Slimfit
  1. AZƏRBAYCAN

“Heç bir cəbhədən geri çəkilməyəcəyik” – Milli Məclisin komitə sədri

“Heç bir cəbhədən geri çəkilməyəcəyik” – Milli Məclisin komitə sədri
Sakura

“Heç bir cəbhədən geri çəkilməyəcəyik” – Milli Məclisin komitə sədri

Səməd Seyidov: “Elə etməliyik ki, bu cəbhələrin içərisində ermənilərin qurduğu tələlərə düşməyək”

Ermənistan Azərbaycanla sərhədin Tovuz istiqamətində törətdiyi təxribatı davam etdirməkdədir. Sadəcə, indi təxribat sərhəddə yox, sərhədlərdən kənarda - ABŞ-da, Avropada, Rusiyada baş verir. Radikal ermənilər xarici ölkələrdəki azərbaycanlılara, Azərbaycanın səfirliklərinə hücumlar təşkil etməkdədirlər. Bir neçə gün əvvəl Los-Anceles şəhərində həmvətənlərimiz Azərbaycana dəstək məqsədilə keçirilən aksiyada ermənilərin hücumuna məruz qalıb, soydaşlarımıza düşmənlər ağır xəsarətlər yetiriblər. İyulun 22-də isə Azərbaycanın Belçikadakı səfirliyi ermənilər tərəfindən daşa basılıb, oradakı soydaşlarımızla əlbəyaxa dava baş verib. Daha sonra ermənilər həmvətənlərimizə qarşı Rusiyanın paytaxtı Moskvada hücum çəkiblər.

Ermənilərin bu cür davranışı, Azərbaycanı təhqir etməsi ölkə ictimaiyyətində hiddət yaradıb. Artıq qisas çağırışları gəlməkdədir. Bir çox ictimai-siyasi şəxslər “bıçağın sümüyə dirəndiyini” hesab edirlər. Xaricdəki azərbaycanlılara “harada erməni gördün, döy, alçalt!” kimi çağırışlara da rast gəlinir. Eyni zamanda, belə fikirlər formalaşıb ki, artıq Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları mənasızdır, rəsmi Bakı danışıqlardan imtina edib, hərbi əməliyyatlara başlamalıdır. Haradasa, bu fikirlərdə haqlı tərəflər çoxdur. Çünki xaricdə ermənilərin hücumuna məruz qalırıqsa, döyülürüksə, alçaldılırıqsa, hansı sülhdən danışmaq olar?!

Ens.az xəbər verir ki,baş verən hadisələrlə bağlı fikirlərini AYNA ilə bölüşən Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib ki, Tovuzda, Ağstafada və Qazaxda ermənilər tərəfindən siyasi, hərbi təcavüz və təxribat, insanlığa qarşı cinayət, terror aktı törədildi...

- Artıq ermənilər təxribat və terror fəaliyyətlərini beynəlxalq müstəviyə daşıyıblar. Baş verənlər heç də təsadüfi deyil. Bir neçə gün bundan qabaq deputatlar, siyasətçilər, jurnalistlər, ictimaiyyət nümayəndələri “niyə Tovuzda və niyə indi?” sualına cavab axtarırdılar. Məsələ ilə bağlı cənab Prezident İlham Əliyevin çıxışı oldu, Tovuz döyüşləri, onun səbəbləri və nəticələri haqqında çox aydın, açıq, geniş məlumatlar verdi. Qısa şəkildə desək, Ermənistan daxildəki böhranlı vəziyyəti həll edə bilmir, xalqın fikrini başqa istiqamətə yönəldir. Eyni zamanda, Dağlıq Qarabağ danışıqlarına ciddi zərbə vurmaq niyyətini ortaya qoyur, regionda vəziyyətin gərginləşməsində maraqlı olduğunu nümayiş etdirir. Ermənistan bununla, həmçinin böyük dövlətləri münaqişəyə cəlb etməyə cəhd göstərir. Eyni zamanda, Azərbaycanın dünyada artan təsirləri və nüfuzu düşməni narahat edir, buna zərbə vurmaq niyyəti güdür. Rəsmi Yerevan Azərbaycanın beynəlxalq təşəbbüskarlığını sinirə bilmir, belə təxribatlarla təşəbbüslərimizə kölgə salmaq istəyir. Bu məsələlərin hamısını bir-bir təhlil etsək, Ermənistanın niyə bu təxribatları törətdiyi aydınlaşır.

Onu deyim ki, Ermənistanın törətdiyi bu təxribat əks effekt verdi. Danışıqlar prosesinə zərbə vurmaq istəyən Ermənistanın Baş Naziri Nikol Paşinyan bu gün əks təsirlərlə üzləşib. Təxribatlara görə Ermənistanın vəziyyəti gərginləşdi. Müxtəlif dövlətlər bəyan edir ki, bu məsələni ciddi araşdırmaq lazımdır. İllərlə tənqid etdiyimiz ATƏT-in Minsk Qrupu da bəyanatlar verir ki, guya danışıqlarla bağlı hərəkətə gəlmək istəyir. Müxtəlif dövlətlərdən, BMT-dən, xarici təşkilatlardan zənglər gəlir, fikirlərini açıqlayırlar. Danışıqlar prosesinə daha ciddi diqqət yetirməyə başlayıblar. Biz görürük ki, Ermənistan Azərbaycanın beynəlxalq nüfuzunə zərər gətirmək istəsə də, beynəlxalq təşkilatlar, dövlətlər bizim mövqeyimizi dəstəkləyir. Həmçinin, Azərbaycanda enerji daşıyıcılarına zərbə vurmaq niyyətində olan Ermənistana qarşı dünyanın beyin mərkəzləri, böyük enerji layihələrində maraqlı olan ölkələr sərt münasibətini sərgiləyir. Demək istədiyim odur ki, Ermənistanın məkrli niyyətlərini həyata keçirərək Tovuz istiqamətində törətdiyi təxribat əks effekt verdi, düşmən istəyinə nail ola bilmədi. Paşinyan və ətrafında olanlar, komandası anlayır ki, bu taktika keçmədi və uduzdular.

- Xaricdə törətdikləri təxribatlar Tovuzda niyyətlərinin baş tutmaması, və uduzmaları ilə bağlıdır?

- Birmənalı şəkildə deyə bilərəm ki, bəli. Ermənistanın tarix boyu apardığı siyasət nədən ibarətdir – söz keçməyəndə, silah işləməyəndə, istədikləri danışıqlar alınmayanda terrora əl atırlar. Burada çox ciddi bir məsələ var. Məlumdur ki, biz ermənilərin terrorunu hər zaman görmüşük. Keçən əsrin əvvəlində ermənilər terrora əl atmadılarmı? Azərbaycanın ən görkəmli insanlarını qətl etdilər. Eyni zamanda, Türkiyənin diplomatlarını birbaşa qətlə yetirdilər. Onların yalanlarını xaricdə ifşa edənlərə qarşı bunlar hər zaman terror törədiblər. Yəni bu, birinci dəfə deyil. ASALA terror təşkilatı o vaxt da var idi, daşnaklar o vaxt da var idi, indi də fəaliyyət göstərirlər. Amma ermənilərin bu əməlləri ilə yanaşı, başqa bir beynəlxalq terrorçuluqları da yaranıb. Heç kəsə sirr deyil ki, ermənilərin dünyadakı lobbiləri güclüdür. Həm Avropada, həm Rusiyada, həm ABŞ-da, erməni diasporu geniş yayılıb. Bunların terrorçu diaspor üzvləri yalnız hansısa beynəlxalq təşkilatların içərisində, hansısa dövlətlərin müxtəlif vəzifələrində yerləşməyiblər. Bunlar, həmçinin, müasir dünyanın istiqamətini müəyyənləşdirən, kütləni yönləndirən informasiya resurslarında da yerləşiblər. Dünyanın aparıcı Kütləvi İnformasiya Vasitələrinin içərisində olan ermənilər, terroru bu müstəvi ilə də həyata keçirirlər. Ən təhlükəli terrorizmdən biri də məhz budur.

- Dünyanın aparıcı mətbuat orqanları əllərindədir, bundan Azərbaycanın əleyhinə istifadə etməklərini nəzərdə tutursuz?

- Təkcə əleyhimizə kampaniya aparmaq deyil. Onlar hiyləgərliyə əl ataraq istəyirlər ki, xaricdəki azərbaycanlıları təxribata çəksinlər. Səfirliklərimizin binalarını daş-qalaq edirlər, insanlarımızı döyürlər, ölümcül vəziyyətə salırlar. Bu məlumatların işıqlandırılmasına mane olurlar, əllərində olan resurslarda yaymırlar. Məsələn, bizim həmvətənlərimizə Los-Ancelesdə hücum ediblər, Brüsseldə ediblər, azərbaycanlıları döyürlər, ağır xəsarətlər yetirirlər. Siz bunları Azərbaycan və Türkiyə mediasından başqa, hansısa beynəlxalq mətbuatda görmüsünüzmü? Mən görməmişəm. BBC-də yox, CNN-də yox, FOX-da yox, “Reuters”də yox. Onların törətdiyi əməllərdən nə beynəlxalq mətbuatda xəbər var, nə müzakirə. Onlar təxribatı elə qururlar ki, azərbaycanlılar qıcıqlansınlar, sərt qarşılıq versinlər, erməninin qanı tökülsün. Sonra da bu məsələni əllərində olan imkanlardan istifadə edərək yaysınlar, dünyaya Azərbaycanı və azərbaycanlıları barbar kimi göstərsinlər.

Tovuzda təxribatla əldə edə bilmədiklərini, beynəlxalq aləmdə bu formada etməyə çalışırlar. Düşmənin məqsədi Azərbaycanın beynəlxalq imicinə zərbə vurmaqdır. Onlar istəyirlər ki, Aprel döyüşlərini, Naxçıvan əməliyyatlarını, Tovuz döyüşlərini dünyaya elə təqdim etsinlər ki, guya “barbar Azərbaycan və azərbaycanlılar” onlara “qan uddururlar”. Real hadisələrin özlərinə sərf etmədiyi hissəni gizlədərək, sərf edən formalarını bir az da şişirdərək dünyaya çatdırmaq niyyəti güdürlər. Bu gün Los-Ancelesdə, Brüsseldə, başqa şəhərlərdə törədilən təxribatlar buna hesablanıb.

- Belə anladım ki, xaricdəki azərbaycanlılar təxribatlara uymamalı, adekvat addım atmamalıdırlar…?

- Bizim cavabımız - həm deputatların, həm diasporumuzun həm də ictimaiyyətin cavabı sözlə olmalıdır, hüquqi müstəvidə olmalıdır. Bu istiqamətdə ciddi siyasi addımlar atılmalıdır, hansı ki, atılır. Bəyanatlar verməliyik, beynəlxalq təşkilatları məlumatlandırmalıyıq ki, ermənilər bu cür təxribatları filan səbəbdən törədirlər. Siyasi işlər hər bir müstəvidə aparılmalıdır. Parlamentlərarası əlaqələr vasitəsilə, diaspor qurumları, Xarici İşlər Nazirliyi səviyyəsində, sosial şəbəkələr vasitəsilə bəyan etməliyik, bildirməliyik ki, biz bilirik, erməni vandallarının niyyətləri nədir, təxribatın arxasında nə dayanıb. Beynəlxalq aləmə sübut etməliyik ki, ermənilər terrordan başqa bir üsul da tapıblar, bu da yalan və böhtan üsuludur. Hansı ki, belə üsullarla Azərbaycanın dünyadakı nüfuzuna xələl gətirməyə çalışırlar. Belə olmasaydı, Azərbaycanın səfirliyini daşa basmazdılar, insanlarımızı döyməzdilər, döyüb kameraya çəkərək qıcıq yaratmazdılar. Məqsədləri odur ki, erməninin qanı hardasa tökülsün, bundan istifadə etsinlər. Necə ki, həmişə belə üsullardan istifadə ediblər.

- Siz Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri olaraq bu məsələlərlə bağlı xarici ölkə parlamentlərinə xəbər vermisizmi, danışıqlar aparmısınızmı?

- Bu gün vəziyyət dəyişib, Xarici İşlər Nazirliyi konkret və açıq bəyanatlar verir, həmin ölkələrin səfirləri XİN-ə dəvət olunur. Diasporla İş üzrə Dövlət Komitəsi ilə daim əlaqədəyik. Baxmayaraq ki, hamı tətildədir, Milli Məclis tətilə çıxıb, amma Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclaslarını keçiririk. Milli Məclisin rəhbərliyinin tapşırığı ilə bütün beynəlxalq təşkilatlara və dostluq qruplarına bu məsələlərlə bağlı məktublar göndərilir. Bu gün fikir mübadiləsinin nəticəsi olaraq biz ABŞ-ın Los-Anceles şəhərinə, onun merinə və Konqresinə müraciətlər hazırlamışıq, bu gün həmin müraciəti göndərəcəyik. Ermənilər bilməlidirlər, başa düşməlidirlər ki, bizim gücümüz ancaq silahda, Silahlı Qüvvələrimizdə deyil, həm də, diplomatyadadır. Sivil qaydada, barbar ermənilərdən, onların vandalizm hərəkətlərindən fərqli olaraq, biz öz sözümüzü sivil qaydada demək iqtidarındayıq.

- Ermənilər xaricdə azərbaycanlılara qarşı vandallıq edən zaman Paşinyan iclas keçirirdi və bildirdi ki, erməni diasporu da rəsmi Yerevanın yanındadır. Belə anlaşıldı ki, azərbaycanlılara qarşı törədilən təxribatlar və vandal hərəkətlər, məhz Ermənistan dövlətinin birbaşa göstərişi ilə həyata keçirilir. Onların məlumdur ki, ASALA terror təşkilatı fəaliyyət göstərir. Təxribatları davam etdirərək ASALA-nı proseslərə qoşub, bizim diplomatik korpuslara qarşı həmlə edə bilərlərmi?

- Məncə, artıq Ermənistan ASALA-nı proseslərə qoşub. Biz bu daşnakların hücumlarını görürük, terrorçu fəaliyyətini görürük. Bunlar elə ASALA-dır. Rəsmi Yerevandan göstəriş olmasaydı, plan olmasaydı, bu vandallar hücum aktlarını törətməzdilər. Bilmək lazımdır ki, bu, Azərbaycana qarşı təşkil edilmiş, düşünülmüş şəkildə siyasi və hərbi provakasiyadır, təcavüzdür. Onların Tovuz istiqamətdə başları əzildi, indi təxribatı başqa istiqamətdə törədirlər.

- Tovuz döyüşlərindən və ermənilərin xaricdə törətdiyi təxribatlardan sonra Azərbaycan cəmiyyətində belə fikir formalaşıb ki, Qarabağ məsələsinin sülh yolu ilə həlli məsələsi mümkün deyil. Bildirilir ki, Ermənistan sülh danışıqlarında maraqlı olmadığını göstərdi. Bu qədər hadisələrdən sonra danışıqlar mənasızdır. Danışıqlar məsələsini yaxından izləyən, proseslərin içərisində olan bir şəxs kimi sizin fikirləriniz necədir?

- Ermənistanın əsas məqsədlərindən biri də ondan ibarət idi ki, sülh danışıqlarına, ümumiyyətlə danışıqlara ciddi zərbə dəysin. Rəsmi Yerevanın sülh danışıqlarına zərbəsi Tovuz döyüşlərindən əvvəl başqa müstəvilərdə öz əksini tapmışdı. Ermənistan rəhbərliyi üçüncü tərəfi danışıqlara qoşmaq haqqında bəyanat verməklə, Azərbaycanın işğal olunmuş Şuşa şəhərində “andiçmə” keçirməklə, “Qarabağ Ermənistandır” deməklə, danışıqları pozmağa cəhdlər göstərdi. Onların heç biri alınmadı, təxribatlar baş tutmadı. Nə etməli idilər?! Sərhəddə təxribat törətmək, Azərbaycanın, guya Ermənistanın üzərinə hücum etməsi görüntüsü yaratmaq lazım idi. Bununla da danışıqları pozub, nəyisə əldə etməyə çalışdılar. Bununla da Qarabağ danışıqlarını yeni formata keçirib, yeni istiqamətdə hansısa üstünlük əldə etməyə səy göstərdilər. Bu isə tam əks effekt verdi.

- Əks effekt deyəndə, konkret olaraq nəyi nəzərdə tutursunuz?

- Bu gün, hətta illər boyu tənqid olunan Minsk Qrupu da hərəkətə gəlməyin vacibliyini anladı. Mən özüm dəfələrlə həmsədrləri fəaliyyətsizlikdə ittiham etmişəm. Hansı ki, həqiqətən də ortada nəticə yoxdur, həmsədrlər nəticəyə nail ola bilməyiblər. Eyni zamanda Ermənistanın planlı şəkildə Tovuz təxribatını törətməsi və ondan nəticə qazanması iflasa uğradı. Əks effekt deyəndə bunu nəzərdə tuturam – Ermənistan planlarını gerçəkləşdirə bilmədi, uduzdu. İndi Azərbaycanın XİN-də islahatların aparılması, Ermənistanın sərhəddəki təxribat nəticəsində məğlub formada mövcudluğu, Qarabağ danışıqlarını yeni müstəviyə qaldırıb. İndi Minsk Qrupu özündə cürət tapıb öz formatı çərçivəsində danışıqları sürətləndirib, nəticələr əldə olunacaqsa, lap yaxşı. Biz buna etiraz etmirik. Amma Minsk Qrupu bunu edə bilməyəcəksə, dünyada başqa formatlar var, istiqamətlər və təşkilatlar var.

Bu gün Qarabağ konflikti dünya siyasətinin vacib məsələsinə çevrilib ki, bu, çox vacib amildir. Ermənistan həmişə çalışırdı ki, Qarabağ məsələsi yaddan çıxsın, status-kvo saxlanılsın, heç bir güc konfliktə fikir verməsin. Onlar da yavaş-yavaş Qarabağda oturuşsunlar, nəsillər dəyişsin və desinlər ki, burada bir neçə nəsil var, nə danışıq, bura “Ermənistanın ərazisidir” və s. Bunların heç biri alınmadı, çünki dünyanın diqqət mərkəzi yenə Qarabağdadır. Münaqişənin həlli aktualdır. Azərbaycan üçün artıq fərqi yoxdur, Minsk Qrupu olacaq və ya hansısa başqa qurum olacaq, beynəlxalq təşkilatlar sülh danışıqlarını sürətləndirib, nəticəyə varılmasına çalışmalıdır. Buna artıq əsaslar da var.

Mən bir məsələni diqqətinizə çatdırım. Avropa Şurası əvvəllər bildirirdi ki, “biz Qarabağ münaqişəsi ilə məşğul olmaq niyyətində deyilik, Minsk Qrupunun işinə müdaxilə edə bilmərik” və s. Bizim müraciətimiz əsasında, indi Avropa Şurası sentyabrın 15-də keçiriləcək toplantısının gündəliyinə Dağlıq Qarabağ məsələsini daxil edib. Ona görə ki, artıq bu məsələnin Avropa Şurasında müzakirəsinin mütləq keçirilməli olduğunu anlayıblar. Sən beynəlxalq təşkilatsan, necə müzakirə edə bilməzsən? Təşkilat içərisindəki bir ölkə digər ölkəyə qarşı təcavüzkar siyasət aparır, bunu müzakirə etməyəcəksənsə, nəyə lazımsan? Mən demək istəyirəm ki, heç bir cəbhədən biz geri çəkilməyəcəyik. Nə hərbi cəbhədən, nə də diplomatik cəbhədən. Sadəcə istədiyim ondan ibarətdir ki, bu cəbhələrin içərisində ermənilərin qurduğu tələlərə düşməyək. Ermənilərin hazırladığı provakasiyalarının istədikləri şəkildə nəticələnməsinə imkan verməməliyik. Əksinə, onların təxribatına elə cavab verməliyik ki, haqlı olduğumuz yerdə haqsız duruma düşməyək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1921-ci ilin avqust ayında İraqın ilk Kralı I Feysəlin taxta çıxma mərasimi. Ətrafında iraqlılar yox, ingilislər var ...

Redaktor seçimi

SON XƏBƏRLƏR