafiə ediniz.
Ş a i r. Hiç təlaş etməyin, əlimdən gəldiyi qadar çalışırım.
O l q a. Əskik olmayınız. (Xəfif baş əyintisilə çəkilir).
Ş a i r. İzzət və şərəflə... (Ətrafa). Bəxtiyar Orxan! Səadət pərisi üzərində qanat
çalıyor da əsla xəbəri yoq. (Qədəhi şərabla doldurur. Bu sırada Teymurla Divan bəyi
gəlir).
T e y m u r. Yenəmi şərab, möhtərəm şair? Yenəmi şərab?
Ş a i r. Böyük cihangirin qanlı müharibələri ancaq qanlı şərabla yazıla bilir.
T e y m u r. Kinayəmi, yenə kinayəmi? Əylənmək istədiyin cihangirin qəzəbi səni
qorqutmuyormu?
Ş a i r. (laübali və tatlı təbəssümlə). Hökmdarların hiddət və qəzəbi böyük bir
məmləkəti alt-üst edər, fəqət küçük bir şairi qorqutamaz. Əvət, bən yalnız gözəllərin itab
və sərzənişlərindən mütəəssir olurum. Bəncə işvəkar bir qaşın çatılması, parlaq bir qılıcın
çəkilməsindən daha mə’nalı, daha kəskindir.
T e y m u r. Sən çoq içiyorsun, halbuki məmləkət qanunu və türk adəti bunu şiddətlə
mə’n edər.
Ş a i r. Şairlər isə, adət və qanun çərçivəsini qırıb parçalamaqdan daha çoq zevq
alırlar.
T e y m u r. (məmnun qəhqəhəylə). İştə səni bana sevdirən də şu rindanə xislət, şu
qürur və əzəmətdir.
D i v a n b ə y i. Şair Kirmani böyük ruhşinasdır. O, pək gözəl biliyor ki, Teymur
hökumətləri yıqar, məmləkətləri yaqar; ən məğrur hökmdarları əzər, ən şücaətli
qəhrəmanları qəhr edər, fəqət dəyərli şair və ədiblərə, alim və fazil şəxslərə qarşı da o
nisbətdə hörmət və məhəbbət bəslər. Iştə Səmərqəndin evləri, misafirxanələri deyil, şəhər
ətrafındakı köşklər və bağçalar belə uzaqdan gələn fən və sənayeyinəfisə ərbabına kafi
gəlmiyor. Yalnız Şərq devlətləri deyil, hətta Qərb hökumətləri də elçi və ticarət
nümayəndələri göndərməkdən geri durmuyorlar.
T e y m u r. Tüccar və sənətkarlara daha çoq sühulət və hörmət göstərməli. Çünki
cihan, ancaq ticarət və sənaət sayəsində rifah bulur.
D i v a n b ə y i. Əvət dün Ispaniya səfiri də bu nöqtəni qeyd ediyordu və böyük
xaqanın fəzilət və məharətlərini saydıqca dili ağzına sığmıyordu.
T e y m u r. Avropalıların dilləri başqa, yürəkləri daha başqadır. Hər halda
məmləkətimiz arslanlar yurdu, qartallar yuvası olaraq qalmamalı. Bəlkə dünyada ən
parlaq maarif və mədəniyyət ocağı, ən zəngin sənaye və ticarət mərkəzi olmalıdır. Əvət,
qoy düşmanlarımız görsünlər ki, türk evladı yalnız basıb-kəsməkdən deyil, yaşamaq və
yaşatmaqdan da zevq alır. Yalnız yaqıb-yıqmaq deyil, yapmaq və yaratmaq da bilir.
Bununla bərabər yapdıqlarımız hiç bir şey deyil. Bu, yalnız mədəniyyətə doğru bir adım,
gələcək için bir başlanğıcdır. Bizim başladıqlarımızı gələcək nəsil ikmal etməli. Yalnız
beş-on şəhər deyil, bütün məmləkət tərəqqi və gözəlliklər için birər nümunə olmalı. Əvət,
biz təməl daşı atıyoruz. İştə bu təməl üzərində möhtəşəm binalar qurmaq və bu şüarı
çiçəkləndirmək... ancaq yeni nəslə, ancaq sarsılmaz gəncliyə aiddir.
D i v a n b ə y i. (yazılan dəftərə baqaraq). Əcəba şair imdi hanki vəq’əni qələmə
alıyor?
Ş a i r. İştə son səfərlər... Türküstan ordusunun Kişmir səhrasındakı müvəffəqiyyətləri
və sarsılmaz xaqanın Hindistanı fəth etməsi...
T e y m u r. Ümidvaram, bu gün-yarın Mısır və Şam zəfərlərimiz də yazdığın tarixin
ilavələri sırasına keçər. Məğrur Yıldırım inadında dəvam edərsə, o da tariximizə yeni bir
fəsil artırmış olur.
D i v a n b ə y i. Fəqət bən bil’əkis, Yıldırım məsələsinə əsla tərəfdar olmaq istəməm.
Çünki hər ikiniz Turan aləminin birər qütbüsünüz. Şu iki qütb bir-birilə çarpışırsa, ortada
fəlakətli bir uçurum açılmış olur. Və bu nifaqdan istifadə edərək ətrafı saran əcnəbi
devlətlər türk dünyasına saldırmağa fürsət bulur. Bir də ordumuz bütün cihanı saracaq
deyil a... Alınan ölkələri haqqilə idarə etsək daha böyük müvəffəqiyyətdir.
T e y m u r. (məğrur qəhqəhəylə). Allah bir olduğu kibi, padşah da bir olmalı, şan və
şöhrət izləyən bir hökmdar qarşısında cihan... nədir?
E l m a s (müztərib adımlarla gəlir). Böyük xaqan! Sana şikayətim var.
T e y m u r. Kimdən?
E l m a s. Ədalətdən dəm vuran Teymurdan.
T e y m u r. Niçin, yavrum, Teymur bir xətamı işləmiş?
E l m a s. Əvət! Teymurun xətası kəndisi qadar böyükdür.
T e y m u r. Nə imiş əcəba?
E l m a s. Sən qəhrəman bir mücahidi məhv ediyorsun.
D i v a n b ə y i. (Elmasın qolundan tutaraq). Şaşırdınmı, qızım, nə söylüyorsun?
T e y m u r. Söylə, Elmas, hiç çəkinmə, o qəhrəman kimdir?
E l m a s. Bəni söylətməkmi istiyorsunuz? Əcəba Orxan nə yapmış ki, Səmərqənddən
sürgün ediliyor.
T e y m u r. O asılmalıydı, yalnız sənin ərin olduğu için sürgünə qərar verildi.
E l m a s (həyəcanlı). Niçin, ah, niçin?
T e y m u r. Çünki hökumətə xaindir. Yıldırıma qarşı məhəbbət bəsliyormuş...
E l m a s. Yalan, iftira!..
D i v a n b ə y i. Elmas!
T e y m u r. (Elmasa). Bən qürur və cəsarəti pək sevərim, hər halda hörmətə layiqsin.
E l m a s. Xayır, bən hiç bir nəvaziş istəməm. Yalnız ədalət istərim, ədalət!
Ş a i r. (acı təbəssümlə, ətrafa). Mə’sum bir maral yırtıcı qaplandan ədalət umuyor.
(Teymura). Əfəndim, Elmas bəyimə mərhəmət ediniz. Orxan xain olamaz.
T e y m u r. Siyasət başqa, mərhəmət daha başqa bir şeydir. Siyasətdə mərhəmət yoq!
Əvət, Orxan sürgün edilməli.
E l m a s. Ya bən! Ya qucağımdakı yavrucığaz nə olur? Ah, qəlbiniz daşdanmı
yapılmış?
D i v a n b ə y i. (qolundan tutaraq). Qızım, sus!
T e y m u r. (kəskin). Orxan asılmalıdır.
E l m a s (çılğınca). O halda bəni də asdır, bəni də... (Bihal olurcasına Divan bəyiyə
sarılır). Ah, babacığım!..
D i v a n b ə y i. Üzülmə, yavrum, Əmir əfv edər.
D i l ş a d (gəlir. Mənzərəyi görüncə, heyrətlə). Elmas! Bu nə hal? Ah, səni pək
müztərib görüyorum.
E l m a s (mə’yus). Xayır, hiç bir şey yoq...
T e y m u r. Dilşad! Elmas təsəlliyə möhtacdır.
E l m a s. Təsəllilərin ən gözəli ölümdür.
Q a r a q u ş sür’ətlə gəlir, əyilir.
T e y m u r. Nə xəbər?
Q a r a q u ş. Sərdar Aqbuğa orduya rəsm-keçid yapdırıyor. Bütün ə’yan, əşraf hazır.
Əcnəbi elçi və nümayəndələri də təşrifinizə müntəzirdir.
T e y m u r. (Divan bəyi ilə şair Kirmaniyə). Əvət, gedəlim, beş dəqiqə bulunsaq, kafi.
Ş a i r. Qaraquş! Bunları topla, kütübxanəmə götür. Qaraquş kitab və dəftərləri toplar,
onları izlər.
D i l ş a d . Elmas! Çocuqmu oldun, niçin kəndini üzüyorsun?
E l m a s. Ah, Orxan məhv oluyor, ona xain deniliyor...
D i l ş a d . Xayır, o xain deyil. Ona hiç bir şey olmaz. Burada yalnız bir anlaşılmaz
bir səbəb var.
E l m a s. Iştə bu anlaşılmaz səbəblər bəni bəhr ediyor.
D i l ş a d . İnan, burada bir sirr var. Bən Teymuru eyi tanıyorum, o böylə qaranlıq
bilməcələrdən pək xoşlanıyor. Sən Orxandan əmin ol və əsla düşünmə!..
E l m a s (ona sarılaraq). Ah, nəcib ruhlu Dilşad! Bən yalnız sana inanıyorum.
Bu sırada “Yaşasın Teymur! Yaşasın Teymur!” deyə Teymur uzaqlaşdığı tərəfdən gurultu
və alqış sədaları eşidilir. O l q a qarşıdakı evdən çıqar. Dilşada doğru gəlir.
E l m a s (onu görüncə sarsılır, sinirli bir tevr ilə) İştə!.. İştə bütün fəlakətlərə səbəb
şu aşüftə prenses, şu xain afətdir.
D i l ş a d . Elmas! Onu bıraq.
E l m a s. Rica edərim bəni qınama. Ah, keçən gün Qaraquşun söylədiklərini
unutdunmu? (Olqaya yaqlaşır, çılğınca). Bana baq, Olqa! Sən bizdən nə istiyorsun? Artıq
yetişir, dəf’ ol! Türküstan ovalarında, Səmərqənd bağçalarında yabancılara yer yoq...
Eşidiyormusun? (Daha kinli). Ah, bən bu sayğısız fitnəyi kəndi əlimlə boğmaq istiyorum.
(Boğazına sarılmaq istər).
D i l ş a d (mane olur). Elmas, düşün ki, bu hal Əmirin sönməmiş qəzəbini daha
ziyadə alevləndirir.
E l m a s. Alevləndirsin, kimsədən qorqum yoq...
O l q a. Rica edərim, Elmas, bəni təhqir etmə! Bən də sənin kibi əsil bir ailəyə
mənsubim. Həm də buraya kəndi ixtiyarımla gəlmədim, sevgili ərin gətirdi. Bu sözləri
bana söyləməkdənsə ona və Əmir Teymura söylə.
E l m a s. Ah, sən getdikcə şımarıyorsun. (Sinirli və qızğın). Xayır, bən kimsəyə söz
söyləməm. Sən Teymurun da, Orxanın da əqlini çalmışsın. Bən sana kəndim cəza veririm,
kəndim... Bana baq, ya ana yurduna getməlisin, ya məzaristana... Eşitdinmi? Ah, sərsəri
məxluq!
D i l ş a d . Elmas! Artıq yetişir, gedəlim. (Qolundan tutub götürür).
O l q a. (yalnız). Gedərim, əvət gedərim, fəqət yürəyində sağalmaz bir yara açıb da
öylə gedərim. (Sinirli adımlarla köşkə doğru yürür. Bu sırada Orxan qarşısına çıqar.)
Or x a n . Olqa!
O l q a. Ah!
Or x a n . Nə oldun, səni qorqutdummu?
O l q a. Xayır, qorqutmadın. Sən bəni öldürdün, bəni məhv etdin...
Or x a n . Olqa! Nə demək istiyorsun?
O l q a. Ah, Elmas bəni rüsvay etdi, o bəni rəzil etdi.
Or x a n . Fəqət niçin?
O l q a. Səni sevdiyim için...
D i l ş a d ağaclar arasında görünür, dinlər.
Or x a n . Olqa! Bən şimdi Səmərqəndi tərk ediyorum. İstərsən hazırlan bərabər
gedəlim.
O l q a. Xayır, istəməm.
Or x a n . Niçin?
O l q a. Çünki sən də məhv olursun, bən də...
Or x a n . Teymurdanmı ehtiyat ediyorsun.
O l q a. Ah, əvət.
Or x a n . Təlaş istəməz, sən bəni dinlə; Gürcüstandan gətirdiyim ağ əlbisəyi geyərsin,
kim görürsə erkək zənn edər. Daha durma. Şimdi gəlirim, bərabər çıqarız.
D i l ş a d (ətrafa). İştə ən gözəl fürsət! (çəkilir)
O l q a. (mütərəddid). Ah, Teymurun qəzəbi bəni pək qorqutuyor. Yenə kənardan
gurultu və alqış sədaları eşidilir.
Or x a n . Hiç məraq etmə, qiyafətini dəyişdir də, ötəsi qolay...
D ə m i r q a y a (gəlir). Əmir təşrif ediyor.
Orxan (Olqanın qulağına). Daha durma, çabuq ol.
O l q a. (müztərib). Ah, Orxan!
Or x a n . Haydı, çəkil... Bəkliyorum. (Olqa çəkilir. Dəmirqayaya).
D ə m i r q a y a! Yol hazırlığı nasıl?
D ə m i r q a y a (alnının tərini silərək). Hər şey yolunda... Bu saət çıqa biləriz.
Or x a n . Gündüz pək sıcaq. Bəncə mehtablı gecədə səfər etmək daha xoş. Çünki
hava bir qadar sərinləmiş olur.
D ə m i r q a y a. Nasıl istərsən öylə yaparız.
Orxan (yola baqar). Haydı, sən azcıq kənarda dur.
D ə m i r q a y a. “Dur” dersin dururum, nəmə lazım... (Çəkilir).
T e y m u r l a D i v a n b ə y i gəlir.
T e y m u r. Oğlum, sən buradamısın, işlər nə halda? Orxan (tə’zim ilə). Bir az sonra
çıqmaq istiyorum.
T e y m u r. Saqın xəbərlər gecikməsin. Para lazım olduqca bildir və Yıldırım
ölkəsinin hər tərəfində casuslar bulundur. Haydı, eyi yol, uğurlar olsun!
Or x a n . Hər xüsusda əmin olunuz. (Tə’zim ilə çəkilir).
D i v a n b ə y i. Sağlıqla, oğlum, Elmas için məraq etmə!
T e y m u r. (Divan bəyiyə). Yıldırıma bir məktub daha yaz, yarın Sobutay götürsün.
Fəqət onun məktubu nə qadar qaba isə, bizimki də bir o qadar nəzakətli olsun.
D i v a n b ə y i. Bən də öylə düşünüyorum. (Yola baqar). İştə Sobutay kəndisi də
gəliyor.
Ş a i r K i r m a n i, A q b u ğ a və S o b u t a y gəlir, əyilirlər.
T e y m u r. Qəhrəman Sobutay! Yarın bir məktub daha götürməlisin. Qoy Yıldırım
anlasın ki, biz hər şeydən əvvəl barışıq və məhəbbət tərəfdarıyız.
S o b u t a y. Xayır, o pək məğrur, pək inadçı adam.
T e y m u r. Bizim borcumuz itmami höcətdir. İnad edərsə, kəndisi zərər görür. Şimdi
get, hazırlan, yarın həm məktubu, həm də lazım gələn tə’limatı Divan bəyidən alırsın.
S o b u t a y. (tə’zim ilə). Itaət, xaqanım! (Gedər).
T e y m u r. (Aqbuğaya). Cəsur Aqbuğa! Ordudan pək məmnun oldum. Biz də bir qaç
gün sonra Mısıra doğru hərəkətə başlarız. Oğullarımızdan Pir Məhəmməd Mirza
Hindistanı, Şahrux Mirza Xarəzm və Türküstanı, Miranşah isə Azərbaycan və Gürcüstanı
idarə edər. Digər sərdarlar da hökumətimizə tabe olan başqa ölkələrə baqar.
Sandaliyəyə otururlar.
Q a r a q u ş (gəlir, əyilir). Azərbaycandan, oğlunuz Miranşahdan Divan bəyiyə
məktub.
T e y m u r. Pəki, kəndisinə ver.
Məktubu verir çıqar. Divan bəyi açar oqur.
A q b u ğ a (şairə). Bu məktubda bir sirr var.
Ş a i r. Şübhəsiz.
T e y m u r. (ətrafa). Xayır, bu məktub uğurlu bir şeyə bənzəmiyor. Kim bilir yenə nə
uyğunsuzluq var.
D i v a n b ə y i. Məktubun məalını ərz etməyə müsaidlə buyurulurmu?
T e y m u r. Söylə!
D i v a n b ə y i. Yenə isyan!.. Yenə azərbaycanlılar oğlunuz Miranşaha qarşı isyan
etmişlər.
T e y m u r. Səbəb!?
D i v a n b ə y i. Səbəb Miranşahın gevşəkliyi... idarəsizliyi.
T e y m u r. (qızğınca). Ah, Miranşah, Miranşah! Əvət, onda azcıq tədbir və siyasət
bulunsaydı, kimsə izindən çıqmazdı. Orasını idarə edəcək sağlam və düşüncəli bir baş
lazım. Heyhat ki, Miranşah kibi şaşqınlar o düşüncədən pək uzaqdırlar.
Ş a i r. Azərbaycan eşsiz bir cənnət bucağı, tükənməz bir sərvət ocağıdır. Lakin əfsus,
binlərcə əfsus ki, Miranşahlar oyuncağıdır.
D i v a n b ə y i. Bəncə Azərbaycan xalqı yabancılara kölgə olmaqdan pək zevq alır və
xarici tə’sirə daha çabuq qapılırlar.
T e y m u r. Pəki, burada xarici tə’sir nə ola bilir?
D i v a n b ə y i. Bir taqım qara qüvvələr...
T e y m u r. Məsəla, nə kibi?
D i v a n b ə y i. Qaraqoyunlu əmiri Qara Yusif kibi...
T e y m u r. Nədən bəlli?
D i v a n b ə y i. Məktubda örtülü işarətlər var. Ətrafdan gələn bə’zi casuslar orada
Teymur nüfuzunu qırmağa çalışıyor və xalqı Yıldırım dostu Qara Yusif tərəfinə çəkmək
istiyormuş. Hətta bu da kafi deyilmiş kibi Qara Yusif çeteləri Türküstan ilə Ərəbistan
arasındakı karvanların gediş-gəlişinə və ticarət işinə əngəllər çıxarırmış...
Teymur hiddətlə yerindən qalqır, yanındakılar da ona tabe olur.
T e y m u r. Ah, öyləmi, öyləmi!? Hiç zərər yoq, biz səfər üstündəyiz. Er-gec həpsinin
halı sorulur, hər kəs kəndi azğınlığına görə cəza bulur. Xayır, Qara Yusifdə bir tilki qadar
cəsarət yoq. Şübhəsiz ki, o həp Yıldırıma güvəndiyi için şu fitnələri qaldırıyor. (Divan
bəyiyə). İkinci məktubu gecikdirmə. Hər halda Yıldırım onu bizə təslim etməli. (Qızğın).
Ah, Yıldırım! Yıldırım! Bən səninlə xoş keçinmək istərkən, sən çaqqalları, tilkiləri bənim
üzərimə şımartıyorsun. Yoq, bən hər sərsəriyə qarşı əyləncə olamam. Qara Yusif təslim
edilməlidir, təslim! Yoqsa ikinci məktubunda da saymazlıq və soğuqluq göstərirsə, o
halda Yıldırımın kəndisilə hesablaşmalıyım. (Bir-iki adım yürür, təkrar dönər: kəskin və
atəşli). Əvət, Topal Teymuru saymayanlar, kəndi əllərilə kəndilərinə məzar qazmış
olurlar. (Gedər, onunla bərabər səhnədəkilər də çəkilir. Havanın ışığı bir qadar azalır).
D i l ş a d (Elmasla bərabər gəlir. Onun omuzunu oqşayaraq). Elmas! Sən uslu və
düşüncəli bir qadınsın. Fəqət pək gənc, pək sinirlisin.
İnan ki, çoq sürməz yenə Orxanı Bingül dərəsində zevqi səfa məclislərində görürsün.
E l m a s. Ah, bu gediş nə içinmiş? Yalnız onu bilsəydim.
D i l ş a d . Xayır, sən onu hiç bilmə! Hökumət sirrini bilənlər,
yaxud bilib də açanlar Teymurun qəzəbindən əsla qurtulamazlar.
E l m a s. Orxan ləkələnməsin də, bən hər şeyə razıyım.
D i l ş a d . Hiç məraq etmə, sən Orxanı bəndən istə!
E l m a s (ona sarılaraq). Ah, nə qadar alicənab və böyük ruhlusunuz. Orxan (gəlir.
Dilşada qarşı əyilir). Manemi oldum?
D i l ş a d . Xayır.
Or x a n . Elmas! Ümid edərim ki, bənim şu səfərimdən sıqılmazsın... Orxan xain
deyil.
E l m a s. Xayır, artıq sıqılmam. Nəcib Dilşadın iki sözü bənim iztirablarımı susdurdu.
Orxan (Dilşada işarətlə, ehtiramkar). O, daima pərəstişə layiq bir fəzilət heykəlidir.
D i l ş a d . Elmas da, sən də bənim gözümdə qardaş qadar əzizsiniz.
H ə r i k i s i (əyilir). Təşəkkür edəriz.
D i l ş a d . Saqın, çoq gecikmə. (Mə’nalı təbəssümlə). Həm də səndən bir şey istəriz.
Or x a n . Nə arzu buyurulur?
D i l ş a d . Elmas yalnızdır. Gönlünü ona bıraqıb da öylə getməlisin.
Or x a n . Onun əksini düşünsəniz, Orxanı təhqir etmiş olursunuz.
D i l ş a d (ətrafa). Nə yaldızlı yalan. (Orxana). Baqalım, təcrübə həqiqətlərin
həqiqətidir.
Or x a n . Hər halda vücud ayrılığı gönül ayrılığı demək deyildir. Artıq bana
müsaidə...
D i l ş a d . Yalnız Elmas içinmi gəldin, minimini oğlunu görməyəcəkmisin?
Or x a n . Hiç onsuz olurmu? Buyurun gedəlim.
D i l ş a d . Gerçəkdən pək sevimli çocuq. Bənim də görəcəyim gəldi.
Gedərlər. Gün batar, ay ışığı ətrafı sarmağa başlar.
D ə m i r q a y a (gəlir; onların uzaqlaşdığım görüncə). Yahu, şu Orxan da hiç yol
adamı deyil, sanki Elması hiç görməmiş. (Dışarı çıqıb da təkrar içəri girən O l q a y ı
görür, heyrətlə). O kim? Nə gözəl də geyinmiş. Sanki gürcü knyazıdır, kim bilir, bəlkə Gürcüstandan Teymura yeni misafir gəlmiş. Nəmə lazım, kim olursa-olsun bən qarışmam.
O r x a n (çabuq geri dönər). Dəmirqaya!
D ə m i r q a y a. Buyur.
O r x a n . Burada erkək qiyafətində bir dəliqanlı görmədinmi?
D ə m i r q a y a. Əcayib şey! Dəliqanlı qadın qiyafətində olmaz a!.. Təbii erkək
qiyafətində olur.
O r x a n . Nə isə şaşırdım. Gürcü qiyafətli bir şəxs görmədinmi?
D ə m i r q a y a. Əvət, şimdi buradan çıqdı.
O r x a n . Atlar hazırmı?
D ə m i r q a y a. Əlbəttə, hazır.
O r x a n . Haydı sən get, bən də gəliyorum.
D ə m i r q a y a. Pəki (Bir-iki adım yürür, ətrafa). Görünür yenə Elması bəkliyor.
(Omuzlarını ataraq). Bəkləsin, nəmə lazım. (Gedər).
O l q a. (çıqar). Orxan! Getmiyəlimmi?
Or x a n . Əvət, gedəlim. (Mütərəddid bir düşüncədən sonra, onun əlini yaqalar). Bana
baq, Olqa! Sən qal... İstərsən qal...
O l q a. Peşimanmı oldun?
Orxan. Xayır.
O l q a. Pəki, bu tərəddüd niçin?
Or x a n . Çünki yol pək uzaq, həm də təhlikəsiz deyil...
O l q a. Xayır bən nə yoldan qorquyorum, nə də sənin düşündüyün təhlikələrdən.
Artıq qərar verdim, geçdi. Parça-parça doğrasalar da geri dönməm. Dilşad ağaclar
arasında görünür.
Or x a n . O halda gedəlim.
O l q a. Ah, əvət, gedəlim. Sür’ətli adımlarla uzaqlaşırlar.
D i l ş a d (məğrur və məmnun). Zavallı Olqa! Kəndi əlinlə kəndini fəlakət
uçurumlarına yuvarladın, iştə bənim aradığım da bu idi. (Şiddət və həyəcan ilə). Əvət get,
get də, dəf’ ol! Fəqət heyhat, çoq sürməz ki, tatlı arzuların gözündə qalır. Qoca Teymurun
dəmir pəncəsi köksünü didər, hiylə və xəyanətlə çarpan qəlbini Türküstan qartallarına
yedirir.
Pərdə
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət