Hamilə xanımlar necə qidalanmalıdır?
El arasında bir çox inanclar var ki, həqiqət olduğu düşünülür və ciddi-cəhdlə onlara əməl etməyə çalışılır. Bunlardan biri də hamilə qadınların qaraciyər və dalaq yeməsi ilə bağlı qadınlar arasında yayılan inancdır. Belə ki, hamilə qadınlar 9 ay müddətində qaraciyər və dalaq yeməkdən çəkinirlər. Çünki deyilənə görə, bu qidaları yesələr, uşaqlarının üzündə böyük ləkə, xal yaranacaq. Hətta hansısa uşağın üzündə tünd ləkə, böyük həcmli xal gördükdə dərhal deyirlər ki, yəqin anası hamilə olanda ciyər yeyib. Hətta bəzi bölgələrdə inanc var ki, hamilə qadın heyvanın dalağına əl vurub qarnına qoyarsa, uşağının həmin nahiyəsində iri xal yaranır. Bəs əslində həqiqət necədir və bəzi uşaqlarda rast gəlinən iri xalların yaranma səbəbi nədir?
Bununla bağlı məlumat verən məşhur ginekoloq Səbinə Mirzəyeva deyir ki, hamiləliklə bağlı qadınlar arasında yayılan miflər arasında bu məsələ xüsusi yer tutur: “Hamilələr düşünür ki, qaraciyər yeyirəmsə, dünyaya gətirdiyim körpə xallı olacaq. Burada söyləmək istəyirəm ki, xal dəri törəməsidir və iki tipə bölünür. Piqmental və damar tipli. Piqmental tipli xal dəridə olan melonin maddəsinin çoxluğundan, azlığından asılıdır. Belə ki, həmin maddəyə görə xalın rənginin açıq və ya tünd olması, həmçinin çox, ya da az olmasından irəli gəlir. Damar tipli xallar isə dəri altı damar genişlənməsindən yaranır”.
S. Mirzəyeva bildirir ki, bütün hallarda uşağın üzündə xal yaranmasının qaraciyərin qəbulu ilə əlaqəsi yoxdur: “Tövsiyəm odur ki, körpələrində hansısa tipli xal varsa, bunu mütləq uşaq cərrahı ilə konsultasiya etsinlər. Yanaşı olaraq pediatrlar tərəfindən nəzarət olunsun. Hamiləliklə bağlı istənilən mövzuda yayılan və heç bir tibbi sübutu olmayan miflərə inanmamalısınız”.
Mənbə: Foodinfo.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət