Slimfit
  1. AZƏRBAYCAN

Heydər Əliyev Mərkəzində klassik avtomobillərin yürüşü və möhtəşəm əyləncə tədbirləri keçirilib

Heydər Əliyev Mərkəzində klassik avtomobillərin yürüşü və möhtəşəm əyləncə tədbirləri keçirilib
Sakura

Heydər Əliyev Mərkəzində klassik avtomobillərin yürüşü və möhtəşəm əyləncə tədbirləri keçirilib

Avqustun 26-da Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Bakıda klassik avtomobillərin yürüş və sərgisi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə 1980-ci ilədək istehsal olunmuş 150-dən çox klassik avtomobil iştirak edib. Bunlar yürüş üçün qeydiyyatdan keçən şəxsi avtomobillər, həmçinin Heydər Əliyev Mərkəzində nümayiş etdirilən Klassik avtomobil sərgisinin eksponatlarından ibarət nəqliyyat vasitələri olub.

Yürüşdə Heydər Əliyev Mərkəzinin direktoru, Azərbaycan Avtomobil Federasiyasının prezidenti Anar Ələkbərov, Azərbaycan Avtomobil Federasiyasının vitse-prezidenti, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, təhsil naziri Mikayıl Cabbarov, tanınmış mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Yürüşdə iştirak edən ən qədim avtomobil 1937-ci ildə istehsal edilən "Opel Olimp" avtomobili olub. Onun sahibi Azad Kərimov AZƏRTAC-a müsahibəsində deyib: "Klassik avtomobillərin yürüşü və sərgisi çox gözəl tədbirdir. Sanki maşınlara ikinci həyat bağışlayıblar. Bu, böyük bir bayramdır. Bu tədbirə nəvələrimlə gəlmişəm. Bu cür tədbirlər tez-tez keçirilsə, daha yaxşı olar. Çünki gələcək nəsillər bu cür maşınları görməlidir".

Sərgidə iştirak edən, şəhər sakini Fuad Məmmədovun avtomobilinin isə, necə deyərlər, "42 yaşı" var. Avtomobili 2002-ci ildə Rusiyadan gətirən F.Məmmədovun sözlərinə görə, bu nəqliyyat vasitəsi həmin vaxtdan işləyir, yəni xarab olmayıb. Hətta avtomobil 2014-cü ildə Vyanaya uzaq səyahət edib. Bakıda təşkil edilən klassik avtomobil yürüşündə ilk dəfə iştirak etdiyini deyən şəhər sakini tədbirin onda xoş təəssürat oyatdığını vurğulayıb.

Müxtəlif illərin istehsalı olan ayrı-ayrı markalı avtomobillər Bakı küçələrində nostalji hisslər yaradaraq yürüş ediblər.

Klassik avtomobillər Heydər Əliyev Mərkəzinin qarşısından start götürüb və şəhərin mərkəzi küçələri ilə yürüş etdikdən sonra Mərkəzin parkında sərgilənib.

Klassik avtomobillərin yürüşü və sərgisi paytaxtımızın sakinləri ilə yanaşı, şəhərimizin qonaqlarında da unudulmaz təəssüratlar yaradıb. Rusiyadan gəlmiş Natalya Zelnurova deyib: "Bakıya qonaq gəlmişəm və gözlənilmədən bu tədbirə qatıldım. Yürüş, eləcə də burada iştirak edən avtomobillər çox xoşumuza gəldi. Əhvali-ruhiyyə yüksəkdir. İnsanlar çox mehribandırlar. Həm bu tədbirdə, həm də ümumiyyətlə, şəhərdə çox səmimi münasibət görürük".

Yürüşdən sona Heydər Əliyev Mərkəzinin parkında, həmçinin müxtəlif yaş qrupları üçün əyləncə proqramları, çərpələng festivalı və konsert təşkil olunub.

"Küləyin rəqsi" Beynəlxalq Çərpələng Festivalı

"Küləyin rəqsi" Beynəlxalq Çərpələng Festivalı Bakıda ilk dəfə təşkil olunub. Saat 18:00-də başlayan tədbirdə 7 ölkədən 10 rəssam iştirak edib: Nərmin Abdullayeva (Azərbaycan), Fərəc Rəhmanov (Azərbaycan), Sami Maalas (Finlandiya), Marius Abramaviçus (Litva), İlona Yanuliene (Litva), Ritums İvanovs (Latviya), Andris Vitolins (Latviya), Fedir Aleksandroviç (Ukrayna), Yesper Boysen (Danimarka), Dolqor Ser-Od (Monqolustan).

Rəssamların üzərinə müxtəlif rəsmlər çəkdiyi, fərqli ölçü və formalı 50 çərpələng "küləklər şəhəri" Bakının səmasını bəzəyib və rəngarəng palitra yaradaraq tamaşaçılara unudulmaz təəssürat bəxş edib.

Festival çərçivəsində həvəskar uşaqlar da səmaya 200-dək çərpələng uçurublar.

Binəqədi rayon 3 nömrəli məktəbin şagirdi Günel Hüseynli çərpələng uçurmaqdan çox xoşu gəldiyini söyləyib. "Çərpələng çox uçururam, amma bu cür böyük məkanda ilk dəfədir iştirak edirəm. Həm sevinirəm, həm də həyəcanlanıram", - deyə G.Hüseynli festivala həvəslə qatıldığını bildirib. Hüseynlilər ailəsindən Günay xanım belə bir festivalın keçirilməsindən çox məmnun qaldıqlarını vurğulayaraq deyib: "Bu cür tədbirlərdə uşaqlar çox sevinir. Onlar sevinirsə, biz də sevinirik. Festivalı təşkil edənlərə çox təşəkkür edirik".

Əyləncə proqramları

Tədbir çərçivəsində saat 17:00-dən başlayaraq Heydər Əliyev Mərkəzinin parkında azyaşlılar üçün müxtəlif əyləncə proqramları təqdim olunub.

"Sevimli bala" uşaq klubunun dəstəyi ilə qurulan oyun zonasında balacalar şar və köpük şouları, batut, sürüşkənlər, böyük ölçüdə yumşaq konstruktorlar və plastmas şahmatlar ilə çox maraqlı anlar yaşayıblar.

Şəhər sakini Aytən Qasımova bu tədbir barədə elanı "Facebook"da gördüyünü qeyd edib. "Burada ab-hava çox gözəldir. İnsanın zehnini sakitləşdirən bir havadır. Uşaqlarım da çox sevindilər. Onların müxtəlif əyləncələrdə iştirakının şəklini də çəkirəm. Uşaqlara nə lazımdır? Sevinc. Bugünkü tədbir uşaqlara böyük sevinc bağışladı".

"The Entertainer" oyuncaq mağazasının iştirakı ilə hazırlanan əyləncə zonasında isə futbol, basketbol və digər oyun meydançaları qurulmuşdu. Burada uşaqlar, həmçinin masaüstü oyunlarda iştirak ediblər.

"Bolşoy prazdnik" şirkəti isə balacalar üçün sehrbazın fokus və illüziyalarını, müxtəlif şoular təqdim edib.

Uşaqlar Mərkəzin parkında, həmçinin müxtəlif nağıl personajları ilə şənlənib, üzlərini arzu etdikləri rəsmlərlə boyatdırıb, karikaturalar çəkdiriblər. Onların sırasında dörd yaşlı Ruslana Şərifzadə buradan çox xoşu gəldiyini, burada özünə kəpənək rəsmini boyatdıracağını söylədi. Burada cizgi filmi qəhrəmanlarından Maşanı və Ayını gördüyünü, onlardan xoşu gəldiyini, hər ikisini çox istədiyini dedi.

Bu əyləncə növləri ilə yanaşı, saat 18:00-dən saat 20:00-dək "Azəri inciləri" qrupunun və balaca ifaçı Nuray Rəhmanovanın konserti olub. Rəqs qrupunun üzvü Aysel Eminzadə bu konsertdə həvəslə və sevinclə iştirak etdiklərini söyləyib. "Bura çox əyləncəlidir, hər şey çox maraqlıdır. Rəqsə getməyi hər kəsə tövsiyə edirəm", - deyə Aysel Eminzadə bildirib.

Əyləncə proqramında Bakının müxtəlif evlərində məskunlaşan valideyn himayəsindən məhrum və xüsusi qayğıya ehtiyacı olan uşaqlar da iştirak ediblər. Heydər Əliyev Fondunun daimi qayğısı ilə əhatə edilən uşaqlar fərqli əyləncələrdə asudə vaxtlarını keçirib, birlikdə rəqs ediblər. Nizami rayonundakı 1 saylı uşaq evinin sakini Maralın ad günü münasibəti tortun kəsilməsi isə uşaqların bayram əhvalını ikiqat artırıb.

 

Röya və Miri Yusifin konserti

 

Avqustun 26-da Heydər Əliyev Mərkəzinin parkında Əməkdar Artist Röya Ayxanın və Miri Yusifin konserti olub. Saat 20:00-də başlanan konsertdə müğənnilər tamaşaçılara maraqlı repertuar təqdim ediblər.

Qeyd edək ki, Heydər Əliyev Mərkəzi həftəsonları müxtəlif əyləncə proqramları təşkil edir. Şəhər sakinləri və qonaqların iştirak etdiyi budəfəki tədbir klassik avtomobil yürüşü və açıq havadakı sərgi, bir-birindən rəngarəng əyləncələrlə yadda qalıb.

 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İnsanların nəfəs aldığı havanın cəmi 20%-ni oksigen təşkil edir

Redaktor seçimi

SON XƏBƏRLƏR