Praktiki və sadə izahlar, vacib tövsiyələr
Cəmşid Naxçıvanski və Heydər Əliyev adına hərbi liseylərə sənəd qəbulu davam edir.
Hərbi liseylərə qəbul imtahanı iyulun 14-də keçiriləcək.
Elektron ərizələrin qəbulu isə iyunun 25-də saat 17:00-da başa çatacaq.
AzEdu.az abituriyentlərin çoxsaylı suallarını nəzərə alaraq, Dövlət İmtahan Mərkəzinin rəsmi saytına istinadən hərbi liseyə qəbul olunmaq üçün elektron ərizənin doldurulma və təsdiqi qaydalarını təqdim edir:
Abituriyent elektron ərizənin doldurulması mərhələsində:
- tələb olunan sənədləri toplayır;
- elektron ərizə ilə iş üçün ekabinet.dim.gov.az internet səhifəsində “Şəxsi kabinet” yaratmalıdır;
Abituriyent “Şəxsi kabinet”inin istifadəçi adı və parolunu unutmamalıdır.
Daha sonra “Şəxsi kabinet”inin istifadəçi adı və parolunu eservices.dim.gov.az/erizehl internet səhifəsinin abituriyentlər üçün giriş bölməsində müvafiq sahələrə daxil edib "Daxil ol" düyməsini basır;
Elektron ərizə ekranda açıldıqdan sonra “Abituriyentin elektron ərizəsi” formasının doldurulma qaydasına uyğun olaraq tələb olunan məlumatları ərizənin müvafiq sahələrinə daxil edir;
Ərizəni doldurduqdan sonra daxil edilmiş məlumatların düzgünlüyünü, tam olmasını yoxlayır və "Bəyannamə"ni oxuyur;
"Ərizəni yadda saxla" düyməsini basır;
Ekranda açılan pəncərədə iş nömrəsi və şifrə təsvir olunacaq. Bu məlumatları unutmamalı və çap etməlidir;
Proqram apardığı yoxlamalar nəticəsində səhvlər aşkar edib, bu barədə məlumat verərsə, abituriyent müvafiq düzəlişlər aparıb, yenidən "Ərizəni yadda saxla" düyməsini basır;
Ərizəni doldurduqdan sonra iş nömrəsi və şifrəni çap edir, məxfiliyi təmin etmək və kənar müdaxilənin qarşısını almaq məqsədilə "Əvvəlki səhifəyə qayıt" düyməsini basır.
Abituriyent elektron ərizənin təsdiqi mərhələsində:
Elektron ərizəsini təsdiq etdirmək üçün müəyyən edilmiş müddətdə sənədlərini müvafiq Sənəd Qəbulu Komissiyasına təqdim edir. Təsdiqlənmiş ərizədə yalnız DİM-ə yazılı şəkildə müraciət etməklə düzəlişlər aparmaq mümkündür.
Abituriyent elektron ərizə formasını aşağıdakı qaydada doldurur:
Sistemdə qeydiyyat zamanı (iş nömrəsi və şifr əldə edilən zaman) istifadə edilən şəxsiyyəti təsdiq edən sənədin növündən asılı olaraq, ərizənin bəzi sahələrində hər-hansı bir dəyişiklik etmək mümkün deyil.
6-cı bənddə siyahıdan cinsinə uyğun olaraq “kişi” və ya “qadın” sözünü seçir;
7-ci bənddə vətəndaşı olduğu ölkəni siyahıdan seçir;
9-cu bənddə yaşadığı məntəqəni siyahıdan seçir;
10-cu bənddə qeydiyyatda olduğu ünvanı daxil edir;
11-ci bənddə abituriyentin “Şəxsi kabinet”ində qeyd etdiyi faktiki yaşadığı məntəqə təsvir olunur. Bu bənddə abituriyent heç bir əməliyyat aparmır.
12-ci bənddə əlaqə telefonunun operatorunu siyahıdan seçir, telefon nömrəsini isə müvafiq sahəyə daxil edir;
13-cu bənddə bitirdiyi ümumi orta təhsil müəssisəsinin yerləşdiyi yaşayış məntəqəsinin adını, sonra isə bitirdiyi ümumi orta təhsil müəssisəsinin adını siyahıdan seçir;
14-cü bənddə ümumi təhsil müəssisəsini bitirdiyi ili daxil edir;
15-ci bənddə təhsil haqqında şəhadətnamənin seriyasını siyahıdan seçir, nömrəsini və verilmə tarixini müvafiq sahələrə daxil edir;
16-cı bənddə test imtahanı verəcəyi dil Azərbaycan dili seçilir;
17-ci bənddə orta ixtisas təhsili müəssisələrinin təhsil forması dövlət hesablı və ya ödənişli əsaslarla olan 5-ə qədər ixtisas kodunu göstərə bilər. İxtisas kodlarının sayını və ardıcıllığını abituriyent özü müəyyənləşdirir. Seçilmiş ixtisas kodlarının ərizə formasında göstərilən ardıcıllığı müsabiqə zamanı hüquqi əsas kimi qəbul olunur və abituriyent müsabiqədən keçdiyi ixtisasların birincisinəyerləşdirilir.
Seçilmiş ixtisaslar aşağıdakı tələbləri ödəməlidir:
- ixtisas kodları elan olunmuş ixtisaslar siyahısından seçilməlidir;
- Azərbaycan bölməsinin abituriyentləri Azərbaycan, rus bölməsinin abituriyentləri isə rus bölməsinə aid olan ixtisasları seçməlidirlər.
Bu tələbləri ödəməyən ixtisas kodları nəzərə alınmır.
C.Naxçıvanski adına hərbi lisey barədə liseyin nizamnaməsinə istinadən ümumi məlumatları təqdim edirik:
2018-ci ildə edilən dəyişikliyə əsasən, liseylərdə təhsil müddəti 2 ildir və ümumi təhsil pilləsinin tam orta (X-XI siniflər) təhsil səviyyəsini əhatə edir. Müvafiq olaraq liseylərin X sinfinə 15 sentyabr tarixinədək 15 yaşı tamam olmuş və 17 yaşı tamam olmamış IX sinfi bitirmiş oğlanlar qəbul ediləcəklər. Liseylərə daxil olmaq üçün namizədlərin seçilməsi Müdafiə Nazirliyi tərəfindən onların sağlamlıq vəziyyətinin müayinəsi nəticələrinə əsasən aparılacaq.
Liseyin əsas məqsədi xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil almaq üçün namizədləri hazırlamaqdan ibarətdir. Burada təhsil pulsuzdur.
Liseydə siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.
Təhsilalanların (bundan sonra – kursantların) pul, əşya, ərzaq, tibbi, yaşayış yeri (yataqxana) təminatları qanunvericiliyə uyğun olaraq dövlət tərəfindən həyata keçirilir. Tədris dili dövlət dili – Azərbaycan dilidir.
Dərs məşğələsinin müddəti 45 dəqiqə müəyyən edilir.
Liseydə tədris proqramlarının yerinə yetirilməməsinə görə kursantların təkrar sinifdə saxlanılmasına yol verilmir, onlar Pedaqoji Şuranın əsaslandırılmış qərarı ilə liseydən xaric edilirlər.
Dövlətlər arasında bağlanılmış müqavilə sənədlərinə uyğun olaraq, xarici ölkələrin tam orta hərbi təhsil müəssisələrində Müdafiə Nazirliyinə ayrılmış yerlərdə təhsil almaq məqsədi ilə Liseyin kursantları öz istəkləri və valideynlərinin və ya digər qanuni nümayəndələrinin razılığı əsasında həmin ölkəyə ezam oluna bilərlər.
Kursantlar aşağıda göstərilən hallarda liseydən xaric edilirlər:
Valideynlərin və ya digər qanuni nümayəndələrin və kursantların öz arzusu ilə;
səhhətinə görə (hərbi-həkim komissiyasının qərarına əsasən);
Təhsildə uğursuzluğuna görə;
Bir təlim-tədris ilində dərslərin və ya toplanışların müddətinin ayrı-ayrılıqda 30 faizdən çoxunda hər hansı səbəbdən iştirak etmədiyinə görə;
İntizamsızlığına görə;
Qanunla hərbi qulluqçular üçün müəyyən edilmiş tələblərə uyğun olmadığına görə.
Liseydən hər hansı bir səbəbdən xaric edilən kursantların qəbulu və bərpası qadağandır.
İntizamsızlığa görə liseydən xaric edilmiş kursantlar bir daha Müdafiə Nazirliyinin xüsusi təyinatlı təhsil müəssisələrinə qəbul olunmurlar.
Təhsil almaq məqsədi ilə xarici ölkəyə ezam olunmuş kursant göndərildiyi hərbi təhsil müəssisəsindən oxumaq istəmədiyinə, səhhətinə, təhsildə uğursuzluq və şəxsi intizamsızlığına görə xaric olunduğu halda, aid olduğu liseydəndə eyni əsasla xaric edilir. Digər səbəblərdən xarici ölkələrin hərbi təhsil müəssisəsindən xaric olunmuş kursantların Liseydə təhsil almaları məsələsinə Pedaqoji Şurada və ya Ali İntizam Şurasında baxılır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət