Heyvandarlıqla məşğul olan sahibkarlara xəbərdarlıq
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidməti heyvandarlıqla məşğul olan sahibkarlara xəbərdarlıq edib.
“Qafqazinfo”nun məlumatına görə, DBX sahibkarların nəzərinə çatdırır ki, havaların istiləşməsi və heyvanların otlaq şəraitinə çıxarılması ilə əlaqədar onlarda qan-parazitar xəstəliklərindən olan piroplazmozu törədən gənələrin aktivləşməsi başlayır. Fermerlər, sahibkarlar, heyvandarlıqla məşğul olan insanlar piroplazmoz xəstəliyinin qarşısını almaq üçün aşağıda qeyd olunan məsləhətlərə əməl edərlərsə, xəstəliyin qarşısını almış olarlar.
Qeyd edək ki, qaramalın piroplazmozu qan parazitlərinin törətdiyi və yüksək temperaturla davam edən invazion xəstəlikdir.
Piroplazmoz zamanı heyvanın hərarəti 41-42°C-dək yüksəlir və 3 gündən 12 günə qədər bu vəziyyətdə qalır. Xəstəliyin ilk günündən heyvan iştahasını itirir, naxırdan geri qalır, yatır, az müddətdə zəifləyir və arıqlayır. Yoluxmuş heyvanlar tez yorulur, südü azalır. Bəzi hallarda südün rəngi (sarımtıl rəng alır) və dadı (acı olur) dəyişmiş olur.
Mədə-bağırsaq sistemində əvvəlcə qəbizlik, sonra isə qanlı ishal baş verir. Xəstəliyin 3-4-cü günləri sidikdə qan müşahidə edilir, selikli qişalar sarı rəngə boyanır. Qanda eritrositlərin miqdarı kəskin surətdə azalır və nəticədə anemiya baş verir. Xəstəlik kəskinləşdikcə sidik qan rəngində olur, sarılıq artır, ürək döyüntüsü şiddətlənir və nəbz vurğusu çoxalır. Xəstə heyvan ayaq üstə dayana bilmir, inilti ilə nəfəs alır, qulaqları sallanır. Heyvanın vəziyyəti ağırlaşdıqda hərarəti normadan 1-2°C aşağı düşür, gözləri çökür. Müalicə edilmədikdə xəstəlik kəskinləşir və heyvan 5-6 gün müddətində tələf olur.
Xəstəliyin baş verməməsi üçün ilk növbədə gənələri məhv etmək lazımdır. Profilaktika məqsədilə həssas heyvanlar hər 6-7 gündən bir akarisid (baytar həkiminin təyinatı ilə) məhlullarla çimizdirilməli və heyvan saxlanılan binalar dezinseksiya edilməlidir. Otlaq və düşərgələrin lazımsız kol-kosdan təmizlənməsi də gənələrin inkişafına mane olur.
Kimyəvi profilaktika məqsədilə heyvana müalicə dozasında 10—14 gündən bir dəri altına parazitotrop dərman preparatı (baytar həkiminin təyinatı ilə) vurulur.
Heyvanlar ilin isti fəsillərində akarisid məhlullarla xüsusi vannalarda və çiləyici duş qurğularında çimizdirilir, heyvanların gəzinti sahələrinin dezinseksiya edilməsi gənələrin xeyli azalmasına səbəb olur. Binaların daxilində həftədə bir dəfə gənələrə qarşı dezinseksiya tədbirləri aparılmalıdır.
Gənələrlə mübarizə məqsədilə aqromeliorativ tədbirlər və növbəli otarma sahələri mühüm rol oynayır.
Heyvanda qan-parazitar xəstəliyi baş verən zamanı heyvana diaqnoz qoyulmasında baytar həkiminin rəyi mütləqdir və laboratoriyada təsdiqlənməlidir.
Heyvanlarda piroplazmozun müalicə işləri təsərrüfat sahibinin hesabına aparılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət