Göygöl Milli Parkının əməkdaşları Gəncənin ümumtəhsil məktəblərində ekoloji maarifləndirmə tədbirlərinə…
Yeni dərs ilindən etibarən Göygöl Milli Parkının əməkdaşları Gəncə şəhərinin ümumtəhsil məktəblərində yuxarı sinif şagirdləri üçün ekoloji maarifləndirmə tədbirlərinə başlayacaq.
Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Göygöl Milli Parkının elmi işlər, ekoloji maarifləndirmə və ekoturizm üzrə direktor müavini Fuad Quliyev məlumat verib.
Fuad Quliyev deyib ki, məktəblərdə seminar şəklində təşkil olunacaq tədbirlərin keçirilməsində məqsəd şagirdləri istər Göygöl Milli Parkında, istərsə də digər milli parklardakı davranış qaydaları haqqında məlumatlandırmaqdır.
“Son 10 ildə Göygöl Milli Parkının əməkdaşları tərəfindən milli parkın bufer zonalarında yerləşən kəndlərdə aparılan mütəmadi məlumatlandırıcı tədbirlər nəticəsində sakinlərin təbiətə mövqeyi müsbətə doğru tamamilə dəyişib. Artıq yaxın kəndlərin əhalisi təbiəti mühafizə işlərində əməkdaşlarımıza kömək etmək istəyirlər. Sakinlər arasında apardığımız maarifləndirici tədbirləri indi daha da təkmilləşdirmək və məktəblərdə həyata keçirmək istəyirik. Çünki Göygöl Milli Parkına ekskursiya edən məktəblilərin ərazidə ucadan danışması, təyin olunmuş marşrutdan kənara çıxması, ilk dəfə gördükləri və xoşlarına gələn bitkilərin çiçəklərini, meyvəsini, toxumunu toplaması, meşənin dərinliklərinə getməsi, hündür və uçqun təhlükəli yerlərə, yaxud iri qaya parçalarının üzərinə çıxmağa cəhd etməsi müşahidə olunur. Yeniyetmələrin bu cür hərəkətləri təbiəti daha yaxından müşahidə etmək istəyi ilə bağlı olsa da, həmin hərəkətlər milli park ərazisində yolverilməz və insan həyatı üçün təhlükəlidir. Təbii ki, milli parka gələn bütün yerli və xarici turistlər kimi, məktəblilərin də hər bir hərəkəti parkın əməkdaşları tərəfindən müşahidə olunur və zəruri hallarda müdaxilə edilir. Bununla belə biz istəyirik ki, ölkə vətəndaşları arasında məktəb yaşlarından başlayaraq ekoloji maarifləndirmə işini təşkil edək, onlara ətraf mühitlə harmoniyada yaşamağın faydasını, təbiəti sevməyi və qorumağın zəruriliyini izah edək”, – deyə F.Quliyev qeyd edib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət