Slimfit
  1. MEDİA

Hadi Rəcəbli: Hər şeyə pul tapırlar, amma beş günlük istirahətə qızırqalanırlar

Hadi Rəcəbli: Hər şeyə pul tapırlar, amma beş günlük istirahətə qızırqalanırlar
Sakura

Hadi Rəcəbli: Hər şeyə pul tapırlar, amma beş günlük istirahətə qızırqalanırlar

 

Oxu.Az-ın müxbirinin suallarını Milli Məclisin (MM) Əmək və sosial siyasət komitəsinin sədri, professor Hadi Rəcəbli cavablandırır:

- Hadi müəllim, artıq yay istirahət mövsümü başlayıb. İnsanlarımız bunu lazımınca dəyərləndirə bilirlərmi? Turizmlə bağlı qanun layihəsinin taleyi nə yerdədir?

- Belə bir məlumat getmişdi ki, guya biz nəzərdə tutduğumuz qanun layihəsini yaz sessiyasının müzakirəsinə çatdıra bilmədik. Əslində, elə deyil. Gündəlikdə “Turizm haqqında” qanun layihəsi var. Onun hələ tövsiyə olunması, plenar iclasa çıxması mütləq deyildi. Hazırda qanun layihəsi ətrafında geniş iş gedir. Amma bugünkü həqiqət nədən ibarətdir?

Azərbaycan qədimdən turizm məkanı olub. Sovet dönəmində Azərbaycanın bir sıra bölgələri - Qəbələ, Şabran-Qalaaltı, Lənkəran, Şəki, Zaqatala, Gəncə-Hacıkənd, işğala qədər Şuşa turizm məkanı olub. SSRİ-nin ayrı-ayrı bölgələrindən turistlər buraya maraq göstərib. Sanatoriya-kurort xidmətinə, dəniz kənarına istirahətə gəliblər. Azərbaycanda bu ənənələr var.

Ta qədimdən Azərbaycanda deyirlər ki, get, suyunu dəyiş və ya çox gəzənlə çox oxuyan çox bilər. Çox gəzməyi həmişə məsləhət biliblər. Həmçinin, Məşhəd ziyarəti, Həcc ziyarəti olub.

Bu da “get, havanı dəyiş”, “get, dünyanı gör” deməkdir. Milli-mənəvi dəyərlərimizin, adət-ənənələrimizin içərisində bu məsələlər var. Ona görə biz bunu inkişaf etdirməliyik. Nə edəsən ki, Sovet hökuməti dağılandan sonra bütün bu məsələlər aradan çıxdı.

Nə üçün Azərbaycana turizm və istirahət biznesi lazımdır, əhəmiyyətlidir? Niyə biz buna can atırıq? Niyə biz bunu inkişaf etdirməliyik? Əsas məsələlərdən biri odur ki, Azərbaycan əmək ehtiyatları çox olan ölkədir. İldə bizim yüz min artımımız var. Əvvəlki illərdə yüz əlli min olub və bu təbii artım işlə təmin olunmalıdır.

Əgər biz intensiv təsərrüfata gediriksə, əmək məhsuldarlığına gediriksə, qiyməti aşağı salmaq haqqında fikirləşiriksə, o zaman sahibkar işçini daha çox ixtisar etmək haqqında fikirləşir. Amma Prezident İlham Əliyev çox maraqlı sistem qurub. Turizm sahəsini inkişaf etdirmək üçün güzəştli kreditlər verilir.

Çox qısa müddətdə bizdə beş minə yaxın hotel və hotel tipli müəssisələr qurulub. Bəli, bilirəm, dərhal soruşacaqsınız ki, Hadi müəllim, düzdür, turizm inkişaf edir, amma bizdə beşulduzlu hotellər çoxdur. İndi sizə deyim, məgər mənim daha çox məlumatım olan Lənkəranda beşulduzlu hotellər var? Bir dənəsi var, o da  beşulduzlu deyil. 200 yer var orada, dördulduzludur. Gəlib-gedən, turist də var.

Sadəcə, bunun təbliği pisdir. Elə hamının fikrindəki odur ki, hotellərimiz beşulduzludur. Üçulduzlu da var, dördulduzlu da. Yenə deyirəm, bu gün bu məsələnin təbliği, əlaqələndirilməsi yaxşı deyil. 

Görürsünüz, biz xarici turistlər üçün viza rejimini sadələşdirmişik, çarter reysləri qurmağa başlamışıq, ərəb ölkələrindən Rusiyadan Azərbaycana turistlərin sayı artıb. Hətta deyirlər ki, Gürcüstana gedən turistlər axır zamanlar Azərbaycana daha çox gəlirlər.

Azərbaycan görmək, yaşamaq, istirahət etmək üçün gözəl yerdir, qulluq, iaşə, servis xidməti də indi yerinə oturub...

- Amma etiraf edək ki, iaşə-servis xidməti hələ də axsayır...

- Xeyr, sizinlə razılaşmıram. Mən dünyanın çox ölkələrini gəzmişəm. Bu yaxınlarda gəlmişəm ABŞ-dan. Mənim bildiyim, tanıdığım Lənkərandakı yerlərdə xidmət ABŞ-dakı yerlərdən yaxşıdır. Biz niyə pisi görürük?

Yaxşısı da var. Beləliklə, xidmətdə də köklü dəyişiklik olub. Biz bu gün hər şeyi yerə vuraq, deyək ki, xidmət yoxdur, belə deyil. Turist axını üçün sadələşdirilmiş viza da var, yollarımız da səliqəyə düşüb, dördulduzlu, beşulduzlu hotellərimiz, xidmət lazımi qədərdir. Sadəcə, təşkilati, əlaqələndirmə-koordinasiya məsələləri istənilən səviyyədə deyil.

- Qiymət, bahalıq məsələsi ortadadır. Nə qədər tənqid edilsə də, bu məsələdə irəliləyiş yoxdur...

- Bəli, qiymət məsələsi də var. Odur ki, əlaqələndirməni gücləndirmək lazımdır. Azərbaycanın bu gün turizmlə bağlı dünyada dörd bölgədə xüsusi mərkəzləri var. Bunlar geniş fəaliyyət göstərməlidir. Kompüter texnologiyalarından geniş istifadə etməliyik.

“Facebook”da, sosial şəbəkələrdə onlar daha geniş yayılmalıdır. Elə etməliyik ki, gələn bir də gəlsin. Məsələn, cənub yolunun düzəlməsi Lənkəranda xeyli turist artımına səbəb olub. İndi başqa şeyə qayıdaq.

Gürcüstana niyə turistlər daha çox  gəldi? Çünki təyyarə biletlərinin qiyməti optimaldır. Çarter reysləri var. Niyə Antalyaya, Bodruma daha çox axın var? Çünki çarter reysləri var, qiymət iki dəfə ucuzdur. Biz bu gün bunu fikirləşməliyik. Yolun qiymətini aşağı salmalıyıq.

Bir var təyyarədə əlli faiz gələn olur, bir də var ki, təyyarə yüz faiz dolur. Düşünürəm ki, mütləq təyyarə biletlərində qiymətlər dəyişməlidir.

Yeri gəlmişkən, biz bəzən də yapışırıq sanatoriya-kurortdan. Ancaq, məsələn, həftəsonu turizmi var. Ölkədaxili turizm var. Niyə bunu inkişaf etdirmirik? Çox təəssüf edirəm ki, bəzən soruşursan, bala, harada istirahətdə idin, cavab verir ki,  Dubayda idim, Antalyaya getmişdim.

A bala, Qəbələni görmüsən? Yox. Haradadır Qəbələ? Qalaaltıda istirahət eləmisən? Yox. Mən şəxsən bir müddət öncə Naftalanda istirahət elədim, hər şey ən yüksək səviyyədə idi. Lənkəranda yeni tikilib hotel-kurort xidməti. Dünyada analoqu yoxdur. Amma təbliğat yetərincə deyil. Əlaqələndirmək, adamları dəvət etmək, Lənkərana uçan təyyarənin qiymətini iki dəfə ucuzlaşdırmaq lazımdır.

Həftəsonu turizm, ölkədaxili turizm, yemək turizmi, təbiət turizmi, ekoturizm, bunları genişləndirmək gərəkdir. Adamlar var ki, istəyir ki, getsin, gölün qırağında, bulağın başında kabab bişirsin, yesin. Bunların hamısını fikirləşmək və təşkil etmək lazımdır.

- Siz də hər zaman gileylənirsiniz, həqiqətən, bizdə istirahət mədəniyyəti hələ də yetərli səviyyədə inkişaf etməyib. İmkanının az və ya çox olmasından asılı olmayaraq, insanlar əksəriyyət etibarilə nədənsə istirahətlərinə pul ayırmaq istəmirlər...

- Vallah, beş günlük ömürdür. Qızılı alıb, paltarı əyninə soxuşdurub buradan uçur 13-19 saata ABŞ-a, dünyanın o başına gedir. Özünə zülm edir, amma sənin qulağının dibində hər bir şərait var.

Və yaxud, hər şeyə pul tapır, amma beş günlük, bir həftəlik istirahətinə pul ayırmağa qızırqalanır. Yenə də məsələ maarifləndirməyə, təbliğə gəlib çıxır.

Burada digər bir məsələ var: özəl bölmələr, sahibkar – işəgötürən – işçi münasibətləri.

İşəgötürən bunu təşkil eləməlidir. Həmkarlara vəsait çox köçürülməli, həmkarların imkanlarından daha çox istifadə edilməlidir. Bəzən xaricdən gələn turistlər ev turziminə üstünlük verirlər, məsələn, evdə yox, həyətdə dincəlmək istəyirlər. Evdə xalçanın üstündə uzanıb yatmaq istəyirlər.

Belə-belə ekzotik şeylər gözləyirlər. Yəni bunların hamısını təbliğ etməliyik, deməliyik, çatdırmalıyıq ki, bunlar olsun. Bunun üçün gəlib nəyə çıxırıq? Şəhər mədəniyyəti. Bakıya gələn qonaqlar bulvara çıxırlar, razı qalırlar. Mən, məsələn, ABŞ-ın Montere şəhərinə getmişdim,  şəhərin otuz min əhalisi var, amma ildə ora qırx milyon turist gəlir. 

Sizə deyim ki, oranın qeyri-adiliyi də yoxdur, regionlar ondan qat-qat yaxşıdır. Amma görürsünüz, bunun üçün yaxşı təbliğat olub. Məsələn, onlar gəlib buranı görüblər və çox razı qalıblar, danışırlar ki, Lənkəran kimi bir yer, Bakı kimi gözəl şəhər var.

Niyə bunları təbliğ eləməyək? Niyə bunları geniş açmayaq?

- Yeri gəlmişkən, bəzən parlamentin özündə də belə fikirlər, iradlar, sərt tənqidlər yer alır ki, xarici turistlər Bakıya, Azərbaycana seks turizmi üçün gəlirlər...

- Bunu bir az şişirdirlər. Dünyanın hansı ölkəsinə gedirsən, turist olan yerdə buna oxşar şeylər olur. Biz buna haqq qazandırmırıq. Bu, əlbəttə, qəbulolunmazdır. Çünki bizim mentalitetimiz, adət-ənənəmiz, milli dəyərlərimiz var. Ancaq burada da ola bilər hansısa yanlışlıqlar, hansısa nöqsanlar var, amma bunu ümumiləşdirmək, bunun ətrafında düşmən obrazı yaratmaq düzgün deyil.

- Bu kimi xoşagəlməz, milli dəyərlərimizə zidd olan hallarla bağlı hansı addımlar atılmalıdır?

- Qanunda yazılıb ki, belə hallar cinayətdir. Ancaq ümumi götürəndə nöqsan, xoşagəlməz hallar harada yoxdur ki?! Dünyanın harasına gedirsən-get, nöqsan, xoşagəlməz hallar görəcəksən. Məsələn, elə bilirsən, Antalyada, Bodrumda nöqsan yoxdur? Nöqsan oralarda da var. Əgər iki nəfərin bir-biri ilə münasibəti varsa, nə ad qoyarsan ona, nə deyərsən ona? Əlbəttə, biz bir az diqqətli olmalıyıq, təbliğatda yanlışlığa yol verməməliyik, kütlənin psixologiyası ilə oynamamalıyıq, sensasion yaratmamalıyıq.

Gərək ona nail olaq ki, turist qəbuletmə mədəniyyəti bir az da yüksəlsin. Turizmin inkişafı üçün biz neqativləri aradan qaldırmalıyıq, elə etməliyik ki, turist gəlsin.

- Komitənizin mətbəxində hansı qanun layihələri var, nələr planlaşdırılır?

- Bizim əlimizdə hələlik turizm haqqında qanun layihəsidir, bunu işləyəcəyik. Sonradan ola bilər ki, əlillər üçün iş yerlərinin, əlillərin ixtisaslarına, onların xasiyyətinə, fiziki imkanına uyğun olan istehsalat müəssisələrinin açılmasını özündə ehtiva edən qanun layihəsi hazıralansın. Bunu götür-qoy edirik.

- Son illər erkən nikahlar və boşanmalar məsələsindən, ailə institutunun yavaş-yavaş aradan çıxmasından tez-tez narazılıqlar, şikayətlər edilir. Bunların qarşısını almaq üçün hansı addımların atılması lazımdır?

- Biz dünyaya inteqrasiya edirik. Dünyaya inteqrasiya edərkən, onun müsbət məqamları da özünü göstərir, mənfi məqamları da. Möhtərəm prezidentimizin istəyi nədir? Nə deyir həmişə? Həmişə deyir ki, dünyaya inteqrasiya o demək deyil ki, azərbaycançılığı unudaq, milli-mənəvi dəyərlərimizi itirək. Bu, baş xətdir.

Biz hamılıqla çalışmalıyıq ki, milli-mənəvi dəyərlərimizi qoruyaq və ona nail olaq ki, ailə institutunu bir az da möhkəmləndirək. Ailə institutuna, ailə təməlinə önəm verilməlidir. Məsələn, bizdə niyə boşanmaları faiz olaraq görürük? Çünki ABŞ-da, Avropada vətəndaş nikahı deyilən bir məsələ  var. Yaxud Rusiyada əlli faiz boşanma var, yüksək rəqəmdir.

Azərbaycanda dünyaya inteqrasiya edə-edə o məqamlar özünü göstərməyə başlayır. Məsələn, bizdə deyirlər ki, doğuş azalıb. Nədən azalıb? Təzadlı görünsə də, bizim durumumuzun yaxşılaşmasına görə. Niyə Avropada azalır? Çünki sosial durumları yaxşıdır, pulları var, çox uşaq istəmirlər. Bizdə də həmin o tendensiyalar əmələ gəlməyə başlayır. Bunlar hamısı ailələrin ixtiyarına verilib. Heç kim bura müdaxilə eləmir, yəni Azərbaycanda müdaxilə yoxdur.

Azərbaycanda doğuş 2011-ci ildən bu yana azalmaqdadır, keçən il 138 min doğuş olub, amma 2011-ci ildə 176 min olmuşdu. Buna baxmayaraq, bizdə 100 minlik təbii artım var. Bunu da nəzərə almalıyıq və burada heç bir müdaxilə yoxdur. Ailələr özləri belə məsələləri tənzimləyirlər.

- Amma bütün hallarda ailə institutunun tədricən aradan çıxması qəbulolunmaz bir məsələdir və bunun qarşısının alınması üçün daha təsirli, effektli addımlar atılmalıdır. Siz necə düşünürsünüz, təklifləriniz nədən ibarətdir?

- Ailədə təlim-tərbiyəyə ciddi diqqət yetirilməlidir. Çünki tərbiyə ailənin təməlidir. Tərbiyə məsələsində orta məktəb də güclü rol oynayır, amma təməl ailədir. Ailədə qız uşağını gəlin kimi böyütmək lazımdır. Qız uşağını ana kimi böyütmək lazımdır. Bunun təbliğatı aparılmalıdır. Bununla mətbuat ciddi məşğul olmalı, qeyri-hökumət təşkilatları işləməlidir. Qadınların, qızların təhsili məsələsi öndə tutulmalıdır. Ağıllı qadının uşağı ağıllı olur.

- Təəssüf ki, qızların təhsildən yayındırılması məsələsi də aktual problemlərdən biridir...

- Burada kütləvilik görmürəm. Məsələn, tez-tez Lənkəranın, Cənub bölgəsinin adını çəkirlər, amma Lənkəranda belə bir şey mənə konkret heç rast gəlməyib. Demək olar ki, yoxdur.

Yəni, bunu şişirtməyin yeri yoxdur. Bununla belə, qızların təhsilə cəlb olunması, qızların təhsilə bağlanmasını istəyirik və bununla da ciddi məşğul olmalıyıq. Bu da yenə gəldi çıxdı bələdiyyələrə, dini qurumlara, bütün məsələlərin başında duran ailəyə. Nikaha girəndə ərizəni verirlər, onlara bir ay müddət verirlər ki, nikaha girənlər bu bir ay müddət ərzində bir-birini tanısınlar, bir aydan sonra nikah bağlayırlar.

Dünyada belə qəbul olunub. O bir ay müddətində bunlara kurs keçirlər. Kişini necə yola gətirmək olar, kişinin başına necə sığal çəkərlər? Həyat yoldaşı, qadın özünü necə aparmalıdır? Kişi həyat yoldaşına necə münasibət bəsləməlidir?

Gərginlikləri, o mübahisələri necə çözək? Necə edək ki, mübahisələr şişməsin, artmasın? Qarşılıqlı güzəşt, bir-birinə güzəştə getmək bacarığını öyrətmək lazımdır. Mən belə düşünürəm.

- İstərdik ki, bir qədər də siyasi məsələlərə yer ayıraq. Qarşıdan 2020-ci il 6-cı çağırış parlament seçkiləri gəlir. Amma belə fikirlər də səslənir ki, seçkilər bir qədər qabağa çəkilə bilər.

- Bu, prezidentin səlahiyyətində olan məsələdir. Möhtərəm prezidentin qəbul etdiyi qərar bizim üçün qanundur. Mən hələ belə bir rəsmi qərar eşitməmişəm. Sadəcə, sözdür, el arasında gəzən söhbətlərdir bunlar, heç birinin hələ nə siyasi əsasını görürəm, nə kökünü. Yalnız prezident o qərarı qəbul edə bilər. Yəni Konstitusiyaya etdiyimiz dəyişikliklə səlahiyyət verilib ki, istədiyi vaxt prezident parlamenti buraxa bilər.

Başqa bir şeyi vurğulamaq istəyirəm, nə edəsən ki, deputatlardan cəmiyyətdə mənfi obraz yaratmağa çalışan qüvvələr var. Bunun da kökündə duran məsələlərin ən başlıcası odur ki, parlament prezidentin ətrafında birləşən, xalqı təmsil edən parlamentdir, parlament dövlət quruculuğuna xidmət edən parlamentdir. Mən dövləti təmsil edən adamam, xalqın nümayəndəsiyəm, o parlamentdə mənim də kəskin çıxışlarım olub.

Mən özüm də bu yaxınlarda danışmışam ki, minimum əməkhaqqı və pensiyalar qalxmalıdır. Biz bunu deyiriksə, niyə təhrif edirlər, niyə başqa cür yozurlar sözlərimizi? Özünüz də gördünüz ki, biz boşuna, elə-belə danışmırıq, bilirik nə danışırıq, nə deyirik.

Son bir neçə gündə maaşlar, minimum əməkhaqqı, pensiyalarla bağlı atılan inqilabi addımlar kimlərin həqiqəti danışdığını, kimlərin yalançı, böhtançı olduğunu göstərdi. Amma çox təəssüflər olsun ki, yenə də millət vəkilləri hədəfə götürülür.

- Sizcə, millət vəkilləri öz missiyasının öhdəsindən lazımınca gələ bilirmi?

- Məsələn, missiya nədir? Missiya odur ki, xalq, sahələr və dövlət, bunlar bir yerdə və daim qarşılıqlı əlaqədə olsun. Missiyanı hərə bir cür fikirləşir. Biz də fikirləşirik. Nə deyirik? Şəxsən həmişə demişəm ki, əməkhaqları artmalıdır.

Həmişə demişəm ki, yaşayış minimumu ilə minimum əməkhaqqı üst-üstə düşməlidir.  Bütövlükdə biz bunları demişik. Xalqın mənafeyinə, rifahına uyğun danışmışıq. Bəziləri danışan yox, iş görən deputatlardır. Adlarını çəkmək istəmirəm. Qayğı göstərirlər, xalqın içindədirlər.

Ona görə bizə ünvanlanan o söyüşlərin hamısını o mədəniyyətsiz, tərbiyəsiz, anonim adamların özlərinə, ailələrinə qaytarıram. Çünki onlar mənəviyyatsızdırlar.

Kamil Həmzəoğlu

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

San Fransiskoda yerləşən bir şirkətin laboratoriyada toyuq tükündən hazırladığı toyuq əti

Redaktor seçimi

SON XƏBƏRLƏR