Göz daxilində hərəkət edən nanorobotlar yaradılıb
Beynəlxalq tədqiqatçılar qrupu insan gözü daxilində toxumaları zədələmədən hərəkət edə bilən maqnit nanorobotlar hazırlayıb.
“ICTnews” Elektron Xəbər Xidməti “Naukatv” resursuna istinadən yazır ki, Ştutqartın (Almaniya) Maks Plank Cəmiyyətinin İntellektual Sistemlər İnstitutunun tədqiqatçıları beynəlxalq alimlər qrupu ilə birgə ilk dəfə insan gözünün sıx toxumalarını təhlükəsiz deşərək daxilə nüfuz edə bilən propeller tipli nanorobotlar icad ediblər. Silisium-dioksidi və nikel ərintisi ilə örtülən robotların eni 500 nanometr təşkil edir ki, bu da onlara gözün şüşəyəbənzər cisminin (Corpus vitreum) molekulyar matrisasına sıx şəkildə düzülməyə imkan verir. Onların burğusu insan saçının diametrindən 200 dəfə kiçikdir, forma və sürüşkən örtük isə nanorobotlara göz bəbəyində həssas toxumaları zədələmədən maneəsiz hərəkət etməyə imkan verir.
Məlumata görə, robotların idarəetməsi maqnit sahəsi vasitəsilə həyata keçirilir. Bu, alimlərin nanorobotları sıx toxumalar içindən idarə etdiyi ilk hadisədir. İndiyədək bu, yalnız model sistemlərində və ya bioloji mayelərdə mümkün olub. Tədqiqatçılar ümid edir ki, gələcəkdə nanorobotlar dərmanları və ya terapevtik maddələri bilavasitə orqanizmin ehtiyac duyduğu toxuma və hüceyrələrinə çatdıra biləcəklər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət