Həvəskar astronom Yupiterin atmosferinə daxil olan asteroidi qeydə alıb
Həvəskar astronom Yupiterin atmosferinə daxil olan asteroidi qeydə alıb.
AZƏRTAC space.com saytına istinadla xəbər verir ki, həvəskar astronom Etan Çeppel həmin planetin Cənub ekvatorial qütbü rayonunda parlaq işığın fotoşəkilini çəkə bilib. O, nəhəng planetin diskinin aşağı-sağ hissəsində kiçik işıq nöqtəsinin olduğu bu görüntünü öz saytında yerləşdirib. Fotoşəkil ABŞ-ın şərq sahillərində çəkilib.
Astronomlar bu fotoşəkili təhlil edərək bildiriblər ki, çox güclü qravitasiya sahəsinə malik olan Yupiterin səthi tez-tez meteorit yağışına məruz qalır. Onların qənaətinə görə, 5-20 metr arasında diametri olan göy cisimləri ayda beş dəfə bu planetin atmosferinə daxil olur, lakin bu hadisənin fotoşəkilini çəkmək olduqca çətindir.
Yupiter Günəş sisteminin ən böyük planetidir və ondan 778 milyon kilometr uzaqlıqda yerləşir. Bu planetin ağırlığı Günəş sisteminin bütün planetlərinin çəkisindən iki dəfə yarım çoxdur. Məlumdur ki, Yupiter Yer kürəsindən 317 dəfə daha ağırdır. Planetin xarici atmosfer qatı iki əsas komponentdən – hidrogen və heliumdan ibarətdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət