Hazırda koronavirusa görə fövqəladə rejimə ehtiyac yoxdur - İbrahim Məmmədov
Vəziyyətdən çıxış edərək demək olar ki, hazırda koronavirusa görə fövqəladə rejimə ehtiyac yoxdur. Amma istisna da ola bilər. Prezident İlham Əliyev də müraciətində qeyd edib ki, bu, istisna edilmir. Əgər ölkənin vətəndaşlarının təhlükəsizliyi üçün zərurət yaranarsa, koronavirusa görə fövqəladə vəziyyət də elan edilə bilər.
Trend-in məlumatına görə, bunu xüsusi karantin rejiminin elan edilməsi ilə bağlı brifinqdə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.
Onun sözlərinə görə, istehsal sahələrində insanların izolyasiyası, istehsalın dayandırılması məsələsi bu gün gündəlikdə deyil:
"Amma bütün məsələləri qadağa və qərarlarla idarə etmək mümkün deyil. Əgər rəhbərlik görsə ki, infeksiyaya yoluxma təhlükəsi var, o zaman lazımi tədbirlər görə bilər. Amma situasiyanın mürəkkəbliyi ondadır ki, eyni vaxtda infeksiyaya qarşı mübarizə aparılmalıdır. Zəruri tədbirlər görülərsə, həmin istehsal prosesində də insanların təhlükəsizliyini təmin etmək mümkün olar".
İ.Məmmədov bildirib ki, ölkədə ərzaq qıtlığı yoxdur:
"Hazırda ölkə daxilində yayılmanın qarşısını almağa və xəstəliyi lokallaşdırmağa çalışırıq. Həkimlərə minnətdarıq ki, ölüm hallarının qarşısını alırlar".
Xatırladaq ki, martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə iclasda ölkədə koronavirus infeksiyası ilə bağlı vəziyyət müzakirə edilib və infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə xüsusi rejim tətbiq edilməsi haqda qərar qəbul edilib.
Dünyada yayılmış koronavirus (COVİD-19) pandemiyası ilə mübarizədə müxtəlif ölkələrin təcrübəsini nəzərə alaraq, əhalinin sağlamlığının qorunmasını ali məqsəd kimi qəbul edərək, koronavirus infeksiyasının ölkədə yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə Azərbaycan Respublikasının Sanitariya-epidemioloji salamatlıq haqqında Qanununun 25-ci maddəsinə əsasən Azərbaycan Respublikasında 24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət