Slimfit
  1. DÜNYA

Gürcüstanda şərab festivalı və nəhəng milli şirniyyat

Gürcüstanda şərab festivalı və nəhəng milli şirniyyat
Sakura

Gürcüstanda şərab festivalı və nəhəng milli şirniyyat

 

Gürcüstanın Kaxeti bölgəsinin Qurcaani şəhərində ötən həftəsonu ənənəvi şərab festivalı keçirilib.

Report”un yerli bürosu xəbər verir ki, tədbir şəhərin “Axtala” kurortu ərazisində Gürcüstanda qeyd olunan "Gürcü şərabı" günləri çərçivəsində təşkil olunub.

Kaxeti bölgəsi qonşu ölkənin şərabçılıq mərkəzi sayıldığından burada keçirilən festival daha genişmiqyaslı olub. Festivalda 100-ə yaxın yerli şərab istehsalçısı öz məhsulunu təqdim edib. Tədbir çərçivəsində müxtəlif pavilyonlarda konsert proqramları, əyləncəli oyunlar keçirilib, şərabın hazırlanması üçün üzümün əzilməsi prosesi nümayiş etdirilib.

Havanın yağışlı və soyuq olmasına baxmayaraq, şərab bayramına çoxlu sayda yerli sakinlər, əcnəbi qonaqlar, turistlər və diplomatik korpusun nümayəndələri qatılıblar.

Festivalın ən maraqlı hissəsi Gürcüstanın milli şirniyyatı olan çurçxelanın ilk dəfə olaraq 4 metrlik ölçüdə hazırlanması olub. Adi çurçxelanın standart ölçüsü 30 sm təşkil edir. Gürcü şirniyyatının tərkibi şərab şirəsi, un və qozdan ibarətdir. Fındıq və badamlı çurçxela növləri də var.

Gürcüstanın milli şirniyyatı belə nəhəng ölçüdə nəinki ölkədə, dünyada da ilk dəfədir hazırlanıb. 3-4 metrlik hər bir çurçxelanın hazırlanmasına 3 kiloqrama yaxın qoz ləpəsi sərf olunub.

Layihə Gürcüstanın “Grand Travel Group” şirkəti tərəfindən həyata keçirilib. Şirkətin nümayəndəsi David Dolidze jurnalistlərə bildirib ki, böyük ölçüdə çurçxela hazırlamaq ideyası çoxdan yaranıb: “Bunun üçün hazırlıq işləri aparıldı və ilk olaraq 2 metrlik çurçxela hazırladıq. Festival çərçivəsində ərsəyə gətirdiyimiz ən kiçik çurçxelanın ölçüsü 3,5 metr, ən böyüyü isə 4 metrə yaxın oldu”.

D.Dolidzenin sözlərinə görə, çurçxelanın hazırlanması Gürcüstanda şərabçılıq mədəniyyəti ilə sıx bağlıdır: “Çurçxela yüksək kalorili və doyumlu şirniyyatdır. Onun çəkisi az olduğundan müharibələr zamanı gürcü döyüşçülər şirniyyatı üzərlərində gəzdirirdilər. Bununla yanaşı çurçxela antiseptik xüsusiyyətlərə malikdir və immuniteti gücləndirir. II Dünya müharibəzi zamanı hərbi hospitallara yaralı əsgərlər üçün Gürcüstandan çurçxelalar göndərilirdi”.

Şirkət nümayəndəsi deyib ki, nəhəng ölçüdə çurçxelanın hazırlanmasının məqsədi Gürcüstanda şərab turizminin ölkə daxilində və xaricində populyarlaşdırılması və ölkəyə daha çox turist cəlb etməkdir.

Şirkətin digər nümayəndəsi Giorgi Dolidze isə bildirib ki, nəhəng ölçüdə hazırlanmış çurçxelanın Ginnesin Rekordlar Kitabına daxil edilməsi üçün müraciət olunub.

Şirkətin pavilyonunda festival iştirakçılarına nəhəng ölçüdə çurçxelanın hazırlanması prosesi nümayiş etdirilib. Ziyarətçilərə standart ölçüdə çurçxela hazırlamaq imkanı da yaradılıb. 

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Aprel şəhidimiz Fəxrəddin Qurbanlı

Redaktor seçimi

SON XƏBƏRLƏR