Redaksiyamıza avtobuslarda təhlükəsizlik qaydalarına əməl olunmamasına dair şikayət daxil olub
"Kommersant.az" xəbər verir ki, redaksiyamıza daxil olan şikayətlə bağlı kiçik bir araşdırma apardıq. Müəyyən olundu ki, Yeni Günəşli qəsəbəsinin sakinlərinə 64 nömrəli marşrut üçün “Karataş Atak” tipli yeni avtobuslar verilib. Bu, qəsəbə sakinlərinin çoxdan gözlədiyi xəbər idi. Çünki köhnə avtobuslarda, kobud, qeyri-peşəkar sürücülərlə işə, evə getmək zülüm idi.
Demək olar ki, hər həftə mediada avtobusların qəza törətməsi və ya təhlükəli sürməsi barədə xəbərlər yayılır. Artıq neçə ildir ki, yaradılan Bakı Nəqliyyat Agentliyi də (BNA) avtobusları təhlükəli sürən və işinə məsuliyyətsiz yanaşan marşrut sahiblərilə bacara bilmir.
İşıqlandırmaq istədiyimiz problem isə avtobuslarda qəza çıxışları yanındakı çəkiclərlə bağlıdır. Daha doğrusu, onların olmaması ilə. Sərnişinlər tərəfindən çox əhəmiyyətli hesab olunan bu problem nədənsə gözardı edilir. Belə ki, avtobus qəzası və ya yanğın hadisəsi baş verərsə, həmin çəkiclərlə şüşəni sındırıb, sağ qalmaq mümkündür. Lakin sözügedən çəkiclərin olmaması sərnişinlərin yeganə sağ qalma şansını da əllərindən alır. Maraqlısı isə burasındadır ki, hər gün nəzarətdən keçirilən bu avtobuslarda bu kimi çatışmazlıqları görən olmur.
Vətəndaşın şikayətini olduğu kimi BNA - ya çatdırdıq. Qurumun mətbuat xidmətinin rəhbəri Mais Ağayevin məsələyə münasibəti belə oldu: "Məncə, hazırda bundan daha ciddi problemlərimiz var".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət