Haitili legioneri: "Deyərdim ki, hazırda Azərbaycan futbolu inkişafdadır"
"Olduqca çətin oyun oldu. "Zirə"nin çox yaxşı komanda olduğunu bilirdik. Ən əsası odur ki, 3 xal qazandıq. Nəticənin bizim üçün uğurlu alınmasına görə şadıq".
"Report" xəbər verir ki, bunu "Neftçi"nin futbolçusu Soni Mustivar səfərdə "Zirə"ni 2:1 hesabı ilə məğlub etdikləri Azərbaycan Premyer Liqasının V tur matçından sonra jurnalistlərə açıqlamasında deyib.
Yarımmüdafiəçi bu mövsüm ən zəif oyunlarını sərgiləmələri fikri ilə razılaşmayıb. Lakin o, ideal səviyyədə çıxış edə bilmədiklərini etiraf edib:
"Belə hallar hər bir komandada olur. Yaxşı oyun sərgilədiyin halda hərdən nəticə əldə edə bilmirsən. Hazırda bizim üçün ən əsas məsələ xal qazanmaqdır. Nə qədər qol vurmağımız önəmli deyil, xal qazanmalıyıq. Hələ də öz məqsədimizə doğru gedirik".
Haitili oyunçu ötən mövsümlə müqayisədə "Neftçi"də hərtərəfli dəyişikliklərin baş verdiyini vurğulayıb:
"Bunu, yəqin ki, siz də görürsünüz. Futbolçular daha yaxşı formadadırlar. Yeni baş məşqçimiz, yeni oyunçularımız var. Ötən mövsümlə müqayisədə daha yaxşı oyun göstəririk və nəticələr də göz önündədir".
Mustivarın fikrincə, komanda yoldaşı Kvame Karikari heç də pis oyun sərgiləmir:
"Deməzdim ki, Karikari arzulanan formasından uzaqdır. Diqqət yetirsəniz, "Qarabağ" və "Qəbələ"yə qarşı oyunlarda da özünü yaxşı tərəfdən göstərdiyini görərsiniz. Məncə, hər bir mövqedə iki eyni səviyyəli oyunçularımız var. Onların hər biri meydana çıxaraq, özünü göstərməyə hazırdır".
"Neftçi"nin legioneri ikinci mövsümdür çıxış etdiyi Azərbaycan çempionatındakı hər bir komandada fərdi olaraq, yaxşı oyunçuların olmasından təəccübləndiyini dilə gətirib:
"Onlar meydanda layiqincə mübarizə aparırlar. Deyərdim ki, hazırda Azərbaycan futbolu inkişafdadır".
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət