Dərc edildi: Baxış sayı: 493
Hansı hallarda sürücülər cərimələnmir
Son zamanlar avtomobil idarə edən xanım sürücülər arasında belə bir fikir dolaşır: “Hündürdaban ayaqqabı ilə maşın sürmək olmaz, polis görəndə cərimələyir”.
Bu sözü eşidən sürücü xanımların əksəriyyəti sükan arxasında olarkən, gündəlik istifadə etdikləri hündürdaban ayaqqabılardan imtina edirlər.
Avtomobil idarə edən xanımlarının narahatlığına səbəb olan bu fikir Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bir neçə il öncə sürücülərin ayaqqabı seçimi ilə bağlı xəbərdarlıq etməsindən qaynaqlanır. Belə ki, 2015-ci ilin yay aylarında Yol polisi çəkələklə maşın sürənlərə xəbərdarlıq edərək, onların barəsində cəza tətbiqinin mümkünlüyünü bəyan etmişdi. Maraqlıdır, görəsən, hazırda yol polisi, həqiqətən də, çəkələk, hündürdaban ayaqqabı geyinən sürücüləri cərimə edə bilərmi?
Fins.az-ın məlumatına görə, bu barədə Modern.az-a danışan Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib ki, yol hərəkət qaydalarında sürücülərin geyimləri ilə bağlı heç bir tələb yoxdur:
“Nə ayaq geyimində, nə də digər seçimlərdə yol polisi sürücüyə inzibati cərimə tətbiq edə bilməz. Kimə necə rahatdırsa, avtomobilini o cür geyimdə idarə edə bilər. Praktiki tərəfinə gəlincə isə dikdaban ayaqqabılarla, eləcə də çəkələklərlə avtomobili idarə etmək çətindir. Çünki avtomobillərin pedalları elə tərtib edilir ki, ayaqqabının altı maşın döşəməsindən azca yüksəkdə olmalıdır. Xanımlar özləri də yaxşı bilir ki, dikdaban ayaqqabı ilə avtomobili sürmək çətindir. Bununla bərabər, qadınlar saçlarını müəyyən formada saxlamaq üçün vasitələri (“zakolka”) də maşın sürərkən istifadə edirlərsə, diqqətli olmalıdırlar. Məsələn, təcrübədə arxadan saça vurulmuş iti dişli metal “zakolka”nın adi bir qəzada qadın sürücünün başına bataraq onu öldürməsi məlumdur.
Qeyd etdiyim kimi, yol hərəkəti qaydaları sürücünün geyiminə və ayaqqabısına dair heç bir tələb irəli sürmür. Buna görə də hər hansı geyimə və ayaqqabıya görə sürücünün cərimələnməsi nəzərdə tutulmur. Amma hərəkət təhlükəsizliyi qaydaları avtomobili idarə edərkən münasib ayaqqabıdan istifadə etməyi tövsiyə edir və həmin tövsiyəyə mütləq riayət etmək lazımdır. Hər bir halda təhlükəsizliklə bağlı hər şeyə son dərəcə diqqətlə yanaşmaq vacibdir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət