Slimfit
  1. CƏMİYYƏT

Hərbi hissələrə ayrılan pullar necə mənimsənilib? - Rəislərin ifadəsi

Hərbi hissələrə ayrılan pullar necə mənimsənilib? - Rəislərin ifadəsi
Sakura

Hərbi hissələrə ayrılan pullar necə mənimsənilib? - Rəislərin ifadəsi

Müdafiə Nazirliyində 143 milyonluq mənimsəməyə görə ittiham olunanlardan dörd nəfərin növbəti məhkəmə prosesi keçirilib.

Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki,cinayət işini Bakı Hərbi Məhkəməsində Fikrət Əliyevin sədrlik etdiyi hakimlər heyəti araşdırır. 

Bu iş üzrə Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə idarəsinin rəisi olmuş Cəlal Kazımov, Quru Qoşunların Maliyyə idarəsinin sabiq rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvələrinin sabiq Maliyyə idarəsinin rəisi Vüsal Əlizadə müttəhim kürsüsündə əyləşiblər. 

Müttəhimlərin hər biri 2 ilə yaxındır həbsdədir. Eyni cinayət əməlində təqsirləndirilən şəxslərdən bir neçəsinin işi başqa icraatda araşdırılır. İşdə ən çox adı keçən polkovnik Rafael Xələfov da daxil olmaqla bir neçə nəfərin işi ilə bağlı isə ibtidai araşdırma davam edir. 

Budəfəki iclasda hərbi hissələrdə maliyyə xidməti rəisləri işləyən zabitlər şahid qismində ifadə veriblər. Şahidlər özləri də bu iş üzrə yeyintidə iştirak ediblər. 143 milyon hesablanmış dəymiş ziyanın müəyyən hissəsi onların ayağına yazılıb. Lakin istintaq orqanı onları təqsirləndirilən şəxs qismində cəlb etməyib, ziyanı ödəmələri üçün şans verib. 

Hərbi mühasiblər hamısı, demək olar ki, eyniməzmunlu ifadə veriblər. Nazirliyin maliyyə idarəsindən hərbi hissələrə vəsait ayrılıb, həmin pulun da bir hissəsi özlərinin dediyi kimi bineyi-qədimdən mövcud olan qayda üzrə mənimsənilib.

Şəxsi heyətin təminatı üçün ayrılan pullar necə bölünüb?

“N” saylı hərbi hissənin maliyyə xidmətinin rəisi Elşən Salmanov deyir ki, nazirliyin maliyyə idarəsindən onlara ayrılan vəsaitdən hər dəfə 20 faiz hərbi korpusun maliyyə şöbəsinə, 30 faizi isə təftişə verilib. Yerdə qalan məbləğ isə şəxsi heyətin xərclərinə və əlavə xərclərə sərf olunub. 

Generalın vəkili Rəşad Mirmehdizadənin - “əlavə xərclər nə idi, hara pul verirdiniz?” - sualına şahid: “Vermədiyimiz yer var idi ki? Elə hər yerə”, - cavabını verib.

Şahidin özü tərəfindən işlədiyi dövrdə bir milyon manatdan çox mənimsəmə aşkar edilib. Dövlətə dəymiş ziyan kimi yazılmış həmin məbləğin 260 min manatını geri ödəyib.

Onun özünə aid ziyanın böyük hissəsini ödəməməsi vəkil Mirmehdizadəni yenidən ayağa qaldırıb:

“Bu cinayət iştirakçılıqla törədilib. Mənimsənilən məbləğ də hamıya aiddir. Nizami Məmmədov 12 milyon manat pul ödəyib oturub içəridə, elə adamlar var heç nə ödəməyiblər, amma çöldədirlər. Həmin ödənilməyən ziyana görə bu adamlar həbsdə qalıb. Buna bir aydınlıq gətirmək lazımdır”.

Salmanov dəymiş ziyanı tam ödəməyə çalışdığını bildirib. 

“O şeytanın yer üzündəki timsalıdır…”

Şahid ifadəsi əsnasında Nəzarət və təftiş şöbəsinin müdiri olmuş polkovnik Rafael Xələfovun əməllərindən danışıb, onu ən böyük düşməni adlandırıb.

Şahidin dedikləri generalın digər vəkili Faiq Hüseynovda sual yaradıb. Vəkil ondan Xələfovla nəyə görə münasibətinin olmadığını soruşub:

“Rafael Xələfovla həm də şəxsi işlə bağlı çox pis münasibətdə olmuşuq. O, şeytanın yer üzündəki timsalıdır. Mənə çox pisliyi dəyib. Bir dəfə Nizami Məmmədovun qəbulunda oldum, dedim ki, bəs, bu Xələfov sizə mənim haqqımda səhv məruzələr edir”.

General Məmmədov şahidin onun yanına gəlməsini təsdiqləyib. Deyib ki, şahid bir dəfə onun yanına gəlib, sonralar Rafael Xələfov gəlməsinə imkan verməyib.

Növbəti şahid Kərəm Xəlilov ordu korpuslarından birinin maliyyə xidmətində, sonradan nazirliyin özündə işləyib. Onun vəzifə səlahiyyətlərinə daxil olan işlərdən biri hərbi hissələrdə yoxlamalar keçirmək, aşkar olunmuş qayda pozuntuları ilə bağlı şöbə rəisinə məruzə etmək olub. Onun dediyinə görə, bütün yoxlamalar barədə birbaşa Rafael Xələfova məruzə edib. Onun tapşırığı ilə hərbi hissələrdən toplanmış pulları da elə ona təhvil verib. 

“Xələfov əvvəl ifadəsində deyib ki, bir dəfə hərbi hissələrdən birindən alınmış 190 min manat pulu siz də daxil olmaqla müfəttişlərlə bölüb. Amma sonradan üzləşmədə boynuna almayıb. Deyib ki, "revizor”larla bölməmişəm. Bu nə məsələ idi?” - deyə vəkil R.Mirmehdizadə soruşub. “Rafael üzləşmədə nəyi boynuna alırdı ki, bunu da alsın?” - deyə şahid cavab verib.

Vəkil bu məqamda Rafael Xələfovun məhkəmədə iştirakının təmin edilməsi barədə yenidən vəsatət qaldırıb:

“Ötən həftə mən bu barədə vəsatət verdim, amma təmin edilmədi. İndi görürük ki, ehtiyac var. Bütün şahidlər deyirlər ki, onları Rafael aldadıb. Xahiş edirəm, gəlib otursun burada, aydınlıq gətirsin”.

Vəsatət generalın digər vəkilləri Faiq Hüseynov və Cahangir Cavadov tərəfindən müdafiə edilib.

Sədrlik edən hakim vəsatəti təmin etməyib. 

Müdafiə Nazirliyinin İşlər idarəsinin sabiq müdiri İlqar Məmmədov da iş üzrə şahid qismində ifadə verib. Şahid deyib ki, maliyyə idarəsi hər ayın sonu şəxsi heyətin sayına uyğun olaraq onlara vəsait köçürüb. İ.Məmmədovun sözlərinə görə, ümumi köçürmədən əlavə müəyyən vaxtlarda əlavə xərclər olub. Həmin xərclər də Nizami Məmmədov tərəfindən qarşılanıb:

“Məsələn, elə olurdu ki, yuxarı rəhbərlikdən məlumat gəlirdi ki, qonaqlar gələcək. Onları qarşılamaq və hədiyyələr almaq üçün general Məmmədovdan xahiş etmişik əlavə pul ayırıb”.

Baş qərargah rəisi göstərişlər verib…

Hakim Fikrət Məmmədov şahiddən sabiq Baş qərargah rəisinin (Nəcməddin Sadıkov - red.) ona hansısa göstəriş verib-vermədiyini soruşub. Şahid Nizami Məmmədovun Baş qərargah rəisinin göstərişi ilə pul ayırdığını bildirib:

“Rəsmi tapşırıq olurdu, general Məmmədov da yerinə yetirirdi. Elə olurdu ki, gecə ilə çağırırdı ki, rəhbərliyin tapşırığı var. Pul verirdi, həll edirdik”. 

Müttəhim general şahidin ifadəsinə münasibət bildirərkən işlər idarəsi üçün qonaqların qarşılanması məqsədilə vəsait ayrılmadığını, öz hesabına həll etdiyini vurğulayıb. 

İfadə verən digər şahidlər də bənzər danışıblar. Onlar da ifadələrində şəxsi heyətin ehtiyacları üçün ayrılan vəsaitlərin bir hissəsinin tabe olduqları korpusun maliyyə şöbəsinə, bir hissəsini təftişə verdiklərini, qalan pulun isə bir qismini özləri mənimsədiklərini etiraf ediblər. Onlar hadisə baş verən dövrdə əvvəllər də eyni qayda ilə işlədiklərini ifadə ediblər. “Lap qədimdən qayda belə olub”, - ifadə verən maliyyə xidməti rəislərindən biri belə deyib. 

Maliyyə xidməti rəislərindən biri bu cür işləmələrini el məsəli ilə müqayisə edib:

“Palaza bürün, ellə sürün”.

Proses gələn cümə günü davam edəcək.

Qeyd edək ki, 2022-ci ilin əvvəlində Dövlət Təhlükəsizliyi Xidməti Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) və 313-cü (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham verilib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məhəmməd Əmin Rəsulzadə, 1940-cı il

Redaktor seçimi

SON XƏBƏRLƏR