Hərbi sirləri toplayan jurnalist Rusiyadan qovuldu
Rusiyanın Vladivostok şəhərində ölkənin Uzaq Şərq bölgəsinin hərbi potensialı ilə bağlı gizli məlumatlar əldə etməyə çalışan Yaponiya vətəndaşı saxlanılıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Məlum insidentlə bağlı Yaponiyanın Rusiyadakı səfirliyinin müşaviri XİN-ə çağırılıb, ona Yaponiya vətəndaşının qeyri-qanuni fəaliyyəti ilə bağlı etiraz notası təqdim edilib.
Hadisə ötən ilin dekabrın 25-də baş verib. Jurnalist vizası ilə Rusiyaya gələn cinayətkara rəsmi xəbərdarlıq edilib və ölkəni tərk etməsi üçün 3 gün vaxt verilib. Yapon jurnalist ertəsi gün vətəninə qayıdıb.
Qeyd edək ki, ötən həftə Yaponiya polisi iki rusiyalıya gizli məlumatları ötürməkdə şübhəli bilinən "Softbank"ın keçmiş əməkdaşı Araki Yutakini saxlamışdı. Şənbə günü isə Rusiyanın bu ölkədəki diplomatik missiyası Yaponiyanın da casusluqla bağlı antirusiya spekulyasiyasına qoşulduğu üçün təəssüfləndiyini bildirmişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət