Slimfit
  1. CƏMİYYƏT

"Hamı İlham Əliyevin prinsipial mövqeyini bilir" - Deputat xəritə məsələsindən DANIŞDI

"Hamı İlham Əliyevin prinsipial mövqeyini bilir" - Deputat xəritə məsələsindən DANIŞDI
Sakura

"Hamı İlham Əliyevin prinsipial mövqeyini bilir" - Deputat xəritə məsələsindən DANIŞDI

Xəbər verdiyimiz kimi, ötən həftə Ermənistanın Baş naziri Nikol Paşinyan Moldovanın erməni icması ilə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünü şərh edərkən İrəvan və Bakının 1975-ci ilin sovet xəritələri əsasında delimitasiya aparmaq barədə ilkin razılığa gəldiklərini bildirib. Lakin daha sonra Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayaraq Paşinyanı təkzib edib.

Bəs, Ermənistan niyə 1975-ci il xəritəsinə xüsusi istinad edilməsini təkid edir?

Məsələ ilə bağlı Redaktor.az-a danışan Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirdi ki, Sovetlər Birliyinin mövcud olduğu dövrdə ərazilər müxtəlif zərurətlərdən və bəzən təkcə konflikt amili deyil də, sırf vahid imperiya, vahid dövlət anlayışından, sosialist beynəlmiləlçiliyi prinsipindən və millətləri yox edərək vahid xalq formalaşdırma ideolojisindən mübadilə edilib, bağışlanıb və digər müttəfiq respublikaları adlanan subyektlərə bəzən peşkəş edilib.

"Ona görə də siz əgər 1920-ci ildən başlayaraq Sovetlər Birliyinin formalaşması, 1923-cü ildən müxtəlif dövlətlərin ora qoşulması, 40-cı illərdə Baltikyanı ölkələrin ələ götürülməsi və Sovetlər Birliyinin coğrafi məkanının daha da genişlənməsi prosesinə baxsanız, görəcəksiniz ki, həqiqətən də burada xeyli dərəcədə qeyri-müəyyənliklər, daha artıq desək, hərbi münaqişələr üçün zəminlər var. Elə SSRİ-nin quruculuğunun baş planlarından biri ondan ibarət idi ki, bu milli subyektləri elə xətlərlə, iqtisadi, coğrafi, siyasi amillərlə bir-birinə bağlasınlar ki, sabah biri qopub ayrıca müstəqilliyə getməyə çalışsa, bu halda onun qarşısında xüsusi maneələr olsun. Və bu, açıq da deyilirdi. Bilirsiniz ki, SSRİ-nin konstitusiyasında hər bir müttəfiq respublikanın ayrılmasının hüquqi yolları müəyyənləşmişdi. Amma kimsə bunu belə tam sona qədər təsəvvür eləyirmi ki, istənilən bir ölkəni, məsələn Qazaxıstanı sərbəst buraxardılar, o da SSRİ-dən muxtar qaydada heç bir inqilabi mübarizə getmədən, hərbi savaş meydanlarına çəkilmədən gedib özünü müstəqil tanıtsın? Bu, mümkün deyil. Ona görə də 1920-ci ildən sonra 23-25-ci illərdə, 29-cu illərdə, 40-cı illərdə xəritələrdə müxtəlif dəyişikliklər baş verib. O cümlədən, Azərbaycan və Ermənistan arasında. Həmçinin müxtəlif xam torpaqlar ayrı-ayrı zərurətlərdən məsələn, heyvandarlıq məqsədilə və yaxud da ki, bir sıra başqa amillər də burada rol oynayıb. Bilirsiniz, indi, məsələn, Krım ətrafında beynəlxalq polemikalar bəllidir ki, Xruşşov dövründə onun Rusiyadan alınaraq Ukraynaya verilməsi gerçəkləşib. Bu mənada Azərbaycan və Ermənistan arasında da oxşar proseslər gedib. Hərçənd Cümhuriyyət dövründə 114 min kvadrat kilometr ərazidən bəhs edirik",- deyə qeyd edən deputat əlavə etdi ki, Azərbaycan ərazisinin 86,6 min kvadrat kilometrə düşməsinin də özünəməxsus tarixi səbəbləri var:

"Belə olan şəraitdə şübhəsiz görürsünüz ki, son dövr anklav terminləri çıxıb. Onun da bir başqa ətrafında çox ciddi konflikt ocağı var. Məsələn, Gədəbəy rayonunun içərisində Başkənd deyilən yerin üzərində müxtəlif cür hüquqi tələlər müəyyənləşdirilib. Anklav odur ki, hər hansı bir ölkənin ərazisində həm etnik milli amildən, həm də hüquqi baxımdan digər bir dövlətə məxsus ərazi var. Onu anklav adlandırırlar. İndiki gerçəklikdə axı sual oluna bilər. Necə kimsə bunu inandırıcı sayar ki, bütün ətraf ərazilər sənə coğrafi olaraq məxsus olduğu halda, hansı səbəbdən bu muxtariyyətlər, anklavçılıq, muxtar diyar, sovet, yaxud da ki, vilayət, respublika statusları verilib? Hansı kriteriyalar üzrə? Görəcəksiniz ki, orada da vahidlik yoxdur. Bir sıra hallarda çox ciddi xaos var. Bununla bərabər SSRİ dövründə, həm də GPRS qurğuları, peyk rabitəsi vasitəsilə bütün əraziləri dəqiq lokasiya üzrə nişanlayardılar, bunu aparardılar və hər kəs görərdi ki, sıldırım qayaların üzərindən və ya boz çöllər, çətin bataqlıq ərazilərinin dəqiq üzərinə nişan vurulub və o konkret bir dövlətə, ya da xalqa məxsusdur. Bu da bir az çətin gedib, amma yenə də optimal olanı məhz SSRİ hərbi qərargahında aparılmış xəritədir və görünür ki, 1975-ci il onun sonuncu versiyasıdır. Ermənilər buna baxıblar, Azərbaycan tərəfinin də buna müsbət yanaşdığını sonuncu dəfə bəyan ediblər. Çox mümkündür ki, orada həm Qazaxın, həm Naxçıvanın kəndləri ilə bağlı məsələ tam aydınlığı ilə göstərilib. Amma eyni zamanda çox mümkündür ki, qarşı tərəf də dediyimiz səbəblərdən Başkəndə və digər ərazilərə iddia ifadə eləsinlər, danışıqlarda öz mövqelərini güclü göstərmək üçün müxtəlif kontur addımlar atsınlar. Amma hamı Ali Baş Komandan Prezidenti İlham Əliyevin prinsipial mövqeyini bilir".

Millət vəkili vurğuladı ki, Kəlbəcərdə 12-14 sentyabr 2022-ci ildə Göyçə dağları ətrafında gedən döyüşlərdə yüzlərlə şəhid verərək qazandığımız hər bir qarış torpaq, həm də şəhidlərimizin qanından çəkilmiş sərhəddir.

"Düşünürəm ki, bu anlamda bizim hərbi qüvvələrin hansısa ərazilərdən geri çəkiləcəyi mövzusu da real deyil. Müəyyən bir faktoloji məsələlər ətrafında anlaşma olsun, deyilsin ki, əgər bu, hansısa bir dövrdə SSRİ rəhbərliyinin qərarı ilə baş veribsə, ondan bunu hesablaşsınlar və s. Yəni bu danışıqlarda bilavasitə iştirak edənlərə daha çox məsələ bəllidir. Amma bir bir qarış torpağımız da, bir qarış vətən ərazisi də düşmənə heç bir halda, heç bir qərarla verilməz. İlham Əliyevin dəmir iradəsi bunu yəqin edir. Qeyd etdiyiniz məsələ ətrafında uzunmüddətli danışıqlar gözləyirik. Əslində çox ciddi sülh prosesinə, sülhpərvər münasibətlərə malik olan dövlətlərin özünün arasında belə bəzən qeyd etdiyiniz o delimitasiya uzun bir zaman aparır. Gürcüstanla hələ də “Qurucu David” qəsri ətrafında görürsünüz ki, anlaşmaya gələ bilməmişik. Ara-sıra onu müxtəlif millətçi qüvvələr qarşı tərəfdən qaldırırlar. Amma hər halda problem dövlətlər səviyyəsində də müəyyən bir balansda saxlanılır. Ona görə də Ermənistan və Azərbaycanın başlıca nömrə 1 problemi ərazi bütövlüyünü tanımaq qərarını sənədlə imzalamaq, ardınca Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan etməkdir. Bundan sonrakı artıq hansısa ərazilərdə bir kvadratmetr yerin sağa və sola olması məsələləri yenə də xəritələrlə dəqiqləşdirilə bilər. Amma hər bir işin arxasında sonrakı növbəti addımlar var ki, dediyimiz kimi, Azərbaycan öz mövqeyindən qətiyyən geri çəkilməyəcək", - deyə Zahid Oruc bildirdi.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1987

Redaktor seçimi

SON XƏBƏRLƏR