Slimfit
  1. GÜNDƏM

Gürcüstanda Azərbaycandilli məktəblər sürətlə bağlanır

Gürcüstanda Azərbaycandilli məktəblər sürətlə bağlanır
Sakura

Gürcüstanda Azərbaycandilli məktəblər sürətlə bağlanır

Şahlar Əsgərov: “Gərək, Gürcüstanda Azərbaycan məktəblərinə qayğı göstərək”

Kamran Əsədov: “Biz özümüz kadr hazırlayıb, ora göndərməliyik”

Gürcüstanın ombudsmanı Nino Lomcarianın 2018-ci il üzrə insan haqları ilə bağlı parlamentdə verdiyi hesabata görə, Gürcüstanda 290-a yaxın məktəbdə tədris qeyri-gürcü - Azərbaycan, erməni və rus dillərində aparılır.

Sənədə əsasən, 208 məktəb tam qeyri-gürcü dilində fəaliyyət göstərir, 76 məktəbdə isə etnik azlıqların dilində bölmələr var.

Hesabatda qeyd olunub ki, ölkədə Azərbaycandilli 80, ermənidilli 117, rusdilli 11 məktəb fəaliyyət göstərir.

Gürcü-Azərbaycandilli bölmələrin sayı 31, gürcü-Azərbaycan-rusdilli bölmələrin sayı 1, Azərbaycan-erməndilli bölmələrin sayı 2, rus-Azərbaycandilli bölmələrin sayı isə 2 təşkil edir.

Milli azlıqların dillərində olan məktəblərdə 7741 pedaqoq müxtəlif fənlərdən dərs deyir. Azərbaycandilli məktəblərdə 3 411, ermənidilli məktəblərdə 2 985, rusdilli məktəblərdə1372 müəllim çalışır.

Qeyri-gürcü dilli məktəblərdə təhsil alan şagirdlərin ümumi sayı 51 144 nəfər olub ki, bunların da 25 018-i Azərbaycandilli məktəb və bölmələrin payına düşüb. Ermənidilli məktəb və bölmələrdə isə 13 240 nəfər təhsil alır.

Maraqlıdır ki, 25018 nəfər şagird üçün Gürcüstanda Azərbaycandilli 80 məktəb, 13 240 şagird üçün isə ermənidilli 117 məktəb fəaliyyət göstərir. Baxın, az qala iki dəfə azəbaycanlı şagirdlər çoxluq təşkil edir. Halbuki, əvvəl 186 Azərbaycandilli məktəb, 80-dən az isə ermənidilli məktəb var idi. Bu statistika özü Gürcüstanda azərbaycanlılara yönəlik təhsil siyasətinin aparılmadığının göstəricisidir. Eyni zamanda Azərbaycandilli məktəblərdə 25018 şagirdə 3 411 müəllimin dərs deməsi, 13240 erməni şagirdə 2985 müəllimin təhsil verməsi də azərbaycanlı müəllimlərin kəskin azaldığını ortaya qoyur.

Göründüyü kimi, erməni şagirdlər iki dəfə yaxın az olmağına baxmayaraq, müəllimlə kifayət qədər təmin olunublar, təxminən 4-5 şagirdə bir müəllim düşür. Təxminən 8 azərbaycanlı şagirdə isə bir müəllim düşür. Bu da ermənilərin Gürcüstanda bizdən üstün durumda olduğunu sübut edir. Çünki bir xalq ancaq elmlə yüksələ bilər.

Qeyd edək ki, Gürcüstan ombudsmanı Nino Lomcarianın parlamentdə çıxışı zamanı tövsiyyə edib ki, Azərbaycandilli məktəblər üçün ana dilində dərsliklər Gürcüstanda nəşr olunmalıdır. O, bu tövsiyəni Gürcüstan ombudsmanı ölkənin Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinə təqdim edib və bildirib ki, Gürcüstanda Azərbaycan, erməni və rus dillərində ana dili və ədəbiyyatı dərsliklərinin hazırlanması və nəşr olunması üzrə iş davam etdirilməlidir.

İnsan haqları üzrə müvəkkil müvafiq dərsliklərin hazırlanması ilə çoxdilli (bilinqual) tədrisin effektivliyinin artırılmasını da tövsiyə edib.

Tövsiyələrdə təhsil islahatları çərçivəsində həyata keçirilən “yeni məktəb” modelinə milli azlıqların təhsil aldığı təhsil müəssisələrinin də daxil edilməsi yer alıb.

Ombudsman Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyini milli azlıqlara dövlət dilinin tədrisi üçün yüksək ixtisaslı müəllimlərin cəlb olunması və onlara lazımi əməkhaqqının ödənilməsini təmin etməyə çağırıb.

İnsan haqları üzrə müvəkkil milli azlıqlara məxsus mədəni irs obyektlərinin bərpası üçün effektiv tədbirlərin həyata keçirilməsini də vacib hesab edir.

Картинки по запросу Gürcüstanda Azərbaycandilli məktəblər

Məlumata görə, qonşu ölkənin Azərbaycandilli məktəblərini “Azərbaycan dili” və “Ədəbiyyat” dərslikləri ilə hər il Azərbaycanın Təhsil Nazirliyi təmin edir. 2019-2020-ci tədris ili üçün nazirlik Gürcüstana 21 adda 20 622 ədəd dərslik və metodik vəsait göndərib. Son 5 ildə isə Azərbaycandilli məktəblərə göndərilən dərs vəsaitlərinin sayı 81 427 ədəd təşkil edib.

Gürcüstan ombudsmanı Nino Lomcarianın 2018-ci il üzrə insan haqları ilə bağlı parlamentə təqdim etdiyi hesabatında digər məqamlar da diqqəti çəkir. Belə ki, o bildirib ötən il də Marneulidə milli azlıq nümayəndələrinin yüksək vəzifələrdə təmsilçiliyi minimal səviyyədə olub.

Sənəddə qeyd olunub ki, 2014-cü ildə ölkədə aparılan son siyahıya almaya əsasən, Marneuli əhalisi 104 300 nəfər təşkil edib: “Bunların 83,77 faizini azərbaycanlılar, 8,58 faizini gürcülər, 6,99 faizini isə ermənilər təşkil edib. Bu fonda Marneuli bələdiyyəsinin meriyasında 8 xidmətdən birinin rəhbəri etnik azlıq nümayəndəsidir. Beş komissiya rəhbərlərinin yalnız biri, sakrebulo bürosunun 11 üzvünün də yalnız biri milli azlıqları təmsil edir”.

Gürcüstan Ombudsmanın bu hesabatı da azərbaycanlıların hətta bələdiyyədə belə təmsil olunmamasını aydın edir. Halbuki, əhalisinn 83,77 faizini azərbaycanlılar təşkil edən Marneuli bələdiyyəsi əsasən azərbaycanlılardan ibarət olmalıdır. Göründüyü kimi, təhsilimizə olan biganəlik yerli bələdiyyə səviyyəsində təmsil olunmamıza da yansıyıb.

N.Lomcaria parlamentdə çıxışında onu da vurğulayıb ki, milli azlıqların qərar qəbuletmə prosesində iştirakı üçün heç bir effektiv addım atılmayıb: “Bizim müşahidələrimiz və aldığımız müraciətlər göstərir ki, ölkədə etnik və irqi ayrı-seçkilik ciddi problem olaraq qalır”.

Əslində, Gürcüstan ombudsmanı həqiqəti deyib. Çünki Azərbaycan məktəblərinin 186-dan 80 məktəbə endirilməsi irqi ayrı-seçkiliyin ciddi problem olaraq qaldığını yox, hətta artdığını söyləməyə imkan verir. Belə ki, Bolnisi rayonun tək Faxralı kəndində iki məktəb bağladılıb. Halbuki, vaxtilə Faxralıda 3 məktəb fəaliyyətdə olub. Bu gün isə böyük bir kənd cəmi bir məktəbin ümidinə qalıb, şagirdlər kəndin o başından, bu başına məktəbə gəlmək üçün kilometlərlə yol gəlməli olur.

Maraqlıdır ki, Gürcüstanda və yaxud Azərbaycanda Borçalıda yaşayan Azərbaycan türklərinin gürcü dilini bilməsi vurğulanır və bu, Gürcüstan dövlət orqanlarında təmsil olunmaq üçün əsas sayılır. Hətta bu günlərdə deputat Savalan Mirzəyev Gürcüstan parlamentinin iclasında ölkədə yaşayan azərbaycanlılar arasında dövlət dilini bilmək səviyyəsinin yüksək olmaması ilə bağlı məsələ qaldırıb. S. Mirzəyev “nazir saatı” formatında çıxış edən Gürcüstanın barışıq və vətəndaş bərabərliyi məsələləri üzrə dövlət naziri Ketevan Tsixelaşviliyə sual ünvanlayıb.

Parlament üzvü bildirib ki, Kvemo Kartli bölgəsinin kəndlərində yaşayan sakinlər hələ də gürcü dilini bilmirlər. S.Mirzəyevin sözlərinə görə, kənd sakinləri ilə ünsiyyət zamanı ya tərcüməçi tələb olunur, ya da rus dilində danışmaq lazım gəlir. Deputat dövlət nazirindən milli azlıqlar arasında gürcü dilinin tədrisinin gücləndirilməsi məqsədilə gələcəkdə hansı addımların atılacağı barədə maraqlanıb.

S.Mirzəyev dövlət idarələrində milli azlıqlardan olan gənclər üçün nəzərdə tutulan təcrübə proqramını yüksək qiymətləndirib və bu proqramın gələcəkdə davam etdirilib-etdirilməyəcəyini soruşub.

Əslində, azərbaycanlı deputat yaxşı olardı ki, gürcü dilinin tədrisinin gücləndirilməsi məqsədilə gələcəkdə hansı addımların atılacağını soruşmaqdansa, Azərbaycandilli məktəblərin sayının azalmasına diqqət yetirəydi. Doğrudur, hər bir ölkənin vətəndaşı təmsil olundğu dövlətin dilini bilməlidir ki, müvafiq qurumlara müraciət edəndə və ya hər hansı bir problemlə üzləşəndə çətinlik çəkməsin. Amma son illər Gürcüstanda yetərincə gürcü dilini bilən gənclər var ki, bu gün də onlar heç bir işlə təmin olunmayıblar. Ona görə də bu bəhanə ilə məktəblərin bağlanılması və ya gürcüləşdirilməsi əsas ola bilməz. Əgər bu əsas olsaydı, ermənilər Gürcüstanda öz dillərində məktəblərinin sayının artmasına, erməni dilində tədris edən kadr potensialının artımına yönəlik siyasət aparmazdılar. Məgər ermənilər Gürcüstanın dövlət qurumlarında təmsil olunmurlar? Azərbaycanlılardan 10 dəfə çox təmsil olunurlar. Guya ki, gürcü dilini bilən gənclərimiz Gürcüstanda işlə təmin olunur. Sadəcə, gürcü dilini bilmək ona görə vacibdir ki, hər hansı bir quruma müraciət edəndə və yaxud problemlə üzləşəndə fikrini ifadə edə biləsən. Lomcarianın “ölkədə etnik və irqi ayrı-seçkilik ciddi problem olaraq qalır” fikri də bunu təsdiq edir.

İnsan haqları üzrə müvəkkilin “milli azlıqların təhsili, dövlət dilinin tədrisi, onlara məxsus mədəni irsin qorunması ilə bağlı vacib məsələlər problemli olaraq qalmaqdadır” fikirləri də vəziyyəti bir daha izhar edir. Çünki Gürcüstanda azərbaycanlılara məxsus mədəni isrsin qorunmasından danışmağa heç dəyməz, azərbaycanlılara məxsus mədəni irslər çoxdan dağıdılıb və gürcüləşdirilib.

“Bu qayğı ən çox siyasi qayğı olmalıdır”

Картинки по запросу ekspert Şahlar Əsgərov

Gürcüstanda Azərbaycandilli məktəblərin azalması ilə bağlı ictimai-siyasi xadim, təhsil üzrə ekspert Şahlar Əsgərov “Hürriyət”ə dedi ki, bir milləti itaətdə saxlamaq, istismar etmək üçün nə qədər savadsız olsa, bir o qədər yaxşdır: “Gürcüstanda xeyli azərbaycanlı yaşayır. Hərgah ki, onlar öz dədə-baba torpaqlarında yaşayırlar. Burada bizim də böyük günahımız var. Gərək, biz nəinki Gürcüstanda, lap Dərbənddə, başqa yerlərdə olan Azərbaycan məktəblərinə qayğı göstərək. Məncə, bu qayğı ən çox siyasi qayğı olmalıdır və Gürcüstan hökumətinə başa salmaq lazımdır ki, sən neçə şagirdə bir məktəb verirsən? Desə 100, denən onda mənə bu qədər məktəb düşmür, bu qədər düşür, sən niyə mənim millətimi bu qədər kiçildirsən? Bu söhbət siyasi səviyyədə getməlidir. Əlbəttə ki, həmin siyasi qərarlardan sonra Təhsil Nazirliyi məktəblərə uyğun köməkliyini göstərə bilər. Yoxsa 1-2 maşın aparıb kitab verməklə, bu problemi həll etmək çətindir. Burada problem kökündən həll olunmalıdır. Həmişə biz yamaq vururuq. Mənə elə gəlir ki, yamaq vurmaq lazım deyil, məsələni kardinal həll etmək lazımdır. Mən, ümumiyyətlə, bütün sahələrdə yamaq vurmağın əleyhinəyəm. Hətta yollarda asvalata yamaq vururlar, onun da əleyhinəyəm”.

“Ermənilər harada var, orada məktəb açırlar”

Ş.Əsgərov qeyd etdi ki, bu, problem sosioloji bir problemdir: “Yaxşı olar ki, bu, araşdırılsın. Bizim hörmətli Elmlər Akademiyamız, onun institutları, orada sosioloji şöbələr var, onlar bunu analiz etməlidir. Bunu elə-belə münəccimlik eləyib demək çətindir. Burada yerli əhalinin, yəni Gürcüstan azərbaycanlılarının da qüsuru var. Niyə onlar başa düşmür ki, övladlarını oxutsalar yaxşıdır. Məgər bunlar bunu anlamırlar?! Ermənilər harada var, orada məktəb açırlar. İranda məktəb açır? Açır. Gürcüstanda açır? Açır. Özündə açır? Açır. Rus məktəblərini bağlayır? Bağlayır. Bunun hamısı siyasətdir də. Bu siyasətin bir qüsurunu axtarın, tapın”.

“Əgər zorakılıqla, istismar məqsədi ilə edirsə, biz etiraz eləməliyik”

“Azərbyacanlılar neyləsinlər, Gürcüstanda məktəbləri bağlayırlar, yaxud qalan məktəbləri də gürcüləşdiririlər” dedikdə Şahlar Əsgər belə dedi: “Tədqiqat aparmaq lazımdır. Rəqəmlər hər şeyi daha düzgün deyir. Əgər elə edirlərsə, doğru deyil. Amma gürcülərlə bizim aramızda ticarət dövriyyəsi, siyasi əlaqə var. Bu məsələni qaldırıb, niyə uyğun siyasi səviyyədə həll olunmur? Ona görə, mən deyirəm ki, siyasi səviyyədə həll olunmalıdr. Əgər zorakılıqla, istismar məqsədi ilə edirsə, biz etiraz eləməliyik. Yoxsa azərbaycanlılar uşaqlarını oxutmursa, gürcü düz edib, bağlayır. Bu, cürbəcür səbəblərdən ola bilər. Ona görə, tədiqaqat aparmaq lazımdır. Siz jurnalist tədqiqatı aparın. Nə olar bir həftəlik sizi ora ezam etsinlər, gedin kəndbəkənd gəzin, araşdırın, sonra gəlin, məqalə yazın. Hələ mən görməmişəm ki, bizim jurnalistlər bir analtik yazı yazsın. Elə ancaq epizodik sözlər deyirik. Bu, mənim özümə də aiddir. Epizodik olmaz, araşdırma olmalıdır. İndi Gürcüstan məktəbləri ilə bağlı bir analitik yazı olsaydı, onda şübhəsiz ki, mən onu oxuyardım, oxuyandan sonra da öz etirazımı və təhlillərimi bildirə bilərdim. İndi siz telefonla zəng etmisiniz, mən də cavab verirəm, indi bilmirəm bu, nə dərəcədə düzdür”.

“Gürcüstanla dostluq qrupu bu məsələləri analiz etməlidir”

Ş. Əsgərov nəzərə çadtırdı ki, parlamentdə Gürcüstanla dostluq qrupu var: “Dostluq qrupu bu məsələləri analiz etməlidir. Dostluq qrupu görəndə ki, məsələ çox ciddidir, Prezident Administrasiyasında Təhsil şöbəsi var, onunla işləməlidir, nazirliklə işləməli deyil. Həmin şöbə isə cənab prezidentə məlumat verməlidir ki, vəziyyət belədir. Bu, çox ciddi məsələdir. Bunu həll etmək lazımdır. Amma bunu mənimlə yox, parlamentdə olan dostluq qrupu ilə danışın. Gürcüstanda bayrama gediriksə, belə şeyə də getməliyik, baxmalıyıq. Orada gedib deməliyik ki, Azərbaycan məktəblərin bağlanmasına etiraz edir. Ticarəti azaltsın, onların kilsəsinə qaz verməsin, desələr, niyə vermirsən, denən məktəblərimizi bağlayırlar”.

“Ermənistan tərəfi Gürcüstandakı məktəblərin fəaliyyətini xüsusi nəzarətə götürür”

Картинки по запросу təhsil Kamran Əsədov

Təhsil eksperti Kamran Əsədov isə xatırlatdı ki, Gürcüstanda yaşayan azərbaycanlılar kifayət qədər saya malikdir: “Hətta qeyri-rəsmi rəqəmlərə görə, Gürcüstanda 500 min azərbaycanlı yaşayır. Təəssüf ki, hər il azərbaycanlı məktəblərin sayında kəskin azalma var. Təbii ki, erməni məktəblərinin artması Gürcüstan hökumətinin tələbi deyil və yaxud da Gürcüstanda baş verən proseslərlə bağlı deyil. Bu, ona görə baş verir ki, Ermənistan tərəfi Gürcüstandakı məktəblərin fəaliyyətini xüsusi nəzarətə götürür. Hətta Gürcüstanda yaşayan öz soydaşlarını öz ölkələrində işlə təminatına da üstünlük verirlər. Yəni bu, dövlət tərəfindən həyata keçirilən bir prosesdir. Ancaq Gürcüstan özü tələb edir ki, əgər bütün vətəndaşlar dövlət orqanlarında işləmək istəyirlərsə, onlar gürcü dilini də bilməlidirlər, amma Azərbaycan dilində təhsil alan şəxslər sonradan gürcü dilində işə qəbulda ciddi problem yaşayırlar. Biz bununla bağlı keçən oktyabrın 3-də Beynəlxalq Mətbuat Mərkəzində tədbir keçirmişdik ki, Gürcüstanda Azərbaycandilli məktəblərin sayı, müəllimlərin sayı kəksin şəkildə azalmışdır. Hətta bununla bağlı statistik məlumatları əks etdirən geniş məlumatlarımız var idi. Gürcüstanın Təhsil, Elm və Mədəniyyət Nazirliyi var, onların da bununla bağlı fikirləri var idi. Təəssüflər olsun ki, Azərbaycandilli məktəblərdə kadr problemi var, sayın azalmağı bununla bağlıdır”.

“Biz Gürcüstan azərbaycanlılarına xarici vətəndaş kimi yanaşırıq”

K. Əsədov məsələni həll etməyin yolunu açıqladı: “Gürcüstanda təkcə ermənidilli orta məktəblər yox, eyni zamanda universitetlərdə fakultələr var, amma azərbaycanlı kadrların hazırlandığı bir fakultə var idi, o da ləğv olunub, 2006/2007-ci tədris ilindən etibarən yoxdur. Dediyim kimi, Gürcüstandakı Azərbaycan məktəblərində ciddi şəkildə kadr problemi var. Azərbaycan dilində ixtisaslı müəllim çatışmazlığı var. İxtisaslı müəllim olmadığına görə, dövlət təbii ki, universitetləri bağlayır. Təbii ki, bu, Gürcüstanın daxili işidir. Biz nə edə bilərik? Biz kadr hazırlığını həyata keçirə bilmərik. Amma Azərbaycanda fəaliyyət göstərən universitetlərə Gürcüstandakı soydaşlarımızı imtahansız və yaxud az bal ilə qəbul etməliyik. Biz neynirik? Onlara xarici vətəndaş kimi yanaşırıq. Onları yalnız ödənişli ixtisaslara qəbul edirik. Onlar da azərbaycanlıdırlar. Onlarla bizim tarxi soykök birliyimiz var. Ona görə də Azərbaycan hökuməti oradakı məktəblərin kadr problemini həll etməkdən ötrü burada Pedoqoji Universitetlərə Gürcüstandakı soydaşlarımızı imtahansız qəbul etməli və ora göndərməlidir. Bu zaman həmin universitetlərin, orta məktəblərin fəaliyyəti davamlı olacaq. Bu gün Borçalıya getsəniz görəcəksiniz ki, məktəblər var, amma müəllim yoxdur. Müəllimlərin pensiya yaşı keçib, amma onlar işləyirlər. Çünki ora yeni nəsil gəlimir. Ona görə, yeni nəsil gəlmir ki, Gürcüstanda bunu həyata keçirə biləcək universitetlər yoxdur. Bəzən deyirlər ki, Gürücüstanda Azərbaycan dilində universitet açaq. Bu, kimin layihəsidir? Amma Gürcüstandakı universitetlərin nəzdində ən azından Azərbaycandilli ehtiyac olan kadrlar üzrə fakultələr açmaq olar. Məsələn, Gürcüstan Dövlət Universitetində və yaxud digər universitetdə Azərbaycan Dili fakültəsi açmaq olar. Və yaxud dediyim kimi, buradakı unversitetlərdə həmin məktəblər üçün kadrlar hazırlayıb, göndərməlidir. Təəssüf ki, Ermənistan Gürcüstanla bağlı belə edir. Oradakı gəncləri öz ölkəsinə qəbul edir, hazırlaşdırır və yenidən Gürcüstana göndərir. Amma biz bunu edə bilmirik. Yəni problemin yeganə çıxış yolu Gürcüstandakı azərbaycanlıları Azərbaycandakı universitetlərə qəbul edib, hazırlayıb geri qaytarmaqdır”.

“Azərbyacan hökuməti birmənalı şəkildə mövqeyini ortaya qoymalıdır”

K.Əsədov qeyd etdi ki, Azərbaycanda da az saylı xalqlar yaşayır: “Biz dövlət olaraq neynirik? Zaqatalada gürcü dilində məktəblər var. Biz orada Azərbaycan dilində də dərslər keçirik. Eyni zamanda həmin dövlətlərin öz dilini də tədrisə daxil etmişik. Sadəcə olaraq Gürcüstan hökuməti yüzə yaxın Azərbaycan məktəbinə ibtidai sinifdə gürcü dilində müəllim göndərmir. Bizim uşaqlar da ona görə gürcü dilini bilmirlər. Proses belə həll olunmalıdır ki, həmin məktəblərdə hər bir xalqın öz dilində tədrisi həyata keçirilməlidir. Bir də həmin dövlət dili tədris olunmalıdır. Təəssüf ki, Gürcüstan hökuməti buna maliyyə ayırmır. Yəni oradakı Azərbaycan dilli məktəblərə gürcü dilində tədris apara biləcək müəllimlər göndərilmir. Bu da olmaz. Bunu biz özümüz eləməliyik. Biz təkcə gözləməyək ki, onu Gürücüstan hökuməti eləsin. Hesab edirəm ki, Azərbaycan hökuməti də, xüsusilə Diasporla İş üzrə Dövlət Komitəsi, Xarici İşlər Nazirliyi və Təhsil Nazirliyi burada maraqlı olmalıdır ki, onlar bizim gənclərimizdir. Gürcüstan hökuməti deyir ki, mütləq şəkildə bizdə işləmək üçün bizim dilimizi bilməlidirlər. Amma bilirlərmi? Məsələnin o tərəfi var ki, bilmirlər. Bu, işə qəbul prosesində ciddi fəsad yaradır. Ona görə də problemdən çıxış yolu kimi biz özümüz kadr hazırlayıb, ora göndərməliyik. Baxın, biz neynirik? Azərbaycan Təhsil Nazirliyi Gürcüstandakı məktəblər üçün Azərbaycan dilində dərsliklər göndərir. Yaxşı olar ki, onlara kömək edə biləcək vəsaitləri də biz göndərək. O zaman problemi kökündən həll etmək mümkündür. Bunun üçün Azərbyacan hökuməti birmənalı şəkildə mövqeyini ortaya qoymalıdır və kadr, resurs hazırlığını həyata keçirməlidir”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyev. Bakı, XX əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR