Hansı yerlərdə kamera quraşdırıla bilməz?
Ticarət mərkəzlərində müşahidə kameralarının olmasını hamımız adi qarşılayırıq. Amma Bakıdakı məşhur geyim dükanlarının birində quraşdırılan kamera müzakirə mövzusuna çevrilib. Şikayətçi iddia edir ki, bu müşahidə kamerası soyunub-geyinmə kabinəsini çəkir və bundan narahatlıq keçirir.
Hurriyyet.org xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramı məsələ ilə bağlı maraqlı süjet yayımlayıb.
Mütəxəssislərin sözlərinə görə, təhlükəsizlik kameralarının quraşdırılması qanunvericiliklə tənzimlənmir. Lakin digər qüvvədə olan qanunverici aktların hüdudlarını keçmək olmaz:
Elmar Burəliyev - Təhlükəsizlik Eksperti: "Sanitar qovşaqlarda, soyunub geyinmə otaqlarında müşahidə kameralarının quraşdırılması qaydalara ziddir. Kiminsə şəxsi həyatını və ya özəl mülkiyyəti icazəsiz qeydə almaq, təbii ki, yolverilməzdir və buna görə müəyyən məsuliyyət nəzərdə tutulub".
İlhamə Həsənova - Vəkillər kollegiyasının üzvü: "Təbii ki, belə yerlərdə, ictimai müəssisələrdə kameraların quraşdırılması qanuna ziddir. Çünki bu insanların şərəf və layəqətinə şəxsi həyatına müdaxilə kimi qiymətləndirilə bilər. Və bunun nəticəsi olaraqda həmin o kameranı quraşdırmış insanlar həm inzibati, həm mülki məsuliyyətə, hətta cinayət məsuliyyətinə cəlb oluna bilərlər".
Özəl xidmət göstərən müəssisələrdə - istirahət mərkəzlərinin, idman zallarının geyinib-soyunma otaqlarında və yaxudda elə idman otağında müşahidə kamerasının quraşdırılması isə yalnız buradan istifadə edənlərin rəyi nəzərə alınmaqla edilə bilər.
İlhamə Həsənova - Vəkillər kollegiyasının üzvü: "Təbii ki, mütləq, əgər hər hansı həmin müəssisədən həmin müəssisənin xidmətlərindən istifadə etməyə gedən insanla müqavilə bağlanır da bilirsiz. Bu hamısı müqavilə ilə tənzimlənir. Həmin müqavilənin şərtlərində bu göstərilməlidir".
Önəmli məsələlərdən biri də müşahidə kameraları ilə xəbərdarlıq elanlarının vurulmasıdır. Qaydalara görə, əgər hər hansı obyektdə kamera varsa, vətəndaşlar bundan məlumatlı olmalıdırlar.
Şəhərimizdə demək olar ki, addım başı təhlükəsizlik kameralarına rast gəlirik. Küçədə gəzərkən, parklarda həm özəl həm də dövlət müəssisələrində. Lakin çox az yerdə kamera olduğu barədə xəbərdarlıq var.
Bəziləri kameralarla bağlı belə xəbərdarlığı vacib hesab etsələr də, bunun lazımsız olduğunu düşünənlər də az deyil.
Elmar Burəliyev - Təhlükəsizlik Eksperti: "Xəbərdarlığın əhəmiyyəti əgər kimsə ona aid olan şəxsi görünüşü, əlində olan avadanlığın nəzarət kamerasına düşməsini istəmirsə, ora getməyə və həmin obyektdən istifadə etməyə bilər".
Etik cəhətdən də soyunub-geyinmə otaqlarına kamera quraşdırılması və xəbərsiz görüntü əldə edilməsi düzgün deyil. Bunu edənləri isə qanunveriliklə yanaşı, cəmiyyətin qınağı da cəzalandırmalıdır.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət