Slimfit
  1. AZƏRBAYCAN

Həyəcan təbili: Buzlaqlar sürətlə əriyir, su qıtlığı yaranacaq

Həyəcan təbili: Buzlaqlar sürətlə əriyir, su qıtlığı yaranacaq
Sakura

Azərbaycanda buzlaqlar tam əriyərsə, içməli su qıtlığı yaranacaq.

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Həsən Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini Məhərrəm Həsənov bildirib.

Onun sözlərinə görə, Azərbaycan ərazisində buzlaqların öyrənilməsi ilk dəfə 1945-ci ildə həyata keçirilib:

“O zaman ölçü işləri aparılarkən onun sahəsinin 6,8 km2 olduğu təsdiqlənib. Bu ilin yay ayında aparılan tədqiqatlar zamanı buzlaqların sahəsinin 2.4 km2 olduğu məlum olub. Qafqazda təxminən bir ildə buzlaqların sahəsi 0,44 faiz azalır. Azərbaycanda buzlaqlar daha çox əriyərsə, bunun fəsadları ortaya çıxacaq.

Bu zaman çayların qidalanması çətin olacaq, su ehtiyatlarımız azalacaq. Buzlaqlar Böyük və Kiçik Qafqaz ərazisində yerləşən çaylar üçün qida mənbəyidir. Çay müəyyən müddətdən sonra quruduqda bu, içməli suya və kənd təsərrüfatına mənfi təsir edəcək”.

Məhərrəm Həsənov bildirib ki, buzlaqların azalması yalnız Azərbaycanda deyil, dünyada müşahidə edilir:

“Buzlaqların əriməsi böyük şəhərlərin su altında qalmasına səbəb ola bilər. Ölkə çayları başlanğıcını Türkiyə, Gürcüstandakı dağ massivlərindən götürür. Su qıtlığının yaranmaması üçün suya qənaət etmək lazımdır”.

Qeyd edək ki, Azərbaycan ərazisində dağ buzlaqları Bazardüzü, Tufandağ, Şahdağ, Yatıxdərə və Arazdərə dağlarının ərazisində yerləşir. Qusarçayın hövzəsinin buzlaqları haqqında ilk məlumatlar 1890-cı ilə təsadüf edir.

Alimin dediklərinə nəzərən hesablama aparsaq, 1945-2018-ci illər arasında - 73 ildə Azərbaycandakı buzlaqların orta hesabla üçdə iki hissəsinin əridiyi qənaətinə gələ bilərik.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR