Gürcü ekspertlər: “Sərhəddə baş verən insidentin arxasında Gürcüstan və Azərbaycana dost olmayan qüvvələr…
“Sərhəddə baş verən son insident Gürcüstan və Azərbaycana dost olmayan müəyyən qüvvələrin münaqişəyə sövqetmə cəhdi kimi də nəzərdən keçirilə bilər”.
Bunu “Report”un yerli bürosuna açıqlamasında Gürcüstanın əməkdar jurnalisti, politoloq Badri Naçkebia bildirib.
Onun fikrincə, Gürcüstan-Azərbaycan dostluğu heç də hamının xoşuna gəlmir: “Bir çox tərəflər bu dostluq və qardaşlıq münasibətlərinin pisləşməsində maraqlıdırlar”.
Politoloq deyib ki, hər iki ölkənin sərhəd məsələsində ağır sovet irsi var: “Gürcülər və azərbaycanlılar dost və qardaşdırlar. Bu dostluq, qardaşlıq və strateji tərəfdaşlığı hər iki tərəf yüksək dəyərləndirməli və qorumalıdır. Hər iki ölkə sərhədlə bağlı danışıqlar prosesindən layiqincə çıxmalıdır. Həm Gürcüstan, həm də bəlkə Azərbaycan tərəfdə qardaşlıq və mehriban münasibətləri korlamağa çalışan tamahkar maraqlar güdən insanlar tapılar. Buna qətiyyən yol verməməliyik”.
B.Naçkebianın fikrincə, sərhəd məsələsində qarşılıqlı anlaşma tələb olunur: “Hər iki ölkə cəmiyyətlərinin qabaqcıl şəxslərinin üzərinə böyük iş düşür. Bu məsələdə dini məqam da mütləq nəzərə alınmalı və bu məqama çox ehtiyatla yanaşmaq lazımdır”.
Ekspert hesab edir ki, bu cür insindentlərin təkrarlanmasına yol verməmək üçün birgə komissiya yaradılmalıdır: “Anlaşılmazlıqların baş verməməsi üçün birgə monitorinq həyata keçirilə bilər. Bundan başqa, deputatlar və hörmətli şəxslərdən ibarət birgə komissiya yaradıla və bu formatda məsələ dostluq şəraitində nəzərdən keçirilə bilər”.
B.Naçkebia əlavə edib ki, Gürcüstan ictimaiyyəti baş verən insidentə din prizmasından baxmamalıdır: “Əgər hər hansı pozuntu olubsa belə, bu yalnız texniki xarakter daşıyıb. Azərbaycanlılar heç bir halda gürcülərə, xüsusən də onların dininə qarşı hörmətsizliyə yol verməz”.
Gürcü politoloq Badri Naçkebia
Azərbaycanlılar heç bir halda gürcülərə, xüsusən də onların dininə qarşı hörmətsizliyə yol verməz”.
Politoloq Gürcüstan və Azərbaycan arasında dostluq əlaqələrinin daha da inkişaf etdirilməsi istiqamətində əməkdaşlığın gücləndirilməsinə ehtiyacın olduğunu vurğulayıb: “Azərbaycanın mərhum Prezidenti Heydər Əliyevin əsasını qoyduğu sıx dostluq münasibətlərinin gücləndirilməsi istiqamətində yeni birgə layihə və proqramlar həyata keçirilməlidir. Bu sahədə müəyyən yumşalmalara yol verilib. Ümid edirəm ki, hər iki ölkə rəhbərliyi bu sahəyə böyük diqqət ayıracaq”.
Poltoloq Nikoloz Metreveli “Report”un Gürcüstan bürosuna məsələni şərh edərkən sərhəddə baş verən insidentdə müxalif Vahid Milli Hərəkat Partiyası və Rusiya izinin olduğunu bildirib: “Partiyanın tərəfdarı Davit Katsarava və digərləri həmin təxribatda iştirak ediblər. Əlbəttə ki, Rusiya da sabitliyin pozulmasında maraqlıdır”.
Ekspert bildirib ki, qardaş ölkələr olan Gürcüstan və Azərbaycan arasında real olaraq heç bir problem yoxdur: “Sərhədin delimitasiyası üzrə birgə komissiya fəaliyyət göstərir. Hər iki ölkə arasında yüksək səviyyədə kommunikasiya var. Hesab edirəm ki, məsələ tezliklə həll olunacaq”.
Gürcü politoloq Nikoloz Metreveli
"Qardaş ölkələr olan Gürcüstan və Azərbaycan arasında real olaraq heç bir problem yoxdur"
Politoloq Gürcüstanın Leyboristlər Partiyası və onun lideri Şalva Natelaşvilinin tez-tez Azərbaycan əleyhinə çıxışlara yol verdiyini deyib: “Leyboristlər böhtan və iftiralara yol verirlər. Partiya hətta ötən gün Avropa İnsan Hüquqları Məhkəməsinin “Rustavi 2” ilə bağlı Gürcüstan hökumətinin lehinə qərarında Azərbaycanı da günahlandırıb. Onların liderlərindən biri Giorgi Kukava deyib ki, məhkəmədə hakimlərdən biri azərbaycanlı olub və o, Gürcüstan hakimiyyətini dəstəkləyib. Buna görə də Gürcüstan Keşikçidağı Azərbaycana verməyə hazırlaşır. Bu partiya çirkin və dövlət əleyhinə fəaliyyətlə məğuldur. Bu cür siyasətçiləri əhəmiyyətsiz və avanturist adlandırıram. Onlar Gürcüstan-Azərbaycan münasibətlərinin inkişafına mane olmağa çalışırlar”.
N.Metreveli sərhəddə gürcülərin dini hisslərinin təhqir olunması ilə bağlı yayılan bəzi məlumatların həqiqətəuyğun olmadığını bildirib: “Təxribatda maraqlı olanlar dini zəmində təhqirə yol verildiyini iddia edirlər. Lakin orada heç bir təhqir olmayıb”.
Ekspertin fikrincə, həm Gürcüstan, həm də Azərbaycan ictimaiyyətinin sərhəd məsələsi ilə bağlı danışıqlar barədə məlumatlandırılması çox vacibdir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət