Hüseyn Cavid - Peyğəmbər/Dəvət (III hissə)
R ə i s ə
(əlindəki yelpazə ilə kölələrə “get” işarəti verir, gedərkən camaata)
Nə məraqdır sizdə bilməm,
Hər kəs gülər, həm də dinlər.
Camaatdan bir qaç qadın və çocuq Peyğəmbəri daşa basar.
C a m a a t
(kin və nifrətlə)
– Haydı, məcnun!
– Haydı, sərsəm!
– Haydı, yalançı peyğəmbər!
P e y ğ ə m b ə r
(dikənli tacı bir tərəfə atar, həyəcanlı, fəqət bir qədər mə’yus)
Ah, insanlıq nasıl enmiş...
Nasıl enmiş də, alçalmış!..
Vicdanların nuru sönmüş,
Könülləri vəhşət almış.
Peyğəmbər hənuz söyləməyə başlarkən camaat Birinci rəisin işarətilə çalğı çala-çala, oynaya-oynaya Rəisə getdiyi tərəfə doğru ilərilər və onun sözləri qurultuya qarışaraq anlaşılmaz olur. Çocuqlar və qadınlardan bir qismi yerdən daş parçaları alıb atar, qəhqəhələr, məsqərəliklər və kinayəli tevrlər ilə uzaqlaşıb gedərlər. Peyğəmbər əli alnında, mə’yus baqışlarla onların arqasınca baqıb düşünür.
N ə d i m ə
(geridə qalıb da şaşqın baqışlarla düşünüb duran Şəmsaya)
Şəmsa! Pək düşündün, yavrum,
Aman, gəl, nə olmuş sana?
Ş ə m s a
Anam, babam, qardaşlarım,
Hər kəs kin bəslərkən ona.
Ah, o gözlərdəki qüdrət
Həp təsxir edər könlümü.
N ə d i m ə
Pək böyük ondakı cür’ət,
İnan, yaqlaşmış ölümü.
(Şəmsanın qolundan tutar, gedərlər)
İ x t i y a r
(bütləri toplayıb içəri qoyar. Qapıyı qapayıb gedərkən Peyğəmbəri süzər və istehzalı
qəhqəhəylə)
Uslanmadınsa, get, yenə
Bildiyin saçmayı söylə.
Kimsə uymaz sözlərinə,
Mə’yus olursun həp böylə.
Əmin ol ki, Lat və Üzza [1]
Bir gün həddini bildirir.
Əlbət, sana layiq cəza
Hər nə isə çabuq verir
P e y ğ ə m b ə r
(acı bir həyəcan ilə)
Erkək, qadın, çoluq-çocuq
Hər kəs əylənib gediyor.
Sözlərimin tə’siri yoq,
Hər rast gələn tən ediyor.
Hər kəs gülər bana... Şaka
Sanırlar Tanrı əmrini.
Bir avuc əshabdan başqa
Hiç kimsə dinləməz bəni.
(Gedər. Şu halda hava qararmağa başlar. Nurani mələk tatlı təbəssümlərlə Peyğəmbərin qarşısına enər).
M ə l ə k
Ey, Tanrı elçisi, mə’yus olma, dur!
Ümidsizlik sana hiç yaraşmıyor.
Inan, ümiddir qayələr qayəsi,
Acıdır ümidsizliyin meyvəsi.
Ümidsiz bir insan, ümidsiz millət
Səfil və bədbəxt olur ən nihayət.
P e y ğ ə m b ə r
Lakin bana qarşı həp kin bəslənir,
Ah, münafiqlər həp gülər, əylənir.
M ə l ə k
Əvət gözlər kordur, qulaqlar sağır,
Vicdanlar qabadır, tə’nələr ağır.
Fəqət sağır qulaqları açmalı,
Dikənli yollara güllər saçmalı.
Əvət, açmalı kor olmuş gözləri,
Əvət, dinlətməli acı sözləri.
Yıldızlar oynarkən haq qucağında,
Düşün, nə əhd etdin Hira dağında?!
Ey böyük yalavac, inan ki, sussan,
Bəsbəlli tarix görür böyük ziyan.
P e y ğ ə m b ə r
(məczub)
O yüksək baqışlar, aman,
Nə tatlı, həm nasıl məsrur!
Ümidsiz könlümə hər an
Qönçə əməllər sərpiyor.
Sənin küçük bir lütfünə
Layiq olan hiç susarmı?
(Göyə doğru)
Bir könül ki, uysun ona;
Gülünc alaydan qorqarmı?
M ə l ə k
Hiç qorqma, haq sözü söylə,
Durmuş yürəkləri çarpdır!
İssız ruhları atəşlə,
Yaq, çəkinmə! Yolun haqdır.
Durma, get, acı olsa da
Tanrı buyruğunu anlat.
Hər qonaqda, hər qülbədə
Söylə! Zülməti aydınlat!
P e y ğ ə m b ə r
(çəkilib gedən Mələyə qarşı diz çökərək)
Xayır, susmam, gedər haqqı söylərim,
Ölümdən çəkinməm, səni dinlərim.
Çünki sən o şəfəqdən bir parçasın,
O fidandan dərilmiş bir qonçasın.
O günəşdən ayrılmış bir yıldızsın,
Tanrı gülüşündən doğmuş bir qızsın.
İ s k e l e t
(bir guşədən qarşısına fırlar, şiddətli və istehzalı qəhqəhələrlə)
Xayır, çəkinmə, get inandır, inan!
İnanmaqla bəxtiyar olur insan.
İnan! Fəqət tapdığın ulu Tanrı
Sən kəndinsin, deyil o səndən ayrı.
Əvət sən o küllün cüz’isin, inan!
Əfsus cüz uzaqdır külli sarmaqdan.
(Göyə işarətlə)
O uzaqdır rənglərdən, sifətlərdən,
Uzaq... həp dinlərdən, təriqətlərdən.
Hər mühit onu bir çeşit yaratmış,
Hər kəs qaranlıq dama bir daş atmış.
Hər kəs ona bir ad qoymuşdur gerçək,
O qaranlıq ışıq fəqət pək yüksək...
Onu göstərmək istəyən də şaşqın.
Rədd etmək istəyən sərsəm də azğın.
Çırpınmamaq istərsən aldan, inan!
Yazıq sana, yazıq, zavallı insan!..
(Acı qəhqəhələrlə çəkilir)
Hava aydınlaşır. Peyğəmbər dalğın baqışlarla düşünür.
Ş ə m s a
(Nədimə ilə bərabər geri dönər. Peyğəmbəri o halda görüncə)
İştə o, baq, dalmış yenə,
Ah, nə həşmətli bir sima!
Rəngi mail gül rənginə,
Hər baqışı bir müəmma...
N ə d i m ə
Pək gözəl, qaməti mevzun,
Köküs geniş, qollar qalın.
Göz qara, kipriklər uzun,
Böyük başda açıq alın...
Ş ə m s a
Çoq zaman diyorlar dalar,
Baş dönmədən bayğın düşər.
Sanki şimdi o halı var,
Başqa aləmdə seyr edər.
N ə d i m ə
Nə çoq məraq etməkdəsin
Könlün pəkmi sevər onu?
Ş ə m s a
Ah, nə sönük sənin hissin,
Hər qadın onun vurğunu.
N ə d i mə
İştə baq, getmək istiyor,
Həp düşünür, o həp dalğın.
Ş ə m s a
(yaqlaşır)
Sözüm var sana, getmə, dur!
P e y ğ ə m b ə r
(başını qaldırıb baqar)
Nə istərsin, gözəl qadın?
Ş ə m s a
(sarsılmış və sinirli)
Qadınmı?! Ah, böyük təhqir...
Hər kəscə bəllidir adım,
Bən bir qızım, həm də bakir
Hənuz kimsəyə varmadım.
İncilər, altın, gümüşlər,
Hər dürlü sərvət bir yana,
Hər kəs məcnun kibi izlər,
Məftundur həp gənclik bana.
Könül vermədim kimsəyə
Bir xilqətim iştə nadir...
Düşün, bakir bir qönçəyə
Qadın demək pək xətadır.
P e y ğ ə m b ə r
Halbuki o qönçə bikri
Hər gün binlərcə göz əmər.
Öyündüyün bikr, ey pəri,
Sönər, hər gün bir az sönər.
Evlad eşqilə çırpınan
Bir qadın könlü, şübhəsiz,
Sayğısız qızlarınkından
Daha bakir, həm ləkəsiz...
(Peyğəmbər gedər. Şəmsa onu izləmək istər)
N ə d i m ə
Bıraq, yüz vermə bir böylə.
Ş ə m s a
Ah, əvət məhv olmalıdır.
(Bir az tərəddüd... sonra)
Xayır, o bənim əlimlə
Ölümdən qurtulmalıdır.
(Nədiməyə)
Sən çəkil, bir yanda bəklə!
(Nədimə çəkilir. Kəskin bir səslə uzaqlaşan Peyğəmbərə)
Getmə, dur!
P e y ğ ə m b ə r
Nə imiş, söylə?
Ş ə m s a
Qandırmış xalqı baş kahin,
Hər kəs səni arar...
P e y ğ ə m b ə r
Niçin?
Ş ə m s a
Peyğəmbərə ölüm deyə
Gözlər həp atəş saçıyor.
(1) - Lat və Üzza – iki böyük büt adıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət