Hacıbala Abutalıbov: Sürüşmə zonasında tikilən evlər qanunsuzdur
Bu gün səhər saat 09:00-dan sürüşmə artıb. Ərazidən 11 ailə öz qohumlarının evlərinə köçüblər. Müvafiq qurumlar rəy versə ki, burada yaşayış mümkün deyil, o zaman evlər söküləcək. Amma burada kompensasiyadan söhbət gedə bilməz, çünki hamısı qanunsuz tikililərdir.
Oxu.Az-ın məlumatına görə, bunu baş nazirin müavini Hacıbala Abutalıbov jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, ərazidə iki gün öncə tikilən divar var:
“Bakı Şəhər İcra Hakimiyyəti və Səbail Rayon İcra Hakimiyyətinə göstəriş vermişəm ki, qanunsuz tikililər sökülsün. Ən böyük bəla ondadır ki, buradakı və sürüşən təpənin arxasındakı binaların kanalizasiya xətti yoxdur. Yeraltı su ötən ilə nisbətən 18 metr yuxarı qalxıb”.
Hacıbala Abutalıbov əlavə edib ki, hazırda buraya heç bir müdaxilə mümkün deyil:
“Yolun aşağısındakı digər evlərə rəsmi xəbərdarlıq edilib. Verilən rəyə əsasən, onları hər hansı təhlükə gözləmir. Təhlükəli vəziyyətdə olan yuxarıda 11 ev, aşağıda çay evi və bir evdir”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət