Slimfit
  1. MARAQLI

Hakimlərin 4 əsrlik qarderobu - Çəkic, mantiya, parikin mənaları nədir?

Hakimlərin 4 əsrlik qarderobu - Çəkic, mantiya, parikin mənaları nədir?
Sakura

Hakimlərin 4 əsrlik qarderobu - Çəkic, mantiya, parikin mənaları nədir?

Yəqin ki, məhkəmə prosesləri ilə bağlı xəbərlərin manşetində hakimlərin əlində tutduğu çəkici görmüsünüz. 

Bəs bu çəkicin nə üçün və hansı hallarda istifadə edildiyini bilirsinizmi? 

Ümumiyyətlə hakimlərin geyim qarderobu əsasən bir neçə elementdən ibarətdir. Mantiya, əlcək, parik, çəkic... Lakin, artıq bir neçə minillikdir ki, bu elementlərdən ən əsası mantiya hesab edilir.

Femida.az hakimlərin geyim qarderobu ilə bağlı araşdrımanı təqdim edir:

Müasir hakim geyimləri orta əsrlər Avropasında kral saraylarında və dini məbədlərdə geyinilən geyimlərə bənzəyir. Daha dəqiq desək, 1635-ci ildə İngiltərədə dərc olunan “Hakim qaydaları” (Judges Rules) ilə hakimlərin belə geyimlərdən istifadəsi ənənə halını aldı. Son 4 əsr ərzində hakimlərin qarderobunda elə də ciddi dəyişikliklər baş verməmişdir. Əlbətə, bu yüzilliklər ərzində müəyyən inkişaf gözdən qaçmır. Bu dəyişiklərə isə əsas olan başlıca səbəb müxtəlif ölkələrdə olan siyasi və dini amillərdir: Məsələn, əsasən, müsəlman ölkələrində hakimlərin geyimlərində yaşıl elementlərə tez-tez rast gəlinir. Lakin ümumilikdə Avropada və Avropa dövlətlərinin keçmiş müstəmləkələrində hakimlər çox konservativ geyinirlər.

Yuxarıda qeyd olunan 1635-ci il “Hakim qaydaları”na əsasən hakimlər qışda üzərində ağ mex olan qara libas geyinməli, yayda isə bu libas bənövşəyi və ya al-qırmızı rəngdə olmalı idi. İki element – kəmər və baş geyimi mövsümdən asılı olmayaraq qara rəngdə olmalı idi. Qeyd edək ki, o zamanlar hakimlər parikdən istifadə etmirdilər.

Hakim geyiminin əsas elementləri artıq 14-cü əsrdən formalaşmağa başlamışdı.

Hakimlərin istifadə etdiyi aksessuarlardan bəhs etdikdə, ilk növbədə, burada insanın ağlına məşhur hakim çəkici gəlir. 


Bu aksessuara biz Amerika filmlərində tez-tez rast gəlirik, lakin əslində amerikalı hakimlər çəkicdən istifadə etməməyə üstünlük verirlər. İngiltərədə çəkicdən hətta erkən orta əsrlərdən etibarən istifadə edilirdi. Lakin, qeyd olunmalıdır ki, hakimlər çəkicdən cinayət işləri tam istisna olmaqla yalnız mülki işlərdə istifadə edirdilər. Lakin, hal-hazırda bu aksessuardan heç istifadə olunmur.

Məhkəmələrdə bu əşyadan istifadənin tarixi qaranlıq və qeyri-aydındır. Bir fərziyyə var ki, çəkicin vurulması ilə qərarın qəbul olunmasına səsli işarə verilir. Məlumdur ki, orta əsrlərdə alqış səsləri mübahisənin həlli (qərarın qəbul edilməsi) kimi başa düşülürdü. Hansı ki, müasir zamanda auksionistin çəkici vurması ilə qərarın qəbul edilməsi başa düşülür. Rusiyada analoji hallarda “əllərin stola vurulması” qərarın qəbul edilməsi kimi qəbul edilir.


Keçmiş zamanlarda hakimlər ağ əlcəklərdən də istifadə etmişlər. 

Belə ki, orta əsrlərdə hakimlərin ağ əlcəklər geyinməsi “təmizlik” əlaməti hesab edilirdi. İngiltərə bundan çoxdan imtina etmişdir, lakin Avstraliyada XX əsrin ortalarına kimi bu adət qalmaqda idi.


Müasir dövrdə əksər ölkələrin hakimlərinin xarici görünüşlərində əsas elementlərdən biri də parikdir.

Yəqin ki, 21-ci əsrdə, bu, hakim qarderobuna keçmişdən yadigar qalan ən eqzotik elementdir. Parik ilk dəfə Avropada belə populyar olmuşdu: 1620-ci ildə yepiskop (baş keşiş) Lui Barbye XIII Lüdoviqin hüzuruna parikdə gəlmişdi. Və artıq bir neçə ildən sonra parik kral saraylarında işləyənlərin xarici görünüşlərində ən əsas elementlərdən birinə çevrildi. 40 il sonra, Fransada sürgün həyatı yaşayan II Karl qayıdaraq İngiltərədə kral taxtına oturur və bundan sonra o, İngiltərədə parik geyinməyi dəb salır. Pariklər sosial prestij atributu hesab edilirdi.

Sonralar parik hətta siyasi mübahisənin predmeti belə olmuşdu. Belə ki, 1776-cı il ABŞ-ın “İstiqlal Bəyannaməsi”nin 5 müəllifindən 2-si – Tomas Cefferson ve Con Adams arasında amerikalı hakimlərin gələcək qarderobları barədə fikir ayrılıqları var idi. Tomas Cefferson təklif edirdi ki, Britaniya adət-ənənələrindən tamamilə imtina edilsin və hakimlər sadə mülki kostyum geyinsinlər. Con Adams (peşəsi vəkil idi) isə tam əksinə, adətləri saxlamağı təklif edirdi. Sonda onlar ortaq razılığa gələ bildilər. Belə ki, razılığa əsasən parikdən imtina edilsə də, qalan elementlər olduğu kimi qaldı.

Pariklə yanaşı, Avropada olan hakimlər üçün silindrik formalı papaqlardan da istifadə edilirdi.

Hal-hazırda da bu cür papaqlardan əsasən Fransanın əvvəlki müstəmləkələrində daha çox istifadə edilir. Lakin, Fransada bu papaqlar artıq istifadədən çıxarılmışdır. Buna bənzər papaqlar hal-hazırda Almaniya Federal Konstitusiya məhkəməsinin hakimləri tərəfindən istifadə edilir.

Daha bir baş geyimini xatırlatmaqda fayda var. Bu İngiltədə istifadə olunur və “qara papaq” (black cap) adlanır. Adına baxmayaraq, əslində o papaq yox, daha çox başa keçirilmiş yaylığı xatırladır. Əgər, bu baş geyimindən 15 il əvvəl istifadə edilsəydi, təqsirləndirilən şəxs dəhşətə gələ bilərdi. Belə ki, əvvəllər hakimlər ölüm hökmü verən zaman qara papaq taxardılar. Ölüm hökmünün İngiltərədə ləğv edilməsindən sonra, qara papaqdan hakimlər yalnız təntənəli məhkəmə proseslərində istifadə edirlər, hansında ki, hakimlərdən bu zaman geyim formasına tam əməl etmək tələb olunur.

XX əsr öz təsirini hakim geyimlərindən də yan keçmədi. Belə ki, bu dövrdə bir çox yaranmış yeni dövlətlərdə Tomas Ceffersonun arzusu həyata keçirilir, hakimlər xarici görünüş cəhətdən mülki insanlardan heç fərqlənmirdilər. Sovet dövründə məhkəmə prosesinin bütün iştirakçıları mülki kostyumlar geyinirdilər. SSRİ-nin və Şərqi Avropada sosializmin süqutundan sonra hakimlərin geyimində yenidən köhnə Avropa ənənələri hiss olunmağa başladı.

Almaniya Federal Konstitusiya Məhkəməsi hakimlərinin geyimlərinə olan şüurlu münasibətinə dair bir misala nəzər salaq. Belə ki, 1960-cı illərin əvvəllərində bu hakimləri əsas narahat edən məsələ o idi ki, onlar aşağı instansiya məhkəmələrinin hakimləri eyni paltar geyinirdilər və xarici görünüşcə heç fərqlənmirdilər. Beləliklə, onlar özlərinə yeni geyim forması seçmək üçün Mantiya Komitəsi adlanan bir orqan təsis etdilər. Bunun üçün hətta Münxen şəhərindən tanınmış teatr rejissoru da dəvət olunmuşdu ki, onlara geyim seçimində yardımçı olsun. Komitənin qərarı ilə italyanların 15-ci əsrdəki geyimləri nümunə götürülərək yeni geyim formaları seçildi.

Daha bir maraqlı hadisə ABŞ-da baş vermişdir. Belə ki, ABŞ Ali Məhkəməsinin sədri Vilyam Renkvist “İolanta” tamaşasına baxarkən ordakı lord-kanslerin geyiminə heyran olmuşdu və beləcə bundan təsirlənərək o, öz rəsmi geyiminə müvafiq dəyişikliklər etmişdi. Vilyam Renkvist öz yenilənmiş geyimini 1995-ci il 17 avqust tarixində geniş kütlə qarşısında ilk dəfə nümayiş etdirdi və bu yaxşı mənada böyük səs-küyə səbəb oldu. O, bu geyimindən ömrünün axırına kimi istifadə etdi. Lakin, onun yerinə gələn yeni sədr bu ənənəni davam etdirmədi.

Ümumilikdə dünyada hakim geyimlərinin sadələşdirilməsi yönündə işlər gedir, lakin bu işlər müxtəlif sürətlərlə gedir: məsələn, İngiltərədə mütəmadi olaraq pariklərin ölçüləri kiçildilir və hakimlərin geyimləri, onlardakı elementlərdən istifadə sadələşdirilir. Eyni zamanda, bir çox digər ölkələrdə hakimlər məhkəmə zalında digər insanlardan heç nə ilə fərqlənməyə bilər. Buna baxmayaraq, əksər ölkələrdə hakimlərin standart geyimi qara paltar və ya mantiyadır. Hələki keçmiş ənənə davam edir...

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Gəncənin keçmiş Sabir küçəsindən görüntü. 19-cu əsrin arxivindən fotosənəd.

Redaktor seçimi

SON XƏBƏRLƏR