Həm ucuz, həm də keyfiyyətli: Həsiri alan da razı qalır, satan da
Azərbaycanda həsirçilik daha çox cənub bölgəsində istifadə olunan xalq sənəti növlərindən biridir. Həm qadınlar, həm də kişilərin toxuduğu həsir bu bölgədə həm vacib məişət əşyası, həm də qazanc mənbəyidir.
Masallı, Lənkəran və Astarada həsir qədimdən əvəzsiz məişət əşyası sayılıb. Masallıda yaşayanlar sadə, Astara və Lənkəranda yaşayanlar isə naxışlı həsirlərə üstünlük verirlər. Masallının Musaküçə kəndində yaşayan əksər ailələr gündəlik qazancını həsir toxumaqla çıxarır.
Misal üçün, Ağayevlər ailəsi 30 ildən çoxdur həsir toxumaqla məşğul olur. Babasından miras qalan sənətin mahir ustası olan Əlibala Ağayevin sözlərinə görə, cənub bölgəsi rütubətli olduğundan buralarda həsirə böyük tələbat var. O, toxuduğu həsirləri paytaxt Bakıdan və əsasən ətraf rayonlardan gələn müştərilərə satır.
Daha çox həsirdən toxunmuş zənbillərə və papaqlara tələbat var. Əlibala Ağayev deyir ki, həsirlərin ölçüsü fərqli olduğu kimi, toxunuşu da zövqə görədir. Məxsusi sifarişlər olanda həsir müxtəlif həndəsi fiqurlarla bəzədilir. Ölçülərə görə də qiymətlər dəyişir. Bir orta ölçülü həsirin qiyməti təxminən 12-15 manatdır.
Həsir çantalar uzunmüddətlidir, möhkəmdir, yükgötürmə qabiliyyəti də çoxdur, tez cırılmır. İçindəki məhsulları da yaxşı saxlayır, xarab olmaqdan qoruyur, həm də içi görünmür. Həsirin saxlanma şəraiti onun istifadə müddətinə təsir edir. Elə həsir var 10 il qalır, amma rütubətli yerdə saxlanılan həsirlərdən 2-3 ildən çox yararlanmaq olmur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət