Hikmət Hacıyev: “Ermənistan danışıqlarda maraqlı deyil, işğalı möhkəmləndirməyə çalışır”
“Sənəddə Ermənistan-Azərbaycan münaqişəsinə dair çoxsaylı istinadlar edilir, Azərbaycan tərəfi günahlandırılır və guya Azərbaycanda ermənifobiyanın olduğu bildirilir”.
Ens.az Apa.az-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistanın yeni Milli Təhlükəsizlik Strategiyası ilə bağlı bildirib.
O deyib ki, bundan əlavə, sənəddə Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarında yaratdığı qanunsuz rejimlə bağlı məqamlar yer alır.
“Bununla bağlı vurğulamaq istərdim ki, Strategiyada münaqişə haqda fakt və arqumentlər də saxtadır. Ermənistan Azərbaycanın Dağlıq Qarabağ regionu və ətraf yeddi rayonunu işğal edib. Ermənistan azərbaycanlılara qarşı soyqırımı törədib, etnik təmizləmə həyata keçirib, müharibə cinayətləri törədib. BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin tələblərinə baxmayaraq Ermənistan hələ də öz ordusunu işğal etdiyi ərazilərdən geri çəkməmişdir. Ermənistan işğal olunmuş ərazilərdə qeyri-qanuni fəaliyyət, o cümlədən qeyri-qanuni məskunlaşma siyasəti aparır. Ermənistan işğal olunmuş ərazilərdə Azərbaycan izlərini yox etməyə çalışır. Ermənistan təmas xəttində və dövlət sərhədində atəşkəsi kobud şəkildə pozaraq təxribatlar törədir, qəsdən Azərbaycanın mülki əhalisi və obyektlərini atəşə tutur. Ermənistan danışıqlarda maraqlı deyil və süni olaraq status-kvonu uzatmağa və işğalı möhkəmləndirməyə çalışır.
2016-cı il aprel döyüşləri ilə bağlı uydurma fikirlərlə bağlı qeyd etmək istərdim ki, həmin vaxt Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti təxribata əl atmışdı. Azərbaycan öz əhalisini qorumaq üçün cavab tədbirləri görmək məcburiyyətində qalmışdır. Ermənistanın dövlət sərhədinin Tovuz rayonu istiqamətində törətdiyi son təxribat zamanı da növbəti dəfə mülki əhali və mülki obyektlər qəsdən hədəfə alınmışdır”, - deyə Prezidentin köməkçisi qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət