Dərc edildi: Baxış sayı: 921
"Hər şeyimizi itirib sıfırdan həyata başlamışıq"
Əfətli kəndi Ağdam şəhərindən 15 km uzaqda yerləşir. XIX əsrin əvvəllərində Əfətli 9 ailədən ibarət kiçik bir el olub.
XX əsrin əvvəllərində isə sakinlərinin əsas məşğuliyyəti maldarlıq olan Əfətli-Böyükbəy, Əfətli-Müqəddəmbəy və Əfətli-Əgri-Yataq kəndlərinin birləşməsindən Əfətli yaranıb.
Bu kənd cəbhə bölgəsinə yaxın olduğuna görə Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Ermənistan Silahlı Qüvvələri tez-tez işğal olunmuş ərazilərdən atəşkəs rejimini pozur.
Bu kənd cəbhə bölgəsinə yaxın olduğuna görə Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altındadır. Ermənistan Silahlı Qüvvələri tez-tez işğal olunmuş ərazilərdən atəşkəs rejimini pozur.
Atəşkəsin pozulmasına baxmayaraq, əhalinin çoxu kəndi tərk etmir. Köçüb gedənlərin isə əksəriyyəti işsizlik ucbatından getməyə məcbur olub. Qalanlar da ehtiyac içindədir. Yerli camaatın əsas gəliri əkinçilik və heyvandarlıqdan çıxır. Dan yeri ağaranda uşaq-böyük demədən hər kəs əkin sahəsinə yollanır.
27 ildir ki, evli olan Həsənovlar ailəsinin də kəndin digər sakinləri kimi dolanışığı torpaqdan çıxır. Onlar hər gün tezdən sahəyə yollanır, günlük işlərini bitirib evə qayıdırlar.
İradə Həsənova deyir ki, əvvələ baxanda indi işləmək onlar üçün çətinləşib: "Yaş öz sözünü deyir. Daha cavan deyilik, gedib sahədə bir-iki iş görən kimi bir yerimiz ağrıyır. Qayıdıb gəlirik evə. Normal səhiyyə də yoxdur ki, gedək müalicəyə. Əslində, heç müalicə üçün normal gəlirimiz də yoxdur. İndi də yaydır, havalar isti keçir. Dözmək çətindir. Ancaq çarə nədir? Əgər sahəyə getməsək, ac qalırıq. Çünki başqa gəlirimiz yoxdur".
Bu ailə çətinliklərə baxmayaraq, öz torpağından çıxıb getməyi düşünmür. Onlar müharibədən uzaq, sülh şəraitində öz doğma ocaqlarında yaşamağı arzulayırlar.
Ailə başçısı Taleh Həsənov Arqument.Az-a deyir ki, hər dəfə atəşkəs pozulanda kənddəki qadınları və uşaqları Ağcabədiyə göndərməli olurlar: "Müharibənin insanda yaratdığı o hisslər çox qəribədir. Bu bizi həm də mənəvi cəhətdən incidir. Həm qorxu, həm vətənpərvərlik hissi və s. Bir dəfə torpaqlarımızdan didərgin düşmüşük, hər şeyimizi itirib sıfırdan həyata başlamışıq. İndi yaşadığımıza həyat demək olarsa...
Atışma səsi gələn kimi sahədə nə var-nə yox qoyub qaçırıq. Bu elə bir hissdir ki, adamın heç nə yadına düşmür, elə düşünürsən canımızı sağ qurtaraq. Aprel döyüşlərində kəndə xeyli ziyan dəydi. Bəzi evlərin divarları, çəpərlər, yollar zədələndi. Biz də həyətimizdə oğlumuz üçün kiçik ev tikirdik. Döyüşlərin fəsadları bizim həyətdən də yan keçmədi. Ev zədələndi, əkin yerlərimiz zərər gördü. İndi də imkan da yoxdur ki, tikib başa çatdıraq. Bu zərərlərə görə bizə heç bir maddi yardım edilmədi".
Kənddə demək olar ki, iş yeri yoxdur. Ailənin oğul övladı kompüter elmləri üzrə təhsil alsa da, işləyə bilmir.
Anası İradə Həsənova deyir ki, burada iş tapmaq qəliz məsələdir: "Oğlumuz oxuyub, ancaq nə olsun? Burada nə iş yeri var, nə də şərait. İş olanda da qəbul üçün pul istəyirlər. Pul olsa elə dolanarıq da, onlara niyə veririk? Vəziyyət belədir, çörəyimiz ancaq əkin-biçin işlərindən çıxır. O da nə vaxta qədər? Qocalıb əldən düşəndə nə ilə dolanacağıq?"
Taleh Həsənovun səhhətində də çoxlu problemləri var. Bir müddət müalicə alsa da, maddi vəziyyət imkan vermədiyinı görə müalicələrini davam etdirə bilməyib.
O deyir ki, bu xəstəliklər müharibənin fəsadlarıdır: "Əsəb, qorxu, stress... bunlar bütün xəstəliklərin səbəbidir. Müharibə bitsə belə biz daim qorxu içində yaşayırıü. Beynimdə 3 damar quruyub. Buna görə əvvəl müalicə almışam amma tam sağalmayıb. Bizdə də o imkan hardadır ki, o qədər dava-dərman edək. Xəstəxanalarda da vəziyyət ürəkaçan deyil. Bakıya gəlib-getmək nə qədər xərc deməkdir. Dövlət xəstəxanası olsa belə həkimlərə pul vermək lazımdır. Sosial müvinət ya da heç olmasa müalicəmin pulsuz edilməsi üçün müraciət etsəm də, hələ bir xəbər yoxdur".
Türkan Bəşir
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət