Gürcüstan hökuməti prezident seçkilərinin ikinci turu ilə əlaqədar yeni qərar qəbul edib
Gürcüstan hökuməti prezident seçkilərinin ikinci turu ilə əlaqədar yeni qərar qəbul edib.
Axar.az xəbər verir ki, qərarda seçkilərdə inzibati resurslardan istifadəyə yol verilməsi qadağan olunub.
Hökumət dəftərxanasının yaydığı məlumatda bu qərarın seçkilərin dinc, şəffaf, azad və demokratik şəraitdə keçirilməsini təmin etmək məqsədilə qəbul olunduğu diqqətə çatdırılıb.
Qərarda bildirilib ki, Gürcüstanın Seçki Məcəlləsində dövlət qulluqçularının seçkilər zamanı fəaliyyəti ilə bağlı bir sıra məhdudiyyətlər nəzərdə tutulub. Seçkiöncəsi dövrdə dövlət qulluqçusuna hər hansı siyasi partiyanın və seçki subyektinin lehinə və ya əleyhinə təbliğat aparmaq və inzibati resursdan istifadə etmək qadağan olunub. Bununla yanaşı, dövlət qurumunda çalışan şəxs seçkiöncəsi təbliğat zamanı tabeliyində olan şəxsləri namizədin seçilməsinə yönələn tədbirlərdə iştiraka cəlb edə, imza toplaya və xidməti ezamiyyət zamanı seçki təbliğatı apara bilməz. Dövlət qulluqçusuna, həmçinin Gürcüstan vətəndaşına pul mükafatının veriləcəyi ilə bağlı vəd verməsi və ya seçki subyekti adından hədiyyə verməsi də qadağan olunub.
Qeyd edək ki, Gürcüstanda prezident seçkilərinin birinci turu oktyabrın 28-də keçirilib. Birinci turun nəticələrinə görə, müstəqil namizəd - hakim “Gürcü arzusu-demokratik Gürcüstan” partiyasının da dəstəklədiyi Salome Zurabişvili səslərin 38,64 faizini toplayıb. “Vahid Milli Hərəkat” partiyasının və birləşmiş müxalifətin namizədi Qriqol Vaşadze isə 37,74 faiz səs yığıb.
Seçkilərin noyabrın 28-də keçiriləcək ikinci turunda mübarizə məhz bu iki namizəd arasında aparılacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət