Dərc edildi: Baxış sayı: 1499
Həftəsonu karantini aylıq karantinlə əvəz edilə bilər (AÇIQLAMA)
Həftə sonları tətbiq edilən sərtləşdirilmiş xüsusi karantin rejimi aylıq karantin rejimi ilə də əvəz edilə bilər. Bütün ssenarilər mümkündür. Dövlət qurumları, Operativ Qərargah mövcud aktual vəziyyətə reaksiya verir.
Ens.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Nabil Seyidov deyib.
Şöbə müdiri yoluxma sayının daha da artacağı təqdirdə uzunmüddətli sərtləşdirilməyə keçidin qaçılmaz olacağını bildirib:
"Əgər aparılan təhlillər, araşdırmalar yoluxma, ölüm hallarının kəskin artmasını göstərirsə, eyni zamanda əhali arasında aparılan müşahidələr sanitar-gigeyenik normalara əhali, biznes sahibləri tərəfindən tam riayət edilməməsini göstərirsə, kollektiv yoluxma halları baş verirsə, ona uyğun sərtləşdirilmiş tədbirlər ilə bağlı qərarlar qəbul oluna bilər və olunmalıdır da. Bəli, hal-hazırda yoluxma halları artıbdır. Deməli, aprelin sonu mayın əvvəli ilə müqayisədə yoluxma təxminən 300 civarındadır. Yoluxma sayı artıbdır, amma stabil rəqəm saxlanılır. Yəni, 400-500-ə qalxmayıb.
Bu, səhiyyə sisteminin çökməsinə gətirib çıxara bilər
Yoluxma halları nəticəsində xəstələnən, müşahidə altında olan, xəstəxanada müalicə alan xəstələrin sayı artıb. Bu, ilk növbədə, səhiyyə sistemi üçün çox təhlükəlidir və bu, səhiyyə sisteminin çökməsinə gətirib çıxara bilər. Ona görə də buna cavab reaksiyası olaraq dövlət tərəfindən müvafiq tədbirlər görülür və görülməlidir. Əgər bizdə də bu rəqəmlər artarsa və çarpayı fondumuz getdikcə tükənərsə, tibbi yardımın göstərilməsinin keyfiyyəti və tibbi yardım göstərən tibb məssisələrimizin, tibb işçilərimizin yüklənməsi həddindən artıq çox olarsa, bu zaman sərtləşdirmə tətbiq olunmalıdır. Çünki biz nəzərə almalıyıq ki, söhbət təkcə koronaviruslu xəstələrdən getmir. Bizim digər çoxsaylı xəstələrimiz var. Onlara da o müəssisələrdə xidmət göstərilməlidir. Hazırda həftənin iki günü ciddi karantinin tətbiqi, hərəkətin tam məhdudlaşdırılması, zənnimcə, hal-hazırda kifayət olan bir metoddur. Çünki bu imkan verir ki, iki gün ərzində yoluxma, demək olar ki, sıfıra düşür. Hərəkətin tam məhdudlaşdırılmasının tətbiqi imkan verir ki, yoluxma kəskin baş verməsin və iki gün kifayət edir. Bunun effektini bir həftə, iki həftə ilə öyrənməyə də ehtiyac yoxdur. Bu rejim artıq digər ölkələrdə sübuta yetirilib.
İnfeksiaların dayandırılmasının ən effektli metodu baryerdir
Sosial şəbəkələrdə bəzi mütəxəssislərin çıxış etməsi ki, bu iki gün nəyə lazımdır, mən təəssüf edirəm bu cür fikirləri eşitdiyim üçün. Çünki epidemioloqlar, infeksion xəstəliklərlə məşğul olan sovet mütəxəssisləri, müasir mütəxəssislər Avropa, Amerikada, Asiyada fərq eləməz, çoxdan bilirlər ki, infeksiyaların dayandırılmasının ən effektli metodu baryerdir. Yəni, onun yayılmasının qarşısının alınmasıdır. O da insanlar tərəfindən yayılırsa və insandan insana keçirsə, deməli, insanlar arasında kontaktın aradan qaldırılması onun yayılmasının qarşısını almalıdır. Bu, sadə məntiqdir. Məqsəd infeksiyanın yayılmasının tam dayandırılması deyil. Dünyanın heç bir ölkəsində bu yollarla bunu etmək mümkün deyil.
Tibb işçilərinin fəaliyyətində problemlər yaranarsa, ölüm halları artacaqdır
Əsas məqsəd yoluxma sayını azaltmaqdır ki, balans yaransın, müəyyən dərəcədə yoluxmalar olsa da belə tibb işçilərinin, tibb müəssisələrinin tükənməsi baş verməsin. Çünki tibb müəssisələri ilə tibb işçilərinin fəaliyyətində problemlər yaranarsa, o zaman ölüm halları da artacaqdır. Çünki xəstə sayı artdıqca tibb işçiləri öz diqqətlərini, öz qayğılarını paylaşmalı olacaqlar. Heç kim istəmir ki, Azərbaycanda İtaliya, İspaniya, Böyük Britaniya ssenarisi olsun. Xoşbəxtlikdən indiyə qədər aparılan tədbirlər buna imkan vermir. Ona görə bizdə ölüm sayı azdır. Baxmayaraq ki, son 3-4 həftə ərzində artım müşahidə edirik. Ona baxmayaraq çox güclü artım yoxdur. Ona görə də imkan daxilində sərt tədbirlərlə həftə sonu 2 və ya 3 gün hərəkətin məhdudlaşdırılması ilə hazırkı vəziyyətdə yoluxma hallarını stabilləşdirmək və kəskin artımın qarşısını almaq mümkündür.
Yoluxma halı kontroldan çıxarsa, fövqəladə hala keçid ola bilər
Birdən yoluxma halı kontroldan çıxarsa, Azərbaycan xalqının, Azərbaycan vətəndaşının və burada yaşayan insanların sağlamlığı təhdid olunarsa, fövqəladə hal, uzun müddətli hərəkətin məhdudlaşdırılması, bununla yanaşı mart, aprel aylarında tətbiq olunan bütün ölkə əhalisinin icazəli (SMS) çölə çıxması, 65 yaşdan yuxarı olan insanların evdən çıxmasının qadağan edilməsi kimi tədbirlər də görülməlidir və mən əminəm ki, görüləcəkdir".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət